07:42 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
CƏMİYYƏT
Qısa URL
78 0 0

"Polad Həşimovun ölümündən sonra idi, onu yuxuda gördüm, gülümsəyirdi. Hamı kimi mən də onun ölümündən təsirlənmişdim" - Ağa Mehdi.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Şəhidlər ölməz deyirlər. 30 ildən sonra Qarabağın işğaldan azad olunmasında iyul hadisələrinin - dirilişimizin, oyanışımızın, həmrəyliyimizin başlanğıcının böyük rolu oldu. Torpağa tökülən qanla tariximiz, şanlı qələbəmiz - 9 noyabr - təqvimimizə qızıl rəqəmlərlə yazıldı.

Hər şey ondan - Polad Həşimovdan başladı. Ölümü ilə milyonların qəlbində, onu tanımayanların belə xatirəsində dərin iz buraxdı. Artıq kiçikdən-böyüyə hər kəsin tanıdığı simalardan birinə çevrildi, bizə azərbaycanlı olmağımızın qürurunu bir daha yaşatdı. 

Bu gün mərhum generalın adına müxtəlif layihələr icra olunur ki, onlardan böyük maraqla qarşılananlardan biri də ideya müəllifi Ağa Mehdi ilə gənc rəssam Elnur Şirinovun birgə layihəsidir. Polad Həşimov və digər qəhrəmanlarımızın unudulmaması, xüsusən də uşaqlarda, məktəblilərdə əvəzolunmaz iz, xatirə qoyması, onlara bir ideal olaraq təqdim olunması üçün ikilinin həyata keçirdiyi bu layihə sosial şəbəkələrdə rezonans doğurub.

Bundan öncə "Avropaya velosipedlə səyahət", "Məhəllə kitabxanası" kimi qeyri-adi, kreativ ideyaların müəllifi olan Ağa Mehdi iyul hadisələrindən çox təsirlənərək Biləcəridə yaşadığı məhəllənin divarlarını öz hesabına təmir etdirir. Daha sonra rəssam Elnur Şirinova bu divarlarda qəhrəmanlarımızın portretlərinin əks olunması üçün təklif verir. Portretlərin çəkilməsinədək Ağa Mehdinin şəxsi vəsaiti hesabına məhəllənin bir hissəsi təmir olunur. Beləcə ruhsuz, bir zaman heç bir məna ifadə etməyən divarlar həyatı, ölümü ilə tarix yazan Polad Həşimov və digər qəhrəmanların rəsmlərinin çəkilməsi üçün hazır vəziyyətə gətirilir.

Sputnik Azərbaycan Biləcəridə Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirildiyi məhəlləyə baş çəkib. 

© Sputnik / Nigar Iskanderova
Layihənin ideya müəllifi Ağa Mehdi (sağda) və Elnur Şirinov

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecini bitirən gənc rəssam Elnur Şirinov Ağa Mehdinin təklifini böyük məmuniyyətlə qəbul etdiyini deyir:

"Təklifi qəbul edərkən nə qədər böyük bir işin altına girdiyimi anladım, öncə bir qədər qorxdum. Ağa iyul hadisələrindən çox təsirləndiyini və Azərbaycan tarixində iz buraxan qəhrəmanlarımızın, o cümlədən Polad Həşimovun rəsminin divarda əbədiləşdirilməsini istədiyini dedi. Çətin olacağını düşünsəm də, "bacaracağam" deyib bu məsuliyyəti üzərimə götürdüm".

"Sentyabrdan portretləri çəkməyə başladım. Açıq hava olduğu üçün bəzən çox isti, bəzən çox soyuq olmasının işimə heç bir maneəsi olmadı. Ümumilikdə dörd qəhrəmanımızın divarda rəsmini çəkmək iki həftə zaman aldı. Prosesə hazırlıq isə daha uzun çəkdi. Çünki rəsmin divarda əksi üçün onun hazırlanması, yağışa, suya, qara davamlılığı önəmli idi", - deyə o əlavə edib. 

Boyaların suyadavamlı olduğunu deyən rəssam ilk olaraq Polad Həşimovun portretini çəkir: "Generalın rəsminin gözəl alınması, böyük marağa səbəb olması isə mənə digər rəsmləri çəkmək üçün motivasiya verdi. Polad Həşimovun portretini çəkərkən uşaqlar yaxınlaşaraq suallar verir, onun haqqında məndən məlumat alırdılar, onlarla söhbətləşirdim. Bundan sonra kimin rəsmini çəkəcəyimlə maraqlanırdılar. Biz bunları elə onlar üçün edirdik".

Son iki ildir ki, müxtəlif divar rəsmlərinin müəllifi olsa da, Elnur Şirinov ilk dəfə idi ki, qəhrəmanlarımızın divarda portretini çəkirdi: "İlk divar rəsmini dostum Xəyal Səmədovun təklifi əsasında çəkmişdim. Bu rəsmlər xüsusi müəssisələrin divarlarında əksini tapmışdı. Məsələn, restoran, xəstəxanaların divarlarında da belə rəsmlər çəkmişdim. Şəhidlərimizlə bağlı gələcəkdə də Ağa Mehdi ilə birgə bu layihəni davam etdirməyi düşünürük. Onun davamı kimi Qarabağda da qəhrəmanlarımızın rəsmlərinin divarlarda çəkilməsini planlaşdırıram".

İdeya müəllifi Ağa Mehdi II Qarabağ müharibəsində iştirak etməzdən öncə bu ideyanı gerçəkləşdirməyə başlayır:

"Polad Həşimovun ölümündən sonra idi, onu yuxuda gördüm, gülümsəyirdi. Hamı kimi mən də onun ölümündən təsirlənmişdim. Xatirəsini əbədiləşdirmək, elə məhəlləmizin öz daxilində körpə və gənclərin qəlbində Poladın, eləcə də digər qəhrəmanlarımızın adını dastana döndərmək üçün belə bir ideyanı reallaşdırmağı düşündüm".
© Sputnik / Nigar Iskanderova
Bakının Biləcəri rayonunda qəhramanlarımızın xatirəsinin əbədiləşdirildiyi məhəllə

Ağa Mehdinin bunadək həyata keçirdiyi layihələr arasında mahiyyət, məzmun etibarı ilə ən böyüyü olan rəsmlər məhəllə uşaqları, azyaşlılar tərəfindən böyük maraqla qarşılanır. Elə biz də orada olarkən bunun şahidi olduq.

Artıq bu məhəllədə dünən, bu gün, sabah dünyaya göz açacaq körpələr üçün Polad, Mübariz adları qəhrəman, böyük şəxsiyyət demək olacaq. 

Ağa Mehdi deyir ki, bu layihəni reallaşdırmaqda məqsəd gənc nəslə əcnəbi filmlərin aktyorlarını deyil, qəhrəmancasına vuruşaraq həlak olan, düşmən gülləsinə tuş gələn oğullarımızı, kişilərimizi qəhrəman olaraq tanıtmaqdır:

"Müxtəlif məhəllələrdə divarların üzərində rəsmlər görmüşük. Amma bizim məhəllə artıq qəhrəmanlarımızın rəsmləri ilə digərlərindən məhz "Şəhidlər məhəlləsi" olmaqla fərqlənir. Xalq heç zaman şəhidlərini unutmur, onları qiymətləndirir və hər zaman da qiymətləndirəcək. Düşünürəm ki, yetişməkdə olan nəslin formalaşmasında bu və bu kimi addımların atılmasının mühüm rolu olacaq. İstəyirik ki, uşaqlar, yeniyetmələr hər gün filmlərdə gördükləri aktyorları deyil, öz xalqının sadə nümayəndələrini özlərinə qəhrəman olaraq görsünlər".

İdeya müəllifi deyir ki, bu layihəni davam etdirmək istəyir: "Biz bu layihəni könüllü olaraq həyata keçirdik, maddi yardım olarsa, layihəni daha da genişləndirəcəyik". 

Bura - Biləcəri qəsəbəsi, Yəhya Hüseynov, döngə 5 ünvanı - hər kəsin ziyarətgahına çevrilib. Beləcə, biz də üzümüzə gülümsəyən qəhrəmanımız Polad Həşimov və digər igidlərimizlə "görüşdən" xoş təəssüratla ayrıldıq.

Əsas mövzular