22:35 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
22 0 0

Pandemiya ilə bağlı xəbərləri necə işıqlandırmaq lazımdır ki, oxucular üçün yalnız maraqlı deyil, həm də faydalı olsun. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinarda bu barədə danışılıb.

 

BAKI, 19 fevral — Sputnik. Artıq COVID-19 mövzusu əksər jurnalistlər üçün adiləşib. Bəs pandemiya ilə bağlı xəbərləri necə işıqlandırmaq lazımdır ki, oxucular üçün yalnız maraqlı deyil, həm də faydalı olsun.

SputnikPro maarifləndirmə layihəsi çərçivəsində təşkil olunan növbəti vebinarda bu barədə danışılıb. Cümə günü, fevral ayının 19-da keçirilən onlayn sessiya "COVID haqqında necə yazmalı, xəbər məcrası, səhvlər, mövzular" mövzusuna həsr olunub.

Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyev olub.

© Sputnik
Oleq Dmitriyev

O.Dmitriyev "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbərinin vəzifəsini icra edib.

Vebinarda spiker jurnalistlərin COVID-19-la bağlı xəbərləri işıqlandırdıqları vaxt yol verə biləcəkləri səhvlərə toxunub, eləcə də qeyd edib ki, pandemiya ilə bağlı hekayələri yalnız qələmə almaq deyil, həm də vizuallaşdırmaq lazımdır.

"Jurnalistlər yalnız humanitar sahənin adamları deyil, biz saymağı da, təsvir etməyi də bacarmalıyıq. Qrafik üsullarla da xeyli sayda informasiya çatdırmaq mümkündür", – deyə Dmitriyev bildirib.

Spiker onu da qeyd edib ki, pandemiya vaxtı KİV-də koronavirusla bağlı xeyli sayda feyk xəbər də yer alıb. "Belə informasiya həddən artıq çoxdur və bu heç də təəccüblü deyil. COVID kimi çətin mövzudan baş çıxartmaq asan iş deyil, amma vacibdir. Əgər jurnalist hansısa nüansı gözdən qaçırsa, məqalə səhih alınmayacaq, amma əlbəttə ki, bu, jurnalistin feyk xəbər hazırlaması demək deyil", – deyə Dmitriyev qeyd edib. Spiker onu da xatırladıb ki, istənilən sahədən, o cümlədən, koronavirusla bağlı məqalə hazırlayan vaxt şərhləri məhz həmin sahənin mütəxəssisindən almaq vacibdir.

Dmitriyev əksər KİV-lərin adi statistik məlumatları yaymaqla kifayətləndiyini bildirib. "Yazılarda dinamika çatışmır. Oxucuya quru rəqəmlər deyil, dinamika lazımdır. Məsələn, yoluxmuş insanların sayı verilir. Bəs bu statistika artıb, yoxsa azalıb? Ötən aylarla müqayisədə nə baş verir? Son iki-üç ayda vəziyyət necə dəyişib? Dinamika necə inkişaf edir? Oxucuya vəziyyətin yaxşılığa doğru getdiyini və ya pisləşdiyini bilmək maraqlıdır", – deyə o qeyd edib.

Dmitriyev vurğulayıb ki, müasir dünyada jurnalistlər üçün riyaziyyat çox vacibdir.

"Qrafiklər, rəqəmlər çoxdur, jurnalist bütün bunlardan baş çıxartmalıdır. Özü də elə yaxşı baş çıxartmalıdır ki, sonra oxuculara bu mürəkkəb məsələləri sadə dillə çatdıra bilsin", – bunu da Dmitriyev söyləyib.

Qeyd edək ki, SputnikPro – beynəlxalq xəbər agentliyi və Sputnik radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib. Pandemiyanın başlaması ilə əlaqədar layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılara eyni vaxtda açıq olan "SputnikPro onlayn mövsümü"nə start verib. Vebinar rejimində mütəxəssislər ən aktual mövzuları seçməyə çalışaraq jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür: https://www.facebook.com/SputnikProject/

Əsas mövzular