03:49 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
4510

Qəbələ sakinləri Vətən müharibəsində igidlik göstərərək şəhid olmuş 19 yaşlı gəncin uzun illər hörmətlə yad olunmasını istəyirlər.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Qəbələnin "Yeni məhəllə" adlanan yaşayış massivinin sakinləri 19 yaşlı şəhid Ağaşirin Babayevin xatirəsini əziz tutmaq üçün ibrətamiz addım atıblar. Sakinlərin təşəbbüsü ilə müvafiq ərazi təmizlənib və abadlaşdırılıb. Sonra isə bağda 60-dan artıq meyvə ağacı əkilib. Bağın yanında isə bulaq inşa edilib. Şəhidin müəllimi Hacı Şahmurov deyir ki, bağın salınmasında məqsəd şəhidin daim yaddaşlarda qalmasına nail olmaqdır.

"10 sot ərazidə öz təşəbbüsümüzlə bu cür yer düzəltməyə çalışmışıq. Məqsədimiz odur ki, buradan keçənlər, bulaqdan su içənlər şəhidi yad etsinlər. Bilsinlər ki, belə bir igidimiz olub. Çünki Ağaşirin hamımızın fəxridir".

Şəhidin əmisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı Mehrac Babayev bildirir ki, sakinlər hər şeyi öz hesablarına ediblər.

© Sputnik / Ibrahim Hashimov
Qəbələdə şəhid bulağı

"Mən də Qarabağda döyüşmüşəm. Bilirəm ki, 30 il pusqu quran düşmənlə Ağaşiringil necə çətinliklərlə döyüşüblər. Çünki ermənilər orada güclü istehkam qurmuşdular. Biz onunla fəxr edirik. Məhəllə sakinləri də onun adını əbədiləşdirmək üçün bağ saldılar, bulaq tikdilər. Biz də kömək eləmək istədik, razı olmadılar", – deyə Mehrac Babayev qeyd edib.

Şəhid Ağaşirinin atası Firuz Babayev də oğlu ilə qürür duyduğunu deyir. "Ağaşirin 3 bacının tək qardaşı idi. Həmişə danışanda deyirdi ki, hərbi hissədəyik, hər şey yaxşıdır. Döyüşdə olduğunu gizlədirdi. Sonuncu dəfə noyabrın 2-də günorta zəng edib. Dedi ki, 2-3 gün zəng eləməsəm, narahat olmayın. Ondan sonra daha zəng gəlmədi. Bir neçə gün sonra Xocavənddə şəhid olduğunu öyrəndik. Sakinlər də onun xatirəsinə belə bağ saldılar. Hamıya təşəkkür edirəm".

  • Hacı Şahmurov
    © Sputnik / Ibrahim Hashimov
  • Qəbələdə şəhid bulağı
    © Sputnik / Ibrahim Hashimov
  • Mehrac Babayev
    © Sputnik / Ibrahim Hashimov
  • Qəbələdə şəhid bulağı
    © Sputnik / Ibrahim Hashimov
1 / 4
© Sputnik / Ibrahim Hashimov
Hacı Şahmurov

Şəhidin anası Əsli Babayeva da oğlunun vətənpərvər insan olduğunu, bu səbəbdən də hamının hörmətini qazandığını deyib.

"Oğlum hərbi xidmətə sevinə-sevinə getdi. Bir ilin əsgəri idi. Hücum əmri verilən kimi o da döyüşlərə qatılıb. İdmanla məşğul olurdu, ən böyük arzusu Azərbaycan bayrağını başqa ölkələrdə ucaltmaq idi. Amma özü ən uca zirvəyə yüksəldi. Uşaqla uşaq, böyüklə böyük idi. Ona görə də hamının sevimlisi idi", – Əsli Babayeva vurğulayıb.

Sakinlər yaşadıqları bu məhəlləyə şəhid Ağaşirin Babayevin adının verilməsi üçün də Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət ediblər.

Əsas mövzular