19:34 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
18310

Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin şagirdinin anası: "Mənim üçün təhsildən əvvəl dinimdir. Mən etdiyim əməllərə görə öncə Allah qarşısında cavab verəcəyəm".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. "Məktəbə hicabla gələn şagirdin dərsdən qovulması ilə bağlı yayılan məlumatlar doğru deyil. Mən həmin şagirdin evinə gedərək onunla, valideynləri ilə görüşmüşəm".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktorunun hicabla məktəbə gələn şagirdləri dərsə buraxmadığı ilə bağlı yayılan məlumata münasibətində həmin şagirdin sinif rəhbəri Afaq Haqverdiyeva söyləyib. Onun sözlərinə görə, şagird məktəbdən qovulmayıb. Sadəcə olaraq ona məktəbə daxil olanda başını açmalı olduğu bildirilib:

"Bu şagird başını yeni bağlayıb. Biz ona izah etdik ki, məktəbə daxil olanda başını açsın, çıxandan sonra bağlasın. Həmin şagirdin məktəbdən qovulması barədə deyilənlər böhtandır. Mən onların ailəsində oldum. Uşaq mənə sarılaraq ağladı. Bildirdilər ki, bu barədə heç yerə şikayət etməyiblər".

A.Haqverdiyeva "hazırda şagirdin harada olduğu" ilə bağlı sualımıza cavabında bildirdi ki, bu söz-söhbət yayılandan 7-ci sinif şagirdi utandığından dərsə gəlmir.

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən məktəbdən hicab taxdığı üçün qovulduğu iddia edilən şagirdin valideyni Quliyeva İlhamə Balağa qızı isə bildirib ki, onun övladı məktəbə hicabla buraxılmasa, onu dərsə qoymayacaq:

"Mən heç kəsə bununla bağlı şikayət etməmişəm. Uzaq qohumum uşağın məktəbə hicabla buraxılmaması barədə şikayət edib. Mənim şikayət işlərindən başım çıxmır. Amma qızımı məktəbə hicabla buraxmasalar, uşaq məktəbə getməyəcək. Çünki mənim üçün təhsildən əvvəl dinimdir. Mən etdiyim əməllərə görə öncə Allah qarşısında cavab verəcəyəm. Əgər qızımı məktəbə hicabla buraxmasalar, məktəbə də getməyəcək".

İ.Quliyeva bildirib ki, onun özü də hicabdadır: "Mənim özümün də başı bağlıdır. Biz ailəliklə dindarıq".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla məktəbə gələn şagirdi məktəbdən qovub. Hazırda məktəbdə polis tərəfindən araşdırma aparılır.

Əsas mövzular