14:24 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
1246 0 0

Deputat: "Niyə bələdiyyə öz ərazisində gözəllik salonu, avtoyuma, çilingər sexi açmasın? Məktəb, xəstəxana tikmək çox vəsait tələb etsə də, kiçik xidmət sahələri yaratmaq axı o qədər də böyük maliyyə tələb etmir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Bələdiyyələrin fəaliyyətindəki nöqsanlar tez-tez qınaq obyektinə çevrilsə də, yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri davam edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə yer alan məlumata görə, Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Əvvəllər özündə  “torpaq satan” imici formalaşdıran bələdiyyələrin indi də qanunsuz əməllərini davam etdirməsi sözsüz ki, cəmiyyətdə bu institutlara qarşı inamı daha da azaldır. Sputnik Azərbaycan bələdiyyələri qanunsuz yollara əl atmağa vadar edən amillər, onların fəaliyyətsizliyinin səbəblərini araşdırıb.

Bələdiyyə üzrə ekspert Vüqar Tofiqli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyələrlə bağlı yayılan bu məlumatlar heç də bütün yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə aid edilməməlidir:

“Son vaxtlar 8-ə yaxın icra başçısı həbs olunub. Ölkəmizdə 70-ə qədər inzibati rayon var. Bələdiyyələrin sayı isə1606 təşkil edir. Onlardan çox cüzi hissəsinin əməllərində qanunsuzluqlar aşkarlanıb. Bu dəryada damla deməkdir. Burada da söhbət çox ciddi maliyyə maxinasiyalarından getmir. Əvvəlki illərlə müqayisədə bələdiyyələrdə çalışan vəzifəli şəxslərin əməllərində ciddi qanunsuzluqlar müşahidə olunmur. Külli miqdarda pul vəsaitinin mənimsənilməsi, zəbt etmə və sair cinayət hadisələri baş vermir”.

V.Tofiqli deyir ki, bələdiyyələrin fəaliyyətinin cəmiyyətdə hiss olunması elə cəmiyyətin özündən asılıdır.

 Ekspert hesab edir ki, vergini digər yığımları ödəmədən bələdiyyədən iş tələb etmək insafdan deyil:

“Qanunların icra prosesi ilə bağlı mexanizmlər tam hazırlanmayıb. Bu problemlər mütləq şəkildə aradan qaldırılmalıdır. Əvvəl qanunla bələdiyyənin ərazisində olan reklamların pulunu bələdiyyələr özləri yığırdı. Sonra qanunda dəyişiklik etdilər, Dövlət Reklam Agentliyi yaradıldı, reklam pullarını da bu qurum özü yığır. Bu gün reklam gəlirlərindən bələdiyyələrin büdcəsinə vəsait köçmür. Halbuki bu qurum yığdığı pulun 10 faizini bələdiyyənin büdcəsinə köçürməlidir. Amma 1 faizini keçirmirlər. Baxmayaraq ki, reklamın yerləşdirildiyi ərazi bələdiyyə mülkiyyətidir”.

Həmsöhbətimiz deyir ki, icra hakimiyyəti strukturu işçiləri ilə yanaşı, bələdiyyə əməkdaşlarının səlahiyyət bölgüsünü özündə ehtiva edən qanun qəbul edilməlidir:

“Bələdiyyəyə dəstək üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Amma bələdiyyə büdcəsinə yüksək səviyyədə vəsaitin daxil olması üçün işlər görülməyib. 2004-cü ildən avtomobilə görə əmlak vergisi ödənişləri Dövlət Yol Polisi İdarəsi tərəfindən yığılaraq hər ay bələdiyyələrin büdcəsinə keçirilirdi. Amma hazırda o vəsait dövlət büdcəsinə ödənilir. Avtomobil dayanacaqları ilə bağlı kifayət qədər böyük vəsait yığılırdı. Bələdiyyələr o vəsaitdən də məhrum oldular. Bələdiyyələrin büdcəsinin çox olması seçicinin probleminin həll olunmasına gətirib çıxarda bilər”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bələdiyyələrin fomalaşmasından 20 ilə yaxın vaxt keçir. Bu müddətədək bələdiyyələr müəyyən təcrübə əldə etməli idilər:

“1999-ci ilin dekabrın 12-də ilk bələdiyyə seçkiləri keçirilib. Bu, az vaxt deyil. Bu müddət ərzində bələdiyyələrlə bağlı mühüm qanun və əsasnamələr qəbul olunub. Bu sənədlər sözsüz ki, bələdiyyələrin fəaliyyətinin bilavasitə istiqamətləndirilməsinə xidmət edən hüquqi sənədlərdir. Digər tərəfdən bələdiyyələrin maliyyə bazasının yaradılması ilə əlaqədar əsaslı tədbirlər görülüb. Bələdiyyələrə hər il 5,2 milyon manat dotasiyalar, 1 milyondan artıq subvensiyalar verilir. Bələdiyyələrin özünün maliyyə əsasları var. Bələdiyyələr vergi toplamaqla, gəlirlərlə büdcəsinə vəsait cəlb edə bilər. Çox təəssüf ki, bələdiyyələr hələ bu imkanlardan yetərincə istifadə edə bilmirlər".

Deputat qeyd edib ki, bələdiyyələr qanunları yaxşı bilmədiklərinə, o tələblərin düzgün icra edilmədiyinə görə xətalara yol verirlər. Nəticədə hər il onlarla bələdiyyə sədri inzibati qaydada cəza alır. Bəziləri isə həbs olunur, işdən azad olunur, onlara etimadsızlıq göstərilir.

"Əlbəttə ki, bu, yaxşı hal deyil. Amma digər tərəfdən buna təbii baxmaq lazımdır. Çünki Azərbaycanda 1700-ə yaxın bələdiyyə var. Sözsüz ki, onların arasında güclüsü də olmalıdır, zəifi də. Bəzi bələdiyyələr var ki, onların gəliri, əmlakı yoxdur. Onlar möhür gəzdirməklə məşğuldurlar. Bu hallar əvvəllər daha çox idi. Çünki bələdiyyələrin o vaxt sayı çox idi. Bu bələdiyyələr özlərini doğrulda bilmədiyindən 2008-ci ildə mindən artıq bələdiyyə digərləri ilə birləşdi. Bugün də Azərbaycanda bələdiyyələrin sayı çoxdur”, - deyə Tahir Rzayev bildirib.

Deputat deyir ki, bələdiyyələr aktiv olmalı, iş görməlidir:

“Bu gün bələdiyyə-seçici əməkdaşlığı zəifdir. Çox təəssüf ki, seçicilər bələdiyyələrə inanmırlar. İkinci tərəfdən bələdiyyələrin özləri də seçicilərdən ödənişləri yığa bilmirlər. Bələdiyyənin fəaliyyətində seçicilər fəal iştirak etməli, hesabat tələb etməlidirlər. Bələdiyyə üzvü hər hansı xətaya yol verdikdə bunu seçicilər açıq şəkildə söyləməlidirlər. Bələdiyyələr öz hesabatını, seçicilər vergisini verməlidir. Bəzi insanlar hesab edirlər ki, bələdiyyə ərazinin yol, kanalizasiya və sair problemlərini aradan qaldırmalıdır. Amma vətəndaşların əksəriyyəti torpaq, əmlak vergisini vaxtında vermirsə, onda bələdiyyənin hansı fəaliyyətini görə bilərlər? Bələdiyyələr seçicilərlə ünsiyyətdə olmalıdırlar. Bələdiyyələr seçildikdən sonra seçicilərə üz çevirməməlidirlər”.

T.Rzayevin fikrincə, bütün qanunlar dövrün tələbi ilə müəyyən dəyişikliklərə məruz qalmalıdır, bələdiyyələrlə bağlı qanunlar da həmçinin:

“Bələdiyyələrlə bağlı 30-a yaxın müfəssəl qanun, yüzlərlə hüquqi normativ akt var ki, onların fəaliyyətinin istiqamətləndirilməsinə yönəldilib. Mütəmadi olaraq bələdiyyələrlə bağlı olan sənədlərlə bələdiyyələrə başqa səlahiyyətlər verilir. Buraya qəbiristanlıqların qorunması, bələdiyyələrin su təsərrüfatının yaradılması, məktəbdənkənar xidmət sahələrinin yaradılması, öz ərazilərində idman meydançalarının, istehsal sahələrinin yaradılması var. Niyə bələdiyyə öz ərazisində gözəllik salonu, avtoyuma, çilingər sexi açmasın? Məktəb, xəstəxana tikmək çox vəsait tələb etsə də, kiçik xidmət sahələri yaratmaq axı o qədər də böyük maliyyə tələb etmir. Bu gün elə bələdiyyələr var ki, layihələr həyata keçirərək bazarlar açır. Bu təcrübədən digər bələdiyyələr də istifadə edərək büdcələrinə cəlb edilən vəsaiti artıra bilərlər”.

Əsas mövzular