21:01 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
150821

"Hər dəfə belə dalğa kimi əməliyyatlar başlayır, ancaq ardınca daha böyük korrupsionerlər peyda olur"

Elvin Səlimov, Sputnik Azərbaycan 

BAKI, 11 fevral — Sputnik. Azərbaycanda vəzifəli şəxslərin qulluq mövqeyindən sui-istifadə etmə və korrupsiya ittihamları ilə həbsi prosesi davam edir. Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti sabiq nazir Səlim Müslümovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq məhkəmə qərarı ilə həbs edilməsi barədə məlumat yayıb. Sabiq nazirin ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Cəbiyev də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilərək Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub. Son iki ay ərzində yüksək vəzifə tutmuş şəxslərin korrupsiya ittihamı ilə həbs edilməsi cəmiyyətdə bu bəla ilə mübarizənin effektivliyi ilə bağlı geniş müzakirələrə yol açıb.

Bəs ölkəmizdə korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən həbslərə siyasi partiyaların münasibəti necədir?

Sputnik Azərbaycan mövzu ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının və Ağ Partiya sədri Tural Abbaslının fikirlərini öyrənib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sistemli xarakter daşıyır:

“Bu mübarizə tədbirlərini Prezident İlham Əliyevin həyata keçirdiyi dərin və genişmiqyaslı islahatların tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Azərbaycanın inkişafının buxovuna çevrilmiş, dövlətimizin daha da güclənməsinə mane olan korrupsiya ilə mübarizə ardıcıl şəkildə aparılmalıdır”.

Partiya sədri yaxın zamanda Azərbaycanda korrupsiya və rüşvətxorluğun səviyyəsinin aşağı düşəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda korrupsiya hətta sıfırlana da bilər.

Səlim Müslümov, arxiv şəkli
© Sputnik / Murad Orujov

"Amma unutmaq lazım deyil ki, dünyada korrupsiya elementləri olmayan ölkə yoxdur. Biz arzu edərdik ki, bu elementlər Azərbaycanda olmasın. Ancaq ölkə prezidentinin apardığı siyasətin ölkədə korrupsiyanın kökünün kəsilməsini təmin edəcəyinə inanıram”, - Ağamalı əlavə edib.

Ağ Partiya sədri Tural Abbaslı isə bildirir ki, korrupsiya ilə mübarizədə vəzifəli şəxslərin həbs edilməsi və işdən çıxarılması prosedur olaraq müsbət haldır. Lakin bu mübarizə göstəriş xarakterli olmamalıdır:

"Prosesin nəticəsi o olmalıdır ki, bu həbslər korrupsiyaya meyilli məmurlar üçün gözdağı olsun, qanunun işləkliyi, Azərbaycanın hüquqi dövlət olmasını anlasınlar. Biz müxtəlif vaxtlarda korrupsiya ilə mübarizə çərçivəsində həbslərin olduğunu görmüşük. Hər dəfə belə dalğa kimi əməliyyatlar başlayır, ancaq ardınca daha böyük korrupsionerlər peyda olur”.

Tural Abbaslı deyir ki, o, korrupsiya ilə mübarizə üçün aparılan əməliyyatların davam etdirilməsinin tərəfdarıdır: “Ümumi prosesə indidən nəsə qiymət vermək və yaxud da “mənasızdır” demək doğru deyil. Çünki faktiki olaraq atılan addımları görürük”.

Qeyd edək ki, ötən ay “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov və ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli də korrupsiya ittihamları ilə həbs ediliblər.

Əsas mövzular