07:31 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
27 0 0

"Azərbaycan kino sənəti tarixi" 4 cildliyi, İttifaqın Həsən Seyidbəylinin 100 illiyinə həsr olunmuş "Həsən Seyidbəyli: Şəxsiyyət və yaradıcı" kitabından sonra ikinci nəşrdir.

BAKI, 8 fevral — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan kino tarixində ilk dəfə 4 cildlik "Azərbaycan kino sənəti tarixi"ni nəşr edib. Sputnik Azərbaycan xəbər verir ki, nəşrin müəllifi yazar, kino tədqiqatçısı Nəriman Əbdülrəhmanlı kinomuzun 120 illik tarixini bütün təfərrüatları ilə araşdırıb.

Nəşrin layihə rəhbəri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov kitab haqda danışarkən qeyd edir: "Fundamental dördcildlik tədqiqatı Azərbaycan kinosunun yarandığı vaxtdan bugünədək formalaşma prosesini izləməyə imkan verir. Araşdırmanın faktoloji mənada zəngin olan mətni quruluş cəhətdən maraqlı dramaturgiyaya malikdir, tarixi prosesi müxtəlif rakurslardan – xronoloji, janr, tematik, konseptual və s. – nəzərdən keçirməyə imkan verir. O da vacibdir ki, kinomuzun tarixi, ayrı-ayrı dövrlərdə istehsal edilən filmlərin sayına, başlıcası isə ekran əsərlərinin məzmununa və bədii təcəssümünə əhəmiyyətli dərəcədə təsir göstərən genişmiqyaslı ictimai-siyasi proseslər kontekstində araşdırılıb".

© Sputnik / Shahperi Abbasova
"Azərbaycan kino sənəti tarixi" kitabı

Kinoşünas Sevda Sultanova kitabı kinomuzun inkişafı üçün mühüm nəşr sayır: "Kinomuz haqda belə hərtərəfli, fundamental, əhatəli təqdiqat ilk dəfədir ki, yayımlanır. Kitabın müəllifi, kinoaraşdırmaçısı Nəriman Əbdülrəhmanlı təkcə kinonun yaranma tarixini yox, istehsalat prosesini, sənətkar-məmur münasibətlərini, maddi-texniki baza, kinorpokatla bağlı məsələləri, həmçinin, yaradıcı prosesi bütünlüklə – rəssam işindən tutmuş musiqiyədək geniş spekteri əhatə edib".

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, kino tarixi, kino sənəti, kinoşünaslıq nəşrləri və dərslikləri sahəsində boşluğu nəzərə alaraq, kinomuz üçün vacib fəaliyyət istiqamətləri ilə yanaşı, ardıcıl olaraq kino nəşrləri ilə də məşğul olacaqlar. "Azərbaycan kino sənəti tarixi" 4 cildliyi, İttifaqın Həsən Seyidbəylinin 100 illiyinə həsr olunmuş "Həsən Seyidbəyli: Şəxsiyyət və yaradıcı" kitabından sonra ikinci nəşrdir. "Azərbaycan kino sənəti tarixi" Azərbaycan Cümhuriyyətinin 100, Azərbaycan kinosunun 120 illiyinə həsr olunub.

Əsas mövzular