QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentdən məmurlara eyham: "Bu təklifi desəm, mənim kimi Azərbaycan xalqı da güləcək"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев, фото из архива
Президент Ильхам Алиев, фото из архива  - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
"Mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun"

BAKI, 1 fevral — Sputnik. Prezident İlham Əliyev bəzi qurumların rəhbərlərini özbaşınalıqda ittiham edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında birinci xanım Mehriban Əliyeva ilə birlikdə iştirak edən Prezident Azərbaycan Televiziyasına müsahibə verib. Suallardan biri Mərkəzi Bankın sədrinin Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirməsi ilə bağlı olub. Məsələyə münasibət bildirən İlham Əliyev deyib:

"Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır.

Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri, nə bilim, başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır".

Председатель правления Центрального банка АР Эльман Рустамов - Sputnik Azərbaycan, 1920, 29.01.2021
İQTİSADİYYAT
Mərkəzi Bank dövlət büdcəsini "narahat etməyəcək"

Prezident qeyd edib ki, bu prosesdən sonra ziyanın qiymətləndirilməsi vacibdir: "Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur".

İlham Əliyev Şuşa şəhərinə xüsusi diqqət ayırdığını vurğulayıb: "Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır.

Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?"

Dövlət başçısı qeyd edib ki, bəzi qurumların təklifləri hətta rişxənd doğurur: "Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər.

Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Mətbuat mərkəzi
Qarabağda "ağıllı şəhər" və "ağıllı kənd" - bu necə olacaq?
 Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram.

Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu.

O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin".

Xəbər lenti
0