CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğlanlar evlənməyə qız tapmayacaqlar - Demoqrafik təhlükə

CC0 / Jeremy Wong / weddingToy, arxiv şəkli
Toy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, əgər hazırkı disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. “İlk hamiləliyimdə bətnimdəki uşağın oğlan olduğunu bilən həyat yoldaşım az qalırdı məni ovucunun içində saxlasın. Ürəyim nə istəyirdi alırdı. Tale elə gətirdi ki, uşaq 4 ayında bətnimdə inkişafdan qaldı. Məcbur olub uşağı abort etdirdik. İkinci dəfə hamilə qalanda uşağın cinsini öyrənmək üçün hər həftə qaynanam məni həkimə aparırdı. Yoldaşım deyirdi ki, oğlan olmasa, abort etdirərsən. Gecə-gündüz dua edirdim ki, bətnimdəki uşaq oğlan olsun. Həkim uşağın qız olduğunu deyəndə qaynanam tez yoldaşıma zəng elədi. O da dedi ki, uşağı elə orada götürdüb, evə gəlsin. Evimizdə buna görə çox söz-söhbət yarandı. Mən sağlam qız uşağını hamiləliyimin 12-ci həftəsində abort etdirdim”.

Новорожденный, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Demoqrafik balans yenə pozuldu - Oğlanlar...

Söhbətin bu yerində gözləri dolan Mahirə (adı şərtidir) hər dəfə başına gələn bu hadisəni yadına salanda bir ana kimi özünü günahkar hesab etdiyini deyir. Azərbaycanın rayonlarının birindən olan həmsöhbətimiz ailə qurub, Bakıya köçdükdən sonra iki oğlan uşağı dünyaya gətirib. Deyir ki, baldızı boşanıb ata evinə qayıtdığından yoldaşı qız uşağının doğulmasına qarşı olub...

Elə Dövlət Statistika Komitəsinin doğulan uşaqların cins nisbəti ilə bağlı yaydığı məlumat da cəmiyyətdə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox marağın olduğundan xəbər verir. Komitənin yaydığı xəbərə görə, 2020-ci ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda oğlan uşaqlarının doğulmasına olan maraq son illər qismən azalsa da, bu tendensiya davam edir: “Hələ əvvəlki illərlə müqayisədə ölkəmizdə qız uşaqlarının doğulmasına qarşı diskriminasiya azalıb.

Ümumiyyətlə, Azərbaycanda qız uşağı yük kimi qəbul olunur. Cəmiyyətdə qızların davranışlarına çox ciddi diqqət yetirilir. Onların qoyulan çərçivədən çıxması, azadlığı namussuzluq kimi qəbul olunur.

Bütün bunların nəticəsində cəmiyyətdə qız uşaqlarının doğulmasına qarşı mənfi fikirlər yaranır. Valideynlər hesab edirlər ki, bizim cəmiyyətdə qızın yükünü çəkmək çətindir. Bu da selektiv abortlara gətirib çıxarır. Səhiyyə Nazirliyinin təlimatlarına görə, dölün ana bətnində cinsinin deyilməsi, cinsə görə abort yolverilməzdir. Son illər həkimlər bu qaydaya əməl etməyə başlasalar da, bu məsələyə nəzarət gücləndirilməlidir. Eyni zamanda, doğulan qız uşaqlarının oğlan uşaqlarına nisbətdə azalmasının qarşısını almaq üçün qadınların cəmiyyətdə sosial müdafiəsini gücləndirmək lazımdır. Əks halda, bu əhalinin cins tərkibində disbalans yaradacaq. Oğlanlar evlənməyə qız tapmayacaqlar, qarışıq nikahlar artacaq”.

İnfoqrafika: Yenidən məktəbə - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Yenidən məktəbə: Bu il məktəbə gedəcək oğlanlar qızlardan yüz min çoxdur

Statistik rəqəmlərdən də görünür ki, doğulan uşaqlar arasında cins nisbəti illər üzrə dəyişib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib. 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib. Ümumiyyətlə, 1990-cı ildən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlan uşaqlarının doğulmasına maraq müxtəlif xalqlarda var. Amma dünyanın heç bir yerində selektiv abortlara icazə verilmir: “Ana bətnindəki dölün məhv edilməsinə tibbi göstəriş varsa, qadın məsləhətxanasının nəzdindəki həkim ekspertizası komissiyasından təsdiqləndikdən sonra icra oluna bilər. Amma hamiləliyin pozulmasına sosial göstərişlər də var. Hamiləliyin pozulması bu halda 12 həftəyədəkdir. Burada da bölünmələr var. Bunlar tibbi və sosial göstərişlərdir. Sosial göstərişlərdə hamiləliyin iri müddətində sonlandırılmasına icazə verilir. Əgər hamilə qadının həyat yoldaşı vəfat edibsə, əri cəzaçəkmə müəssisəsindədirsə, kişi yaxud qadının heç biri işləmirsə, ailədə uşaq sayı 5-dən çoxdursa, bu hallarda abort sosial göstəriş sayılır. Bu zaman hamiləlik 12 həftədən sonra da sonlandırıla bilər”.

S.Məmmədova deyir ki, “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsində selektiv abortların qarşısının alınması üçün dölün ana bətnində cinsinin təyin edilməsinin qadağan olunması təklif olunub: “Layihədə təklif olunub ki, ultrasəs müayinəsi (USM) zamanı uşaqların cinsi deyilməsin. Qanun təsdiqlənərsə, bu halların qarşısını almaq olar”.

Baş mama-ginekoloq bildirir ki, hamiləliyin 10-11 həftəsinə qədər cinsiyyət üzvlərinin formalaşması gedir. USM vasitəsilə 12 həftədən sonra dölün cinsini təyin etmək mümkündür: “Hamiləliyin erkən mərhələsində qandan və dölün hüceyrəsindən analiz götürməklə cinsi təyin etmək olur. Amma qeyri-invaziv yolla hamiləliyin 12 həftəsində dölün ultrasəs müayinəsi edərək cinsini müəyyən etmək olur. Biz bunu tibbi göstəriş olmadığı halda məhdudlaşdırmalıyıq”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, selektiv abortlara qadağa məsələsi Milli Məclisə təqdim olunan “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsinin iş planına salınıb. Onun sözlərinə görə, bunun üçün müvafiq təkliflər verilib: “Biz təbii balansı qorumağa çalışmalıyıq ki, sonradan cəmiyyətdə disbalans yaranmasın. Selektiv abort birmənalı olaraq qadağan olunmaldır!”

Bilik günü: məktəblilər və müəllimlər təbrik qəbul edirlər  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şagirdlər arasında oğlanlar qızları yüz min fərqlə üstələdi - Azərbaycanda

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-106 çərçivəsində olmalıdır. Son illər isə əhalinin gender balansı normal səviyyədən (100-107) qeyri-normal səviyyəyə (100-115) qalxıb: “Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər. Abortlar arasında selektiv abortların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv abortların payına düşür. Azərbaycanda 2000-2019-cu illərdə abortların sayı da 17 min 500-dən 37 min 300-ə qalxıb. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları aparılır.

Xəbər lenti
0