17:19 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
1180010

Sürücü bildirir ki, daş karxanalarında mişar daşının qiyməti 30-35 qəpiyədir. Ancaq mişar daşını karxanadan almaq, gətirmək və alıcı gözləmək uzun zaman aldığı üçün bu, daşın qiymətinə təsir edir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Bu gün daş bazarında alıcı olmasa da, qiymətlər artmaqda davam edir. Ötən dövrlə müqayisədə mişar daşının qiymətində 5-8 qəpik artım olub. Belə ki, daş karxanalarının olduğu ərazilərdən və daşın sərtliyindən asılı olaraq qiymətlər də 5-10 qəpik fərqlə satılır.

"KAMAZ" avtomobili sürücüsü Vilayət Məmmədovun sözlərinə görə, daşın qiyməti həm də daşınacağı yerlə müəyyənləşdirilir. Məsələn, Pirşağı daş bazarında daş Pirşağı, Kürdəxanı daxilində daşınırsa, mişar daşının ədədinin qiyməti 40-48 qəpik arasında dəyişir. Məsafə çoxdursa, bu zaman sürücülər daşın qiyməti ilə yanaşı, yol üçün pul da tələb edirlər.

Sürücü bildirir ki, daş karxanalarında mişar daşının qiyməti 30-35 qəpiyədir. Ancaq mişar daşını karxanadan almaq, gətirmək və alıcı gözləmək uzun zaman aldığı üçün bu daşın qiymətinə təsir edir.

Hazırda paytaxtın daş bazarlarında mişar daşının qiyməti 39-48 qəpik arasında dəyişir. V.Məmmədovun fikrincə, alıcılar daha çox nəmişliyə dözümlü olan Qızılqaya və Qaradağ mişar daşına üstünlük verir. Ancaq Türkan daşı da keyfiyyətli daşdır.

© Sputnik / Irade JELIL
Daş bazarı

Digər daş karxanalarının mişar daşı bir qədər ucuz satılır. Burada qəpik fərqindən söhbət gedir. Ancaq imkanı az olan şəxslər bu daşlardan alırlar. Sürücü qeyd edir ki, əgər pandemiya bir müddət də davam etsə, daşın qiyməti dəyişilməz olaraq qalacaq. Qazanca gəldikdə isə, V.Məmmədovun sözlərinə görə, hər maşından 50 manat qazanc güclə əldə etmək olur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daş çoxmərtəbli binaların tikintisi zamanı deyil, fərdi həyət evlərinin tikintisi zamanı istifadə edilir.

Ancaq pandemiya dövründə daş karxanalarının özündə sıxıntılar müşahidə edildi. İşçilərə icazələrin verilməməsi karxanalarda az məhsulun istehsal edilməsi ilə nəticələndi. Bu da daşın qiymətinin artmasına səbəb oldu.

Ekspertin fikrincə, hazırda tikinti materiallarının qiymətində bahalaşma müşahidə edildiyi üçün fərdi həyət evi tikdirmək çox çətindir:

"Fərdi həyət evinin tikintisi üçün rəsmi icazə almaq çox çətindir. Deyirlər ki, layihəni çək, təqdim et, icazəni al. Bu belə deyil. Vəziyyət deyildiyi qədər də sadə deyil".

E.Fərzəliyev qeyd edib ki, fərdi həyət evləri daha çox yay aylarında tikildiyi üçün yay aylarında tikinti materiallarının qiyməti ucuzlaşır. Hal-hazırda daşın qiymətinin artmasına səbəb isə tikintilərin olmaması, karxanaların az məhsul istehsal etməsi və yanacağın bahalaşmasıdır.

İqtisadçı Günel Hüseynovanın sözlərinə görə, pandemiya dövrü bütün sahələrin fəaliyyətini dayandırmasına səbəb olub. İş yerlərinin bağlanması, sərt karantin rejiminin tətbiq edilməsi fərdi həyət evlərinin tikintisinin də dayandırılması ilə nəticələnib. Bu fonda mişar daşının qiymətinin bahalaşması normaldır. Çünki tikintilərin sayı və daş kəsimi az olduğu üçün bu qiymətə təsir etməlidir. Digər tərəfdən yanacağın qiymətinin artması da müəyyən məhsulların daşınma qiymətinin artmasına səbəb olur.

Ötən il açıqlanan məlumata görə, hazırda Azərbaycanda 300-ə yaxın daş karxanası fəaliyyət göstərir. Əvvəllər bu rəqəm 800 olsa da, karxanalarda olan qanunauyğunsuzluqlar nəticəsində çoxunun faəliyyəti dayandırılıb.

Əsas mövzular