CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək?

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra 200-300 nəfəri bir məkana yığıb toy etməyə, mərasim evlərində yas mərasimləri keçirməyə lüzum qalmayacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Məşhur filmdə deyildiyi kimi, "xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var". Koronavirus pandemiyası yayılandan isə bir xeyli adətimiz, o cümlədən də toy və yas mərasimlərimiz adət olmaqdan çıxaraq cərimə bəhanəsinə çevrilib. COVID-19 əleyhinə vaksinasiya başlayandan toyların və yas mərasimlərinin pandemiya qaydalarına uyğun keçiriləcəyi barədə məlumatlar dolaşır. Bəs görəsən, postpandemiya dövründə toy və yas mərasimlərinin əvvəlki qaydadan fərqli keçirilməsi əhalinin ürəyincədirmi? Elə bu suala cavab tapmaq üçün Sputnik Azərbaycan paytaxt sakinləri arasında sorğu keçirib.

Tərlan Hacıyev adlı paytaxt sakini bildirib ki, pandemiyadan sonra toyların dəbdəbədən uzaq keçirilməsinin tərəfdarı deyil: "Toyun şən keçməsi üçün qohum-əqraba, dost-tanış toyda iştirak etməlidir. Əgər 50 nəfərlə toy olacaqsa, elə ondansa gedib kəbin kəsdirib evlənmək daha yaxşıdır".

© Sputnik / Zulfiyya GuluyevaHacıyev Tərlan
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
Hacıyev Tərlan

Əli Bayramov isə toyların sadə keçirilməli olduğunu düşünür. Onun fikrincə, əsas gənclərin xoşbəxtliyidir: "Toy iki gəncin ailə həyatı qurmasının qeyd edilməsidir. Bunun üçün 200 nəfərlik məclis keçirməyə ehtiyac yoxdur. Yaxın qohum-əqrabanın iştirakı ilə də yola vermək olar".

© Sputnik / Zulfiyya GuluyevaBayramov Əli
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
Bayramov Əli

Texniki Universitetin tələbəsi 21 yaşlı Sara Təhməzova isə dədə-baba qaydası ilə toy çalınmasa, böyük zalda bütün qohum-əqraba toplaşmasa, toy etməyin mənasız olduğunu düşünür: "Pandemiya, düşünürəm ki, müvəqqətidir. Toy isə insan həyatında bir dəfə baş verir. O günü yaddaqalan etmək lazımdır. Şəxsən mən pandemiyadır deyib, 30-40 nəfərin iştirakı ilə toy etmərəm. Gözləyərəm pandemiya bitsin, sonra toyumu edərəm. Mənim fikrimcə, bütün qızların arzusudur ki, toyu dəbdəbəli keçsin. Böyük zalda, bütün qohum-əqraba, rəfiqələrin iştirakı ilə toy olsun. İndi müğənnilərə də qadağa var. Amma gənc qızlar arzulayırlar ki, hansısa məşhur müğənni onun toyunda iştirak etsin. Bütün bu arzuların həyata keçirilmədiyi toyu məncə, hansısa gənc qız arzulamır. Mənim fikrimcə, toylarımız elə əvvəlki kimi keçirilməlidir".

© Sputnik / Zulfiyya GuluyevaTəhməzova Sara
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
Təhməzova Sara

Şuşa istiqamətində döyüşdən qayıtmış dostlar Həbib Ağamalıyev və Məhəmməd Hüseynov da sorğumuzda iştirak etdilər. 24 yaşlı gənclər dost olsalar da, toy məsələsində fikirləri üst-üstə düşmür. 24 yaşlı Həbib Ağamalıyev deyir ki, nişanlı olduğundan müharibədən qayıdandan sonra pandemiya dövrünün qaydalarına uyğun evlənib: "Mənim fikrimcə, toylarımızla bağlı müəyyən adətlər dəyişməlidir. Sevdiyim qızla müharibədən sonra toysuz evləndik. Heç əvvəldən də biz elə dəbdəbəli toy etməyi düşünmürdük. İş elə gətirdi ki, əvvəl pandemiya, sonra da müharibəyə görə toyumuz təxirə düşdü. Ona görə də hər iki tərəfdən valideynlərin xeyir-duası ilə evləndik. Buna görə peşman da deyilik. Məncə, elə toylarımız yaxın qohumların iştirakı ilə yığcam keçirilsə yaxşıdır. Çox uzaq qohumların, hətta keçmiş qonşuların toya çağırılması artıq məsrəfdir".

Məhəmməd Hüseynov isə özünə çal-çağırlı toy etmək arzusundadır: "Pandemiyadan sonra toyların keçirilməsi niyə dəyişsin ki? Toyda qohum-əqraba, dost-tanış iştirak edər ki, şən keçsin. Beş-on nəfərlə toyun ləzzəti olmaz. Məncə, toylarımızda heç nəyi dəyişməməliyik. Gənclər bir-birinin imkanını nəzərə almalıdır. Amma qalan adətlərə dəymək olmaz!".

© Sputnik / Zulfiyya GuluyevaAğamalıyev Həbib (sağda) və Hüseynov Məhəmməd
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
Ağamalıyev Həbib (sağda) və Hüseynov Məhəmməd

Memarlıq və İnşaat Universitetinin 18 yaşlı ikinci kurs tələbəsi Gülçin İbrahimova isə əvvəlcə ailə qurmaq fikri olmadığından sorğumuzda iştirak etməkdən imtina etsə də, sonra öz fikirlərini söylədi: "Postpandemiya dövründə toylar fərqli keçirilməlidir. Çünki dövr dəyişib. İnsanlar artıq israfın gərəksiz olduğunu gördülər. Toya görə restoranlarda bahalı masa tutmağa ehtiyac yoxdur. Bəzən toy sahibi artıq xərcə düşür. Ondansa, düşünürəm, o pul ailə quran gənclərin ehtiyaclarına sərf oluna bilər. Təbii ki, bu, mənim fikrimdir. Mənim ətrafımda bunun tamamilə əksini düşünən qızlar var. Amma məncə, toy adətlərimizin dəyişməsinə ehtiyac var".

© Sputnik / Zulfiyya Guluyevaİbrahimova Gülçin
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
İbrahimova Gülçin

Ömrünün 75-ci qışını yaşayan Aydın Məmmədov isə həm toy, həmçinin də yas mərasimlərinin dəyişməli olduğunu söyləyir: "Toylarımız tamamilə əndazəni aşıb. Yaslarımız da toy kimi keçirilir. Əzizini itirən insan bilmir acısını çəksin, bilmir ehsan dərdinə qalsın. Məncə, toylarımızın şən keçirilməsi üçün yaxın qohumlar iştirak etməlidirlər. Amma ölüyə üç, yeddi, cümə axşamı, 40 mərasimləri təşkil etməyə lüzum yoxdur. Quran oxutmaq kifayətdir".

© Sputnik / Zulfiyya GuluyevaAydın Məmmədov (solda)
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
Aydın Məmmədov (solda)

Bakının Binəqədi sakini Esmira Nuriyeva isə yas mərasimlərinin təmtəraqlı keçirilməsinin İslam dininə zidd olduğunu söyləyir: "Keçmişdə kimin əzizi ölürdüsə, qonşular üç gün o evə yemək bişirib aparardılar ki, insan öz acısını çəksin. İndi əksinə, camaat yasa elə bil yemək yeməyə gedir. Ölü qalır bir qıraqda, onun yaxınları bazarlıq edib yemək hazırlayırlar. Yaslarımızla bağlı adətlər dəyişməlidir. Mənim fikrimcə, üç gündən sonra yas mərasimi keçirməyə ehtiyac yoxdur".

© Sputnik / Zulfiyya GuluyevaBakıda sorğu
Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək? - Sputnik Azərbaycan
Bakıda sorğu

Millət vəkili Fazil Mustafa isə postpandemiya dövründə həm toy, həmçinin də yas mərasimlərinin fərqli şəkildə keçirilməli olduğunu söyləyir. Deputat deyir ki, pandemiyadan əvvəlki xeyir və şər mərasimləri postpandemiya dövründə fərqli şəkildə təşkil edilməlidir: "Onsuz da virusa yoluxma riski baxımından toy və yas mərasimlərinin keçirilməsinə icazə verilsə belə, bu, məhdud sayla baş tutacaq. 200-300 nəfəri bir məkana yığıb toy etməyə, mərasim evlərində yas mərasimləri keçirməyə daha lüzum yoxdur. Düşünürəm ki, pandemiyadan sonra insanlar izafi xərclərə, israfçılığa yol verməyəcəklər. Həm toy, həmçinin də yas mərasimləri müəyyən çərçivələrə salınacaq. Əgər kimsə gözləyirsə onun toyu böyük sarayda dəbdəbəli şəkildə keçirilsin, onda gözləsin pandemiyanın tam bitməsini. Yas mərasimlərinə gəlincə, dəfndən sonrakı yas mərasimlərinin İslam dini ilə bağlı heç bir əlaqəsi yoxdur. Ona görə də postpandemiya dövründə yas və toyların keçirilməsi düşünürəm ki, daha sadə şəkildə olacaq".

Xəbər lenti
0