CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

© REUTERS / Jose Luis GonzalezДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Xəbər lenti
0