CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Körpələr Evində çatışmazlıqlar aşkarlanıb

© Official website of President of Azerbaijan RepublicДетский сад в Баку, фото из архива
Детский сад в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqların əsasən tibbi müayinədən keçdiyi, lakin yaşlarına uyğun olaraq psixoloji inkişaflarına yönəlmiş işlərin aparılmadığı müəyyən olunub.

BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə planlı başçəkmə həyata keçirilib. Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, oyun zalına, mətbəxə, camaşırxanaya və digər yerlərə baxışlar keçirilib, qidalanma səviyyəsi, tibbi yardımın və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Başçəkmə zamanı müəssisənin əsaslı təmir olunduğu və müasir avadanlıqla təchiz olunduğu müşahidə olunub. Eyni zamanda, bir sıra çatışmazlıqlar aşkar edilib. Belə ki, mövcud maddi-texniki bazanın səmərəli istifadəsinin təşkil olunmadığı müşahidə olunub. Tibbi hissədə ilkin tibbi yardım üçün tibbi çantanın olmaması, dərmanların qeydiyyatında nöqsanlar, fizioterapiya, masaj və manipulyasiya otaqlarının istifadə olunmaması, fizioterapiya üçün nəzərdə tutulmuş aparatların işlək vəziyyətdə olmadığı müəyyən olunub.

Uşaqların əsasən tibbi müayinədən keçdiyi, lakin yaşlarına uyğun olaraq psixoloji inkişaflarına yönəlmiş işlərin aparılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə loqoped və psixoloqun olmaması uşaqların inkişafına hərtərəfli və fərdi yanaşmanın tətbiqində çətinliklər törədir.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.

Xəbər lenti
0