CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclər arasında dopinqlərdən istifadə təhlükəli həddə çatıb - Nə etməli

© AFP 2023 / INA FASSBENDERТренажерный зал во время пандемии
Тренажерный зал во время пандемии - Sputnik Azərbaycan
Abunə olmaq
"Steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genofond və demoqrafik problemlərə gətirib çıxarır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Gənclər arasında dopinqdən istifadə təhlükəli həddə çatıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva deyib ki, son 20 ildə idman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb. Onun sözlərinə görə, bundan idmanda performansı artırmaq və gözəl görünmək üçün istifadə olunur. "Ancaq fəsadları çox ağır olur", - K.Ağayeva bildirib.

Sputnik Azərbaycan gənclər arasında dopinqdən istifadənin artmasının səbəbini və bunun təhlükəsini araşdırıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov Sputnik Azərbaycan-a bildirib ki, AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənara çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır. V.Nəsirov deyir ki, AMADA tərəfindən cavanlar arasında keçirilən sorğunun nəticəsindən aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif edilib, onların 60%-nə isə bu təklif idman zalında və ya fitness mərkəzində edilib: "28 faiz dopinq istifadəçiləri bunu sosial media reklamları vasitəsi ilə alıb, 12 faiz isə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində dopinqdən istifadə edib. Dopinqdən istifadəyə meylli olanların 52 faizi 19-28 yaş aralığındakı insanlardır. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır. Onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilirlər".

AMADA-dan bildirirlər ki, ölkəmizdə aidiyyəti dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir: "Bu istiqamətdə AMADA Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə aktiv qoşulması vacibdir. Vətəndaşlarımızın bu cür məsələlər üzrə məlumat əldə etdikləri zaman hüquq mühafizə orqanlarına, əlavə olaraq idmanla bağlı olduqda isə həmçinin AMADA-ya məlumat bildirmələri bu mübarizəyə böyük töhfə verə bilər".

V.Nəsirov deyir ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir.

Qeyd edək ki, bu problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdır. V.Nəsirovun sözlərinə görə, fitness mərkəzlərində steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir. Bundan əlavə, steroidlərin sosial şəbəkələr, internet mağazaları, hətta məşhur onlayn ticarət platformalarında satışı geniş yayılıb.

Məlumat üçün bildirək ki, gənclər arasında dopinqdən istifadə təkcə Azərbaycanda yayılmayıb. Dopinqin bir növü olan anabolik steroidlərdən istifadə dünyanın bir sıra ölkələrində problemə çevrilib. Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Tibb işçiləri isə anabolik steroidlərdən istifadənin çox təhlükəli olduğunu söyləyirlər. Belə ki, idmançı görkəminə sahib olmaq üçün dopinqdən istifadə edənlər hətta ölüm təhlükəsi ilə üzləşə bilərlər.

K.Ağazadə Sputnik Azərbaycan-a bildirib ki, steroidlərdən mütəmadi istifadə idmançıların əzələlərinin getdikcə məhvinə səbəb olur: "Təəssüf ki, bu gün nəinki peşəkar, hətta həvəskar idmanda da steroidlərdən istifadə artıb. Xüsusən də, fitness zallarda gənclər bundan daha çox yararlanırlar".

K.Ağazadə deyir ki, steroidlərdən istifadənin geniş yayılmasının əsas səbəbi bundan iştifadə edən gənclərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır: "Steroidlərdən mütəmadi istifadə ürəktutma, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır. Steroidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Steroidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə edilir. Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçilərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdur. Aparılan beynəlxalq araşdırmaların nəticələri göstərir ki, narkotik istifadəçilərinin 25%-i əvvələr anabolik steroid istifadəçisi olub. Bu isə öz növbəsində cinayət hallarının artması kimi sosial problemlərlə nəticələnir. Steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genofond və demoqrafik problemlərə gətirib çıxardır. Göründüyü kimi, steroidlərdən istifadənin fəsadları yalnız ondan istifadə edən şəxsin sağlamlığını yox, ümumilikdə cəmiyyətimizi və gələcəyimizi təhlükə altında qoyur".

Kəmalə Ağayeva bildirir ki, mənşəyi bilinməyən keyfiyyətsiz dərmanların orqanizmə mənfi təsir göstərmə təhlükəsi daha çoxdur: "Bu zaman kişilərdə qadınlaşma, qadınlarda isə kişiləşmə, immun sisteminin zəifləməsi, cinsi sferaya təsirlər, orqanizmdə pozuntular, narkotiklərə meyllilik, xərçəng yarana bilər. Araşdırmalar onu göstərir ki, təsirlər həmin insandan sonra bir neçə nəslin korlanmasına səbəb ola bilər. Steroid qəbul edənlərin xərçəng riski adi insanlardan 4-6 dəfə çoxdur".

Xəbər lenti
0