04:03 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
3301

"Katibə fabrikin direktoru Hidayət adlı şəxsin sözünü çatdıraraq bildirdi ki, ya işə gəlməliyəm, ya da ərizə yazıb çıxmalıyam" - Şəhid anası.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Adil Akif oğlu Rzayevin anası işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a şəhidin anası Məhbubə Hüseynova məlumat verib.

Ailənin 5-ci övladı olan Adillə əlaqə oktyabrın 10-da kəsilib. 21 yaşlı əsgərin axtarışlarına başlanılıb, öncə itkin olduğu deyilib, noyabrın 29-da isə ailəyə zəng vurub bildiriblər ki, Füzulidə bir şəhid var. Şəhidin kimliyinin müəyyənləşməsi üçün anadan Bakıda DNT analizi götürülür. Noyabrın 30-da ailənin sonbeşiyi Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib. Ailənin acı günləri bununla bitmir.

Hazırda Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (Nasosnu), Kərim Kərimli küçəsində yaşayan ailənin maddi vəziyyəti getdikcə daha da pisləşir. Ana deyir ki, oğlu şəhid olandan sonra onlarla maraqlanan olmayıb. Hətta övladı şəhid olduğu üçün bir müddətdir ki, işə getməyən ana işdən də uzaqlaşdırılıb:

"Həyat yoldaşım dünyasını dəyişdikdən sonra dolanmaq üçün Sumqayıtdakı "Elat" quşçuluq fabrikində işə düzəldim, aşpaz işlədim. Oğlumun yeddisi çıxan kimi fabrikdən zəng vurub işə çıxmalı olduğumu dedilər. Heç üzümün cırığı, yarası sağalmamışdı, ona görə balamın 40-ı çıxana qədər onlardan möhlət istədim. Amma nə olsun, davamlı olaraq işdən mənə zəng edirdilər. Məcbur qalıb bacımla fabrikə getdik. Bacım katibəyə dedi ki, "O, şəhid anasıdır, imkan verin, 40 gün evdə qalsın".

"Katibə isə fabrikin direktoru Hidayət adlı şəxsin sözünü çatdıraraq bildirdi ki, ya işə gəlməliyəm, ya da ərizə yazıb çıxmalıyam. Bacım katibədən: "Bəs səlahiyyətli qurumlar bilirmi sizin şəhid anasını işdən çıxardığınızı, ona bir müddət möhlət vermədiyinizi bilirmi?" - deyə soruşanda cavabı bu oldu ki, "Bizə hökumətin sizin 40 gün işləməməyinizə icazə verməsi haqda kağız gətirin, onların icazəsi olsa, biz də sizə icazə verərik". Təsəvvür edin, oradakı işçilərdən biri yolda məni görüb deyir ki, "Sən keyimisən, hələ ayılmamısan. Şəhid anasına belə münasibətmi olar?! Bu, açıq-aşkar şəhid anasına qarşı hörmətsizlikdir". Bizə deyirlər ki, nazirlikdən kağız olmasa, işləyə bilməzsiniz", - deyə şəhid anası əlavə edir.

Ana işini itirməmək üçün nə qədər çalışsa da, cəhdləri nəticəsiz qalır, hətta oğlu şəhid olanadək işlədiyi 15 günün də maaşını ala bilmir. Pandemiya şəraiti isə ailənin digər üzvlərini də işsiz qoyub, günəmuzd işləyən oğulların da işi bir müddətdir ki, dayanıb.

© Photo : Courtesy of Mahbuba Guseynova
Şəhid Adil Rzayev

Bu dar gündə onlara yalnız qonşuları hayan olub, kommunal xərcləri qonşular tərəfindən ödənilir, qaldıqları şəraitsiz ev də onlara məxsus deyil, evin suyu, hamamı yoxdur:

"Yollarımız da bərbad gündədir. Şəhidimi gətirəndə bacım qəsəbənin icra nümayəndəliyinə gedib dedi ki, heç olmasa, yola bir neçə maşın qum səpilsin ki, şəhidi aparanda palçığa batmasınlar. Dedilər, qəsəbənin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva məzuniyyətdədir. Onun səlahiyyətlərini müvəqqəti icra edən şəxs də deyib, cibimdən pul verəsi deyiləm, 1600 manat pul lazımdır bunun üçün".

Ailə ilə sonuncu dəfə Adilin 7-si olandan sonra əlaqə saxlanılıb və ona işləyəcəyi ilə bağlı heç nə deyilməyib.

Acınacaqlı durumda olan ailə onlara yardım olunması üçün aidiyyəti qurumlardan kömək istəyirlər.

Ailəyə yalnız dəfn mərasimində ərazi üzrə icra hakimiyyətindən baş çəkilib, yəni noyabrın 30-dan ailəni arayıb-axtaran yoxdur.

Məsələ ilə əlaqədar olaraq adıçəkilən şirkətin rəsmisi, mühasib Natiq Məmmədli ilə əlaqə saxladıq: "Xanım işdən çıxarılmayıb, sadəcə olaraq onu işə dəvət edərək deyiblər ki, nə zaman işə çıxacağını bildirsin. Qanunla danışaq, işdən çıxan bir işçinin adı necə portalda qala bilər?! İşçi işdən çıxarsa, adının portalda qalması özü bir cinayətdir. Sadəcə olaraq ona bildirilib ki, əgər işə çıxmayacaqsa, idarədə yemək bişməlidir, yerinə işçi götürülsün, yox, tezliklə çıxacaqsa, işçi götürülməsin. Xanımın hər gün maaşı hesablanıb və kartına oturub. İndi nə oldu, hamı azərbaycanlı oldu, biz erməni şirkəti?! Hazırda bizim 3 əsgərimiz var, onlardan yaralananlar da var, hansı ki, maaşları kartlarına oturur, günbəgün hesablanır. Bizim də şəhidimiz var, əslim Füzulidəndir".

"Xanımın maaşının hamısı kartına köçürülüb və işdən çıxma söhbəti də yoxdur. Sadəcə olaraq ona deyiblər ki, nə zaman istəsən, işə çıx, sadəcə olaraq özünə qapılma, gəl işə, başın qarışsın. Sonra da özü deyib ki, bəlkə, mən heç işə çıxmadım. Bir daha deyim ki, heç kəs onun maaşını kəsməyib, biz də azərbaycanlıyıq", - deyə adıçəkilən qurumun rəsmisi əlavə edib.

Teqlər:
, Sumqayıt, ana, şəhid

Əsas mövzular