14:02 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
177520

Sonuncu dəfə Fariz evə oktyabrın 10-u gəlir. Oğlunu qucaqlayıb, öpür, "böyü, anana dayaq ol" deyir. Amma həmişə "böyü, atana dayaq ol" deyirmiş.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. 27 yaşında iki uşaqla təkbaşına bu dünya ilə bacarmaq çətindir. Ata-anan hesab etdiyin, bütün həyatını bağladığın, "həyatım" dediyin insan birdən-birə yox olur. Torpağa qarışır. Ümidlərin, sevincin, bütün hisslərin darmadağın olur. Dərdini heç kimə deyə bilmirsən.

Yolunu itirmiş gəmi kimisən. İndi külək hansı tərəfə əssə, o tərəfə gedəcəksən... Çarəsizsən. Gecələrin gündüzlərinə qarışıb. Əlində olsa, həyatına son qoyarsan. Amma sevdiyin insanın sənə əmanət etdiyi iki balanı qorumalısan.

"Mən şəhid qadınıyam!" deyib ayağa qalxmalısan. Bu, sənin onun qarşısında borcundur...

Şəhid çavuş Fariz Həsənovun həyat yoldaşı Əzizə Sputnik Azərbaycan-a Farizlə bağlı xatirələrini danışıb.

© Sputnik / Irade JELIL
Fariz Həsənov

Əzizənin 18 yaşı olanda anası dünyasını dəyişib. Atası ilə yaşayan Əzizə sevib-sevilmək, ailə haqqında düşünmədiyi bir zamanda tanış olub Farizlə.

"Farizlə tanış olanda anam dünyasını yeni dəyişmişdi. O, hərbçi idi, atam usta olduğu üçün nəyəsə görə dostu ilə atamın yanına gəlmişdi. Həmin gün ani baxışlarımız toqquşmuşdu. Aradan bir müddət keçdi. Bir gün Farizin dostunun qaynanası mənə yaxınlaşıb, Farizin mənimlə danışmaq istədiyini dedi. Fariz mənə evlilik təklif edəndə buna hazır olmadığımı dedim.

O dedi ki, nişanlanaq, bilim mənimsən. Sən hazır olanda evlənərik", – deyən Ə.Həsənovanın sözlərinə görə, bir müddət sonra Farizlə nişanlanıblar.

Sevgililər 10 ay nişanlı qalıblar. Bu müddətdə Əzizənin atası ağır xəstələnib, insult keçirib. Fariz məzuniyyət götürərək, 5 gün Əzizənin atası Elçinin yanında qalıb. Həmin müddətdə qızın atası Farizə vəsiyyət edir. Qızına sahib çıxmağı tapşırıb.

Farizlə Əzizə evlənəndən 25 gün sonra Elçin kişi dünyasını dəyişir: "2012-ci il sentyabrın 30-da evlənmişdik. Evləndikdən sonra Fariz mənə atamın vəsiyyəti barədə danışdı. Atam məni Farizə tapşıranda, Fariz atama deyib ki, Əzizə mənim "nəfəsimdi", onu göz bəbəyim kimi qoruyacağam. Mən 19 yaşında ailə həyatı qurmuşam. Mənə deyirdi ki, sən mənim "balamsan", səni mən böyüdürəm. Həqiqətən özümü o qədər ona aid hiss edirdim ki, mən ata-anamın balası ola bilməmişdim. Çox erkən dünyalarını dəyişmişdilər. Məni Farizim böyüdürdü. Ailə həyatı qurduqdan sonra, qaynanamgillə qala bilmədik. 8 ay sonra məni götürüb Qazaxın Kəmərli kəndinə gətirdi. Bu kənddə 6 il yarım kirayədə yaşadıq. O kəndin insanları mənə o qədər doğma idi ki, sanki ata evim o kənd idi. Uşaqlarım o kənddə dünyaya gəldi, o kəndin havası ilə, suyu ilə böyüdülər".

Farizin övladı - qızı dünyaya gələndə, o qədər sevinib ki, adını Sevinc qoyub. 

Qızı doqquz aylıq olanda, həmin dövr 2016-cı il döyüşlərinə təsadüf etdiyi üçün Fariz qızının uğruna qəhrəmancasına döyüşüb, əsgərlərini də qoruduğu üçün medallarla təltif edilib.

© Sputnik / Irade JELIL
Fariz Həsənov, qızı Sevinc və oğlu Ruslan

"Mənə deyirdi ki, döyüşlər gedir, gəl səni kənddən aparım. Razılaşmırdım. Deyirdim, sənə nəsə olacaqsa, qoy mənə də olsun. Sənsiz yaşamağın nə mənası var ki?! Hətta yadımadır, həyətə mərmi düşmüşdü. Mən qızımı qucağıma alıb, evin küncünə qısılmışdım. Aprel döyüşlərindən sonra onun təyinatını Qazaxa verdilər. Bizi də götürüb, Qazaxa gəldi və burada kirayə ev tutdu. Bir il yarım da Qazaxda kirayə yaşadıq. Burada Farizin təlimləri başladı. Düzdür hər axşam evə gəlirdi. Kəmərlidə işləyəndə bəzən 20 gün evə gələ bilmirdi. Hər zaman mənə deyirdi ki, bu uşaqların atası da, anası da sənsən. Qazaxa gələndən sonra hər şey dəyişmişdi. Axşam 9-da evə gəlirdi. Biz də yemək yemir, onun gəlməyini gözləyirdik. Uşaqlar deyirdi ki, ata "isti çörək" gətirəcək. Qapıda dayanıb, yolunu gözləyirdik. Görəndə gəlir, üçümüz də qabağına qaçırdıq. Uşaqlarla oynayıb, şənlənirdi. Mən isə kənardan durub baxırdım. Öz-özümə danışırdım. Deyirdim "Ay Allah, deyirsən ki, kimi çox sevsən onu səndən alaram. Mən Farizi çox istəyirəm, birdən onu məndən alarsan... Nə olar, onu məndən alma. Amma qorxduğum başıma gəldi. Allah onu məndən aldı", - deyən Əzizə hönkürə-hönkürə ağlayır.

  • Fariz Həsənovun oğlu Ruslan
    © Sputnik / Irade JELIL
  • Fariz Həsənovun qızı
    © Sputnik / Irade JELIL
  • Fariz Həsənov, qızı Sevinc və oğlu Ruslan
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Fariz Həsənovun oğlu Ruslan

Fariz olmadan yaşamağın can vermək kimi ağrılı olduğunu deyən gənc qadın, bundan sonra həyatını necə yaşayacağını bilmir.

Deyir ki, onun bütün xəyalları, bütün həyatı Fariz üzərində, Farizlə qurulmuşdu, indi özünü havasız, nəfəssiz hiss edir...

Sentyabrın 30-u Farizlə Əzizənin evliliyinin 8 ili tamam olur. Həmin gün Fariz evdə olsa da, günü xatırladığını hiss etdirmir.

"Dedim, "ömrüm, bu gün nə gündür?" Dedi "vallah mənim silahdan başqa heç nə yadımda qalmır". Sən demə yadındaymış, yaxınlaşdı mənə ovcunu açdı. Ovcunda güllə klonu olan boyunbağı var idi. Güldüm, dedim "camaat yoldaşına gül-çiçək verir, sən güllə". Dedi ki, "ömrüm, mən hərbçiyəm, sən də mənim ruhumda qadınsan. Sənə güllə almışam ki, baxıb məni xatırlayasan". Farizin son hədiyyəsi bu oldu mənə", - deyə Əzizə danışır.

© Sputnik / Irade JELIL
Fariz Həsənov və oğlu Ruslan

Sonuncu dəfə Fariz evə oktyabrın 10-u gəlir. Oğlunu qucaqlayıb, öpür, "böyü, anana dayaq ol" deyir. Amma həmişə "böyü, atana dayaq ol" deyirmiş.

Əzizə danışır ki, müharibə başlayandan sonra Fariz tez-tez şəhidlik barədə danışır, onu hazırlamağa çalışırmış. Amma nə qədər desə də, Əzizə bu fikri yaxın buraxmaq istəmirmiş.

"Ayın 10-u da gördü ağlayıram. Dedi ki,"ağlama, sən Farizin yoldaşısan. Ruslanımı oxudarsan, qoy general olsun, qızım Sevincin diş həkimi olması üçün çalışarsan. Əyilmə, sınma, ağlama. Həmin gün getdi. Füzuliyə düşmüşdü. Gün ərzində 6-7 dəfə danışırdıq. Mən danışmasaydım, rahat ola bilmirdim. Müharibə başlayandan hər gün Fariz evə gələndə mənim gözümün qabağında onun tabutu görünürdü. Ürəyimdə dualar oxuyurdum ki, sakitləşim. Şəhid olduğu gün də yuxuda gördüm ki, Farizin tabutunu gətirirlər. Tabutu açıram, Fariz qalxır, gülür ki, "ömrüm, zarafat edirəm, mən sağam". Özümü çox pis hiss edirdim. Gedib əynindən çıxardığı köynəyini qoxladım, qucaqlayıb yatdım. Beləcə itirdim Farizimi", - deyən Əzizə gözyaşlarını əlinin arxas ilə silir.

Deyir ki, oktyabrın 15-də Farizin cənazəsini gətirirlər.

"Mən razı idim, əli-ayağı olmasın, gözləri olmasın, amma nəfəsi olsun. Özüm işləyib, ömrümün sonuna kimi ona baxaram. Amma olmadı.. İtirdim ən çox sevdiyimi".

Fariz Həsənov Qazax rayonun Dağkəsəmən kənd məzarlığında dəfn edilib. 13 il idi ki, Vətənə xidmət edən Fariz Həsənovun iki azyaşlı övladı qalıb.

Şəhid qadını Əzizə Həsənova, qürurlu, ancaq iki övladı ilə təkbaşına...

Bu vətən sənə, övladlarına sahib çıxacaq. Heç çəkinmə, qorxma. Azərbaycan sənə Farizi qaytara bilməsə də, Farizin yadigarlarına göz bəbəyi kimi baxacaq. Başını dik tut, şəhidimin qadını!!!

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
çavuş, Füzuli, Vətən müharibəsi, Qarabağ müharibəsi, şəhid

Əsas mövzular