16:19 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
37910

"Sol qolumun mil sümükləri parçalanmışdı, sol gözüm zədələnib, 20% görür, sol ayağım və sol böyrəyim yaralanıb, ürək nahiyəmə 2 ədəd qəlpə girib", - deyən qazimiz sağalan kimi xidmətə dönmək istəyir

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. "Yaralıları çıxarıb qaçırdım, yenə təkrar meydana atılırdım. İçi mən qarışıq hər kəs öz torpağımız uğrunda can qoymağa hazır idi". 

Növbəti reportajımızda 44 günlük Vətən savaşının qəhrəmanlarından birini tanıyacağıq. Masallı rayonu Viləş kənd sakini, 25 yaşlı Xəyal Səfərli bu ilin mart ayından Daxili Qoşunların N saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstəsində MAXE (müddətdən artıq xidmət edən - red.) kimi xidmətə başlayıb. Qazimiz Ordumuz əks-hücum əməliyyatına başlayan gündən Füzuli rayonu istiqamətində döyüşlərə qatıldığı barədə Sputnik Azərbaycan-a danışır: "Düşməndan alınan postları biz təhvil götürüb müdafiə edirdik. Döyüşə qatılan ilk gün pusquya düşdük. Səhər sübhdən gecə təxminən saat 1-dək pusquda qaldıq. Həmin müddət ərzində güclü artilleriya zərbələrinə məruz qaldıq, şəhidimiz də var idi.

© Sputnik / Rahim Murad
Xəyal Səfərlinin ailəsi

Bir-iki həftə Füzuli rayonunda xidmət apardıqdan sonra Şuşa şəhərinə yollandıq. Şuşa azad olunmamışdan öncə hər gün dağ-meşə yolları ilə 15-17 saat dayanmadan piyada gedərək silah-sursat daşıyırdıq. 

Şuşa ətrafında döyüşlər başlayanda biz döyüş meydanına girib, dayanmadan yaralıları və şəhidləri çıxarırdıq. Bütün döyüşçülərimiz böyük sevinclə və yüksək ruh yüksəkliyi ilə vuruşurdular. Daim irəliyə getdiyimizə və torpaqlarımızı aldığımıza görə sevinirdik, yəni heç kimdə qorxu hissi yox idi. Yaralıları və şəhidləri meydandan çıxaranda ermənilər dayanmadan minaatan mərmiləri üzərimizə yağdırırdılar, amma yenə də qorxmurdum. Yaralıları çiynimə götürüb oradan çıxarır, yenə təkrar meydana atılırdım. İçi mən qarışıq hər kəs öz torpağımız uğrunda can qoymağa hazır idi. Təxminən 18 nəfərə yaxın yaralı, 10 nəfərə yaxın da şəhid çıxarmışdıq”.

Xəyal deyir ki, noyabrın 8-də döyüş meydanından çıxardıqları yaralıları təxliyə ediblər. Səhəri gün isə Şuşa şəhərinə yaxın Daşaltı kəndində günorta saatlarında özü yaralanıb, ayın 10-da təxliyə olunub: “Yanıma iki top mərmisi düşmüşdü. Yaralanan zaman mənimlə bərabər 6 əsgər də var idi. Mən yaralı halda yoldaşlarla qaçıb yaxınlıqdakı evlərdən birinin zirzəmisinə girdik. 9 noyabr gecə 1-də həmin evə girdik, 10 noyabr səhər saatlarında bizi həmin evin dağıntılarının altından çıxardılar.

© Sputnik / Rahim Murad
Xəyal Səfərli (solda)

Düşmən bizim orada olduğumuzu bildiyi üçün həmin evi artilleriya atəşinə tutub, evi başımıza uçurdu. Mən və başqa bir döyüş yoldaşım yaralanmışdıq, digərləri isə şükür, salamat idilər. Sol qolumun mil sümükləri parçalanmışdı, sol gözüm zədələnib, 20% görür, sol ayağım və sol böyrəyim yaralanıb, ürək nahiyəmə 2 ədəd qəlpə girib. Ümumiyyətlə, kürəyimin sol tərəfində çoxlu sayda xırda qəlpə var. İki dəfə əməliyyat olunmuşam, hazırda qolumun ağrısı kəsməyib, narahatlıq yaradır. Həkimlər gözümün tədricən sağalacağını deyiblər".

X.Səfərli tezliklə sağalıb Müzəffər Ordumuzun işğaldan azad etdiyi torpaqlara getmək, xidmətini davam etdirmək istədiyini deyir.

Qazimizin atası Mübariz Səfərov kiçik oğlu Xəyalla qürur duyur: “Müharibə başlayan zaman zəng eləyib dedi ki, “Ata, müharibəyə gedirəm, haqqınızı halal edin”. Mən də ona halallığımı verdim ki, “Get, canla-başla vuruş!” Xəyalın yaralandığını bilmirdim. 11 noyabrda özü mənə zəng eləyib yaralı olduğunu və Ağcabədi rayonunda hospitalda müalicə aldığını dedi. Allaha çox şükür, salamatdır, evdədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin! Mən oğlum Xəyalla fəxr edirəm ki, bir neçə nəfərin həyatını xilas edib, əsgərlərimizin döyüş meydanında qalmağına və ya itkin düşməyinə imkan verməyib. Hətta qonşu kənddən bir nəfər Xəyal onların övladının həyatını xilas etdiyi üçün bizə gəlib minnətdarlıq etdi".

© Sputnik / Rahim Murad
Xəyal Səfərlinin ailəsi

Mübariz Səfərovun böyük oğlu Vüsal Səfərli də Vətən müharibəsi iştirakçısıdır: “Vüsal ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində könüllü iştirak etmək üçün Rayon Hərbi Komissarlığına müraciət etmişdi. Həmin vaxt onun ehtiyatda qalmasını bildirdilər. Bu il Tovuz döyüşləri vaxtı da könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirmişdi. Ona sentyabrın 28-dən Vətən müharibəsində iştirak etmək qismət oldu. Hal-hazırda isə Zəngilanda xidmətdədir”.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
müharibə, döyüş, yaralılar, Şuşa, MAXE, Masallı, Qarabağ, qazi

Əsas mövzular