CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nakam sevgi qalası - Kürdəxanıda dərvişin itmək üzrə olan izləri

© Sputnik / Irade JELIL"Yamin" qalası
Yamin qalası - Sputnik Azərbaycan
Abunə olmaq
Qan düşməninin qızına aşiq olan Yamin sevdiyinə qovuşa bilməyib. Tərki-dünya olaraq insanlardan uzaqlaşıb və sığındığı yerdə özünə qala tikib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 dekabr - Sputnik. Kimisi bu qalanı bir gəncin sevgi, kimisi də qəhrəmanlıq simvolu hesab edir. Üzərindən əsrlər keçməsinə baxmayaraq, qala tarixin bir parçası olaraq hələ də qalmaqdadır. Sputnik Azərbaycan Bakıda hər qarışından tarix boylanan ünvandan, Sabunçu rayon Kürdəxanı kəndində yerləşən Yamin qalasından reportajı təqdim edir.

Kürdəxanıda böyükdən kiçiyə hər kəs bu qalanın varlığından xəbərdardır. Hətta qalanın adı verilən Yaminlə bağlı məlumatlara da malikdirlər. 12 əsrə aid bu qala Kürdəxanı qəbiristanlığına yaxın yerləşir. Əvvəllər 8 metr hündürlüyü olan qalanın bir hissəsi uçub. Yamin qalasının baxımsız qaldığı göz önündədir. Sakinlərin dediyinə görə, mal-heyvan üçün örüş yerinə çevrilən qalanın ətrafı onun getdikcə uçub-dağılmasına səbəb olub.

© Sputnik / Irade JELIL"Yamin" qalası
Nakam sevgi qalası - Kürdəxanıda dərvişin itmək üzrə olan izləri - Sputnik Azərbaycan
"Yamin" qalası

Kürdəxanı kənd sakini Mirrahim dayı deyir ki, bu qala haqqında çox  rəvayətlər var:

"Rəvayətə görə, Yamin yaraşıqlı, cüssəli bir gənc olub. O, qan düşməninin qızına aşiq olub. Aralarında ədavət olduğundan Yamin öz sevdiyinə qovuşa bilməyib. Bundan təsirlənən Yamin tərki-dünya olub insanlardan uzaqlaşır. O, dərviş həyatı keçirir. Elə sığındığı yerdə özünə qala tikir".

Həmsöhbətimiz deyir ki, Yamin elə bu qalada da vəfat edir. O vaxtdan rəvayətə görə, qala nakam sevginin abidəsinə çevrilir.

Mirrahim dayı qalanın uçub dağılmasından hər bir kənd sakininin təəssüfləndiyini söyləyir: "Biz qədim tarixə malik abidələrimizə sahib çıxmayılıq.  Bu qala Kürdəxanıya gələn hər kəsin marağına səbəb olur. Çox təəssüf ki, gələn qonaqlar Yamin qalasını uçuq-sökük vəziyyətdə görürlər.

© Sputnik / Irade JELIL"Yamin" qalası
Nakam sevgi qalası - Kürdəxanıda dərvişin itmək üzrə olan izləri - Sputnik Azərbaycan
"Yamin" qalası

Kənd sakinləri Yamin qalanı nakam sevginin abidəsi hesab etsələr də, qala haqqında digər rəvayətlər də var. Rəvayətlərə görə, bir vaxtlar Kürdəxanı kəndinin sakini olmuş Yamin sözünü açıq deyən, yoldaşlarından bir çox şeylərdə seçilən bir cavan olub. Yamin fiziki cəhətdən qüvvətli biri imiş. Kənd sakinləri deyir ki, o vaxtlar silah gəzdirmək qadağan olub. Amma Yaminin özünə məxsus kiçik çaplı silahı varmış. Buna baxmayaraq, Yaminin düşmənləri onu güdüb, tərk-silah edərək ona bədən xəsarəti yetirərək, başından ağır zərbələr vurublar. Bundan sonra Yamin başından aldığı zərbələrin təsirindən yaddaşını və həyatdakı mövqeyini itirib, doğru-dürüst nə işlə məşğul olduğunu da anlaya bilməyib.

Həyatda qala bilmək üçün kənd sakinləri ona maddi yardım edirmişlər. Lakin Yamin ona verilən bu sədəqəni yığıb təkbaşına simvolik bir qala ucaldıb. O, kimsəsiz olduğuna görə istəyirmiş ki, özündən bir xatirə olaraq nəsə qalsın. Yamin əvvəllər çöllərdə yaşayarmış. Uçulmuş, dağılmış evlərin daşını özü kürəyində daşımaqla o qalanı tikib. Bu qalanın hündürlüyü 8 metr, divarının qalınlığı bir metr yarımdır. Məlumatlara görə, Yamin “bunu divanə qalası kimi yadigar tikirəm” deyib. Elə o vaxtdan bu qala “Yamin qalası” adlandırılır. Amma kənd sakinləri birinci rəvayətə daha çox inanırlar.

© Sputnik / Irade JELIL"Yamin" qalası
Nakam sevgi qalası - Kürdəxanıda dərvişin itmək üzrə olan izləri - Sputnik Azərbaycan
"Yamin" qalası

Qeyd edək ki, "Yamin qalası" ilə yanaşı Kürdəxanıda əsrlər öncə tikilmiş, tarixin izlərini özündə qoruyub yaşadan abidələr çoxdur. Bu da Kürdəxanıda yaşayışın iki min ildən çox mövcud olduğunu deməyə əsas verir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsarrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri də təsdiqləyir. Kənddə habelə orta əsrlər dövrünü əhatə edən, köhnə qəbiristanlıqdan aşkar edilən və düzəldilmə tarixi 900-il əvvələ gedib çıxan qəbirüstü sinədaşı da var.

Bir sözlə, hər daşından tarix boylanan bu kənd ulu babalarımızın yaşam tərzini özündə qoruyub saxlayan tariximizin bir parçasıdır. Kürdəxanı sakinlərinin dili ilə desək, çox təəssüf ki, tariximizin izlərinin qorunub saxlanılması üçün lazımi işlər görülmür.

Xəbər lenti
0