QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sinif otağını səngərə dəyişən müəllimlər - Şərəfli peşədən ən uca zirvəyə yüksəldilər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müharibə başlayandan neçə müəllim sinif otağını səngərlə əvəzləyib. Artıq onlar arasında şərəfli müəllim adını şəhid adı ilə əvəzləyənlər də var.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Müəllimlər təkcə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında iştirak etmir, onlar həm də bunu fəaliyyətləri ilə təsdiq edirlər. Müharibə başlayandan neçə müəllim sinif otağını səngərlə əvəzləyib. Artıq onlar arasında şərəfli müəllim adını şəhid adı ilə əvəzləyənlər də var.

İsmayıllı şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Əhmədzadə Famil şəhadəti ilə tarix yazan Azərbaycan müəllimlərindəndir. Liseyin direktoru Əhmədağa Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Famil müəllimin döyüş meydanında həlak olması bütün İsmayıllı camaatı kimi onu da dərindən sarsıdıb: "Biz bir müəllimi yox, mələk qəlbli bir insanı, rayonumuzun tədbirlərinin önündə gedən bir insanı itirmişik. Famil müəllim 20 il idi ki, bizim məktəbdə müəllim işləyirdi. O, 45 yaşını yenicə tamamlamışdı. Çağırış gələn kimi bizimlə vidalaşmamış ön cəbhəyə getdi".

Ə.Ələkbərov deyir ki, Famil müəllim hər kəsin sevimlisi, hörmət etdiyi şəxs idi. O, ali məktəbə qəbul imtahanında iştirak edənləri tarix fənnindən hazırlaşdırır, onun hazırlıq keçdiyi abituriyentlər yüksək balla universitetə qəbul olurmuşlar. Məktəb direktoru Famil müəllim dəfn edildikdən sonra onun keçmiş şagirdlərinin də ailəliklə məzarını ziyarət etdiklərini söyləyir: "Biri var, evdən gedən, biri də var eldən gedən. Famil müəllim eldən getdi. Onun yoxluğu bizim hamımızı sarsıdır. Amma eyni zamanda qürurlandırır. Famil müəllimdən bizə onun özü kimi intizamlı və vətənpərvər şagirdləri qalıb".

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov da Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. 40 yaşlı Rabil müəllimdən iki övladı yadigar qalıb. 2017-ci ildən bu məktəbdə çalışan Rabil İsmayılov Gəncənin ən tanınmış müəllimlərindən olub. Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin direktoru Gülşən Məmmədəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rabil İsmayılov öz istedadı və dərin zəkası ilə riyaziyyat fənnini öz şagirdlərinə sevdirib.

G.Məmmədəliyevanın sözlərinə görə, onun sinifində təhsil alan 21 şagirddən 19-u yüksək nəticə ilə ali məktəblərə qəbul olurmuş. Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rabil müəllim üçün isə onun bütün şagirdləri, rayon ictimaiyyəti ağlayır. Bununla belə, heç kəs bu üzüntüsünü büruzə vermir. Çünki Gəncə Ermənistan Silahlı Qüvvələrinin bütün hücumlarına qarşı mərdi-mərdanə duruş gətirib. Hətta Gəncəyə atılan raketlər də Gəncə sakinlərinin ruhunu sındırmayıb. G.Məmmədəliyeva Gəncə sakinlərinin hər birinin qəlbinin döyüş bölgəsindəki ordumuzun şəxsi heyəti ilə döyündüyünü söyləyir. Allah rəhmət eləsin!

Xəbər lenti
0