CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə olaylarından qırıq oyuncaq maşını övladına aparan türkiyəli jurnalist: bu dəhşət idi

© Photo : Courtesy of Huseyn AtamHüseyn Atam
Hüseyn Atam - Sputnik Azərbaycan
Abunə olmaq
"Doruk media"nın rəhbəri Hüseyin Atam: "O qırılmış maşını dağıntılar altından çıxardaraq oğlum üçün götürdüm. Bunu hədiyyə olaraq yox, bir yaddaş olaraq oğluma apardım."

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Oktyabrın 18-də Gəncədə insanlıq tarixinə sığmayan dəhşət yaşandı. Dinc əhali ermənilər tərəfindən raket hücumuna məruz qaldı, ölənlər, yaralananlar oldu. Ölənlər arasında azyaşlılar da vardı. Dinc əhali gecə saatlarında, yatdıqları yerdə dəhşətlə üz-üzə qalmışdı.

Bu tarix həm azərbaycanlılar, həm də qardaş Türkiyəmiz üçün yaddaşlarda silinməz izlər buraxdı. Bu günlərdə qəlbi Azərbaycanla döyünən sıravi Türkiyə vətəndaşları ilə yanaşı, qardaş ölkənin mediası da yanımızda oldu. Onlardan biri də "Doruk media" idi. "Doruk media" Azərbaycanda həm cəbhə xətti, həm də cəbhədən kənarda yerləşən ərazilərimizdə baş verən hadisələri operativ olaraq Türkiyə üzərindən dünya ictimaiyyətinə çatdırdı. Adıçəkilən medianın rəhbəri Hüseyin Atam bu günlərdə Bakıda olub və şəxsən Gəncəyə yollanaraq orada baş verən hadisələrin canlı şahidinə çevrilib. O, Gəncədə çəkiliş apararkən dağıntılar arasında qalmış sınıq bir maşın oyuncağına rast gəlib və bunu xatirə olaraq övladı üçün Türkiyəyə aparıb. Hüseyin Atam Sputnik Azərbaycan-a özü və ölkəmizdə yaşanan müharibə dəhşətləri barədə danışıb. 

- İlk olaraq oxucularımız sizi daha da yaxından tanısın.

- İstanbul Universitetinin "Türkçe öğretmenlik" fakültəsini bitirmişəm. Daha sonra təhsilimi xaricdə davam etdirib yekunlaşdırdıqdan sonra media sahəsində çalışmağa başladım. Artıq 7-8 ildir ki, mediadayam və beş ildir "Doruk Media"da baş direktor vəzifəsini tuturam. Burada biz Balkanlar, Qafqazlar və Türkiyədən daha çox yazırıq. Qafqazlar dedikdə, əlbəttə daha çox diqqətimiz Azərbaycana yönəlib və demək olar ki, ildə 3-4 dəfə gələrək ölkənizin yaxın tarixi üzrə sənədli filmlər çəkmişik. Bundan başqa, yeni xəbərlər, şəhərlərin tanıtımı ilə bağlı məlumatlar da "Doruk media"da yer alıb. Azərbaycanla bağlı bir sıra mədəni proqramlara da imza atmışıq.  

© Photo : Courtesy of Huseyn Atam"Doruk media" tərəfindən çəkilən foto
Gəncə olaylarından qırıq oyuncaq maşını övladına aparan türkiyəli jurnalist: bu dəhşət idi - Sputnik Azərbaycan
"Doruk media" tərəfindən çəkilən foto

-  Bundan öncə də Gəncədə olmusunuz. İstəyərdim Gəncə və burada baş verən son olaylarla bağlı təəssüratlarınızı bölüşəsiniz.

- İlk dəfə universitet illərində, 2005-ci ildə Gəncədə olmuşam. Hələ o vaxt Azərbaycana gələndə Gəncə mənə doğma bir ab-hava bəxş etmişdi. Gəncənin meydanı, Şah Abbas məscidi, böyük tarixi məndə xüsusi bir hiss oyatmışdı. Gəncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Məhəmməd Əmin Rəsulzadənin dönəmində ilk paytaxt olmuşdu. Sonrakı səfərlərimdə, demək olar ki, hər dəfə Azərbaycana gələndə Gəncəyə də baş çəkirdim. Göygöldə, Gəncəbasarda da olmuşdum. Azərbaycana bu dəfə gəlməkdə səbəb son olaraq baş verən hadisələr idi. Biz lazım olardısa, cəbhəyə də gedərdik. Amma bilirdik ki, Azərbaycan əsgərinin sayı yetərincədir. Beləcə bir jurnalist olaraq informasiya savaşında mübarizə apararaq faktları dünyaya çatdırmağı özümüzə borc bildik. Çünki dünya mediasında belə yazılırdı ki, hər iki tərəf dinc əhaliyə atəş açır. Biz də Azərbaycandan 3-4 kanalın nümayəndəsi ilə birgə ora yollandıq. Çəkiliş üçün Tərtərə getdikdə orada 3 ölü, 3 yaralı vardı. Lakin buna rəğmən biz top atışları altında işlədik ki, faktları bütün dünyaya göstərək. Niyyətimiz Bərdə, Tərtər tərəfdən cəbhəyə daha yaxın yerlərə getmək idi.

© Photo : Courtesy of Huseyn Atam"Doruk media" tərəfindən çəkilən foto
Gəncə olaylarından qırıq oyuncaq maşını övladına aparan türkiyəli jurnalist: bu dəhşət idi - Sputnik Azərbaycan
"Doruk media" tərəfindən çəkilən foto

Amma təəssüf ki, Gəncənin vurulduğunu eşitdik və bunu eşidəndə mən elə bildim ki, İstanbul vurulub. Dərhal Gəncəyə yola düşdük. Biz ora çatanda artıq yaralılar xəstəxanaya yerləşdirilmişdi. O şüşə qırıqlarını görəndə özümü çox pis hiss elədim. Polislərin arasından keçib yıxılmış evlərin içinə daxil oldum.

Orada gəzərkən uşaq oyuncaqları gördüm. Gözümə bir neçə uşaq oyuncağı sataşdı. Onlar dağıntıların altında idi. Yadıma oğlum düşdü, bura gəlməzdən öncə oğlum 4 yaşlı Əli Abbas məndən Azərbaycan maşını istəmişdi. Dağıntılar altındakı maşını görəndə oğlumun sözü yadıma düşdü. Həmin o qırılmış maşını dağıntılar altından çıxardaraq oğlum üçün götürdüm. Bunu hədiyyə olaraq yox, bir yaddaş olaraq oğluma apardım. Tariximizi unutmamaq üçün bu oyuncaq maşını oğlum üçün götürdüm. Oğlum bu maşını görəndə dedi ki, ata bu nədir? Dedim bu sənin Gəncədəki qardaşının maşınıdır. Dedi, bəs niyə bu haldadır, dedim ki, düşmənlər onun evini raketlə vurdular, bomba atdılar, bu avtomobil də qırıldı.

Oğlum Azərbaycan haqda bilir, hətta 1 yaşında Azərbaycan, iki yaşında isə Azərbaycan himnini deyib. Azərbaycan bayrağını görəndə həyəcanlanır. Mən bu hadisələrin oğlumun yaddaşından silinməməsi üçün bu maşını apardım. Oğlumun 4 yaşı olmasına baxmayaraq o, 2-3 dəfə Gəncədə olub, buranın havasını udub, suyunu içib. Oradakı nənə, xala, bibilərinin sözləri vardı, onları çəkib Türkiyədə kanallara yolladıq.

© Photo : Courtesy of Huseyn Atam"Doruk media" tərəfindən çəkilən foto
Gəncə olaylarından qırıq oyuncaq maşını övladına aparan türkiyəli jurnalist: bu dəhşət idi - Sputnik Azərbaycan
"Doruk media" tərəfindən çəkilən foto

- Azərbaycanla bağlı tarixi uşaqlıqdan, daha dəqiq desək özünüzü dərk edəndən araşdırmağa başlamısınız.

- Həyatımda ilk qoşulduğum aksiya Xocalı olub. Onda mənim 8 yaşım vardı və bu aksiya İstanbulda təşkil olunmuşdu. Əlimdə bir afişa tutmuşdum. O zaman hər şeyi anlamırdım, sadəcə olaraq bilirdim ki, Azərbaycanda nəsə baş verib. Biz Xocalıya ədalət şüarları səsləndirirdik. Amma uşaq idim, sadəcə olaraq deyilənləri deyirdim. Artıq ibtidai məktəbi bitirdikdən sonra I Qarabağ müharibəsində nələrin baş verdiyini araşdırmağa başlamışdım.

Ümumiyyətlə, uşaqlıqdan Azərbaycana xüsusi sevgim olub. İstanbulda doğulsam da köküm İrəvandandır. Atalarım 1800-cü illərdə Arazın bu tayına köçüb, İğdıra yerləşiblər. İstanbulda doğulsam da, kökümün gəldiyi yerə hər zaman maraq göstərmişəm, bununla bağlı araşdırmalarım olub. Ümumiyyətlə, universitet illərində Azərbaycana böyük maraq göstərib bu dildə qəzetlər oxumuşam, mahnılar dinləmişəm.

Yadımdadır, o zamanlar Azərbaycanda rep qrupları təzə yaranmışdı, mən də Azərbaycan türkcəsini daha mükəmməl və tez başa düşüm deyə digər mahnı janrları ilə yanaşı, repləri də dinləyirdim.  

© Photo : Courtesy of Huseyn Atam"Doruk media" tərəfindən çəkilən foto
Gəncə olaylarından qırıq oyuncaq maşını övladına aparan türkiyəli jurnalist: bu dəhşət idi - Sputnik Azərbaycan
"Doruk media" tərəfindən çəkilən foto

- Bu son olaylar yəqin sizin yaddaşınızda silinməz izlər buraxdı.

- Mən Türkiyədə antiterror təhsili almışam. Savaşda ölmək də var, öldürmək də. Bu normaldır. Savaşda kişi kimi döyüşüb ölərsən də, öldürərsən də. Lakin gecə yataqda yatan dinc əhaliyə raket atmaq alçaqlıqdır, bu, insanlıqdan kənardır. Mənim üçün ən dəhşətli şey bu idi. Bir kişi, bir insan kimi mənim qeyrətimə toxunan bu olmuşdu. Şükür qələbə bizim oldu, amma bu, o demək deyil ki, bizə edilənləri unudaq. Əsla, unutmamalıyıq. 

Qeyd edək ki, həmsöhbətimiz ailəlidir, 1-i qız olmaqla 3 övladı var.

Xəbər lenti
0