07:29 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
201 0 0

İnzibati tənbeh almış şəxs eyni əməli 1 il ərzində təkrar törətməyə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə növbəti dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, Məcəlləyə yeni 275.4 və 275.5-ci maddələr əlavə olunub.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.

Qanunun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, plastik tullantıların miqdarı təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil artır.

"Araşdırmalara görə, plastik tullantılar düzgün idarə olunmadığı üçün ətraf mühiti çirkləndirir. Eyni zamanda torpağın dərin qatlarına keçərək, məhsuldarlığı da azaldır. Plastik tullantılar yanan zaman təbiətə toksiki maddələr atılır", - deyən ekspert bildirib ki, hələ 1994-cü ildə Danimarka polietilen torbaların pulsuz paylanmasına vergi tətbiq edib.

Mütəxəssis əlavə edib ki, hazırda bir çox Avropa ölkələrində dəfələrlə istifadə olunan parça torbalardan və tez parçalanan qablaşdırma materiallarından istifadəyə üstünlük verilir.

Azərbaycanda isə hər il adambaşına 24 kiloqram plastik tullantı düşür.

V.Əliyev əlavə edib ki, polietilen heç bir halda suyu udmur və ya keçirmir.

"Torpaqda yüz illər boyu çürümür, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. Qeyd etdiyimiz kimi artıq bir çox ölkələr polietilen və plastikdən imtina edib. Və müşahidələr sübut edir ki, ödənişli olduğu halda insanlar polietilendən imtina edə bilir. Yəni əslində buna heç bir o qədər tələbat da yoxdur", - deyən ekoloq əlavə edib ki, polietilen torbalar pulsuz verildiyi üçün insanlar həmin torpalardan sui-istifadə edirdi.

Sonradan bu torbalar zibilliklərdə yandırılırdı. Bu zaman isə havaya atılan toksiki maddələr sağlamlıq üçün təhlükə yaradırdı.

"Ümid edirəm ki, qanun qüvvəyə mindikdən sonra vətəndaşlar bu məsələdə daha diqqətli olacaqlar", -deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin deputatı Asim Mollazadə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun və  İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı qeyd etmişdi ki, qablaşdırmanı  məhz ikinci dəfə emal edilən kağız paketlərlə əvəz etmək üçün dövlət tərəfindən bu sahəyə müəyyən diqqət olmalıdır:

“Biz bir şeyi ləğv edərkən onun alternativini də düşünməliyik. Hökumətə tövsiyə verə bilərik ki, müvafiq müəssisələr yaradılsın, bu müəssisələrin yaradılması üçün iqtisadi və vergi güzəştləri olsun. Məqsəd iş adamlarımızın bu sahədə öz işlərini gücləndirə bilməsidir. Çalışmalıyıq ki, bu gün sintetik salafan istehsal edən müəssisələr kağızın təkrar emalına  keçsinlər. Dünya artıq bu yolu keçib. Avropada da, Amerikada da qablaşdırıcılar ikinci dəfə emal edilmiş kağızdan,  kartonlardan istifadə etməklə paketlər istehsal edirlər. Bu, təbiətə kimyəvi, sintetik qabların vurduğu qədər böyük ziyan vurmur”.

Əsas mövzular