20:29 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1120)
9630

"Mənim üçün vətən Zəngilandır. Ölkəmizin paytaxtı Bakı, biz məcburi köçkünlərin qəlbinin paytaxtı Zəngilandır. Mənim ən böyük arzularım Zəngilanla bağlı olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Müasir və səliqə ilə tikilmiş binalar, məktəb və uşaq bağçaları, uşaqlar üçün oyun meydançaları... Onlar boz dağların arasında salınmış bu şəhərcikdə məskunlaşanda bəlkə də bu tezliklə buradan da öz doğma torpaqlarına köçəcəklərinə inanmırdılar. Amma gün doğmadan nələr doğar deyirlər. Bakının Qaradağ rayonunda yerləşən Qobu Park, demək olar ki, artıq böyük köçün astanasındadır. Sputnik Azərbaycan paytaxtda yerləşən ən böyük məcburi köçkün şəhərciyindən reportajı təqdim edir.

Qobu Parkda bizə məlumat verilir ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə "Qobu Park-1", 2019-cu ildə isə "Qobu Park-2" yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. "Qobu Park-3" yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. "Qobu Park-3" yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına verilib. Amma yaxın vaxtlarda bu böyük şəhərciyin sakinləri öz dədə-baba yurdlarına, 27 ildir ki, həsrətini çəkdikləri ata ocaqlarına qayıdacaqlar. Torpaqlarımızın işğaldan azad olunması ilə bu şəhərcikdə köç əhval-ruhiyyəsi yaşanır.

© Sputnik / Irade JELIL
Qobu Park Yaşayış kompleksi

Abdullayeva Tamara Zəngilanın Şərifan kəndindəndir. 23 yaşında kənddən məcbur köçkün düşən T.Abdullayeva kəndlərinin azad olunma xəbərini eşidəndə ağladığını söyləyir. Məcburi köçkün həyatının çətinliyindən danışan həmsöhbətimiz köçkünlük dövründə 4 uşaq böyüdüb boya-başa çatdırdığını bildirir: "Biz həmin vaxt mühasirəyə düşmüşdük. Heydər Əliyev bizi mühasirədən qurtarmasaydı, yəqin ki, biz bu sevinci yaşaya bilməzdik. Kəndimizdən məcburi köçkün düşəndə Sabirabada gəldik. O illəri sözlə ifadə etmək çox çətindir. Həm torpağımızdan didərgin düşdük, həm də evsiz-eşiksiz çətin həyat yaşadıq. Müharibə başlayandan televizorun qarşısından kənara durmuruq. Elə Zəngilanın, Şərifanın azad olunması xəbərini də televiziyadan eşitdim. Bu xəbəri eşidən kimi hamımız ağladıq. Bu göz yaşı illərin həsrəti idi, gözümüzdə düyünlənib qalmışdı. Bu sevinci bizə yaşatdığına görə Ordumuza, Ali Baş Komandanımıza minnətdarıq. Bizi həsrətdən qurtardığına görə ömrümüzün sonunacan minnətdarıq prezidentimizə".

T.Abdullayeva deyir ki, kəndlərinin yolları, cığırları belə gözünün qarşısındadır: "Deyirlər, evimizin qara daşı qalıb. Amma biz Zəngilana adlayaraq, öz yurdumuzu tapacağıq. Buna heç kəsin şübhəsi olmasın".

© Sputnik / Irade JELIL
Tamara Abdullayeva

Tamara xanımın qızı Zeynəb Xankişiyevanın isə ən böyük arzusu Zəngilanda məktəbdə müəllim işləməkdir. 18 yaşlı Zəngilan sakini deyir ki, Zəngilanı anasının dilindən eşitdiyinə görə o torpağa ayaq basmaq ən böyük arzusu olub: "Mənim üçün vətən Zəngilandır. Ölkəmizin paytaxtı Bakı, biz məcburi köçkünlərin qəlbinin paytaxtı Zəngilandır. Mənim ən böyük arzularım Zəngilanla bağlı olub. Arzulayıram ki, təhsilimi başa vurduqdan sonra Zəngilanda, öz kəndimizdə müəllim işləyim".

Zeynəb Zəngilanda şagirdlərinə nələri danışacağını da artıq müəyyənləşdirib:

"Mən şagirdlərimə Zəngilan torpağına 27 illik həsrətdən danışacam. Bu illərdə biz məcbur köçkünlərin yaşadığı ağır günlərdən, öz doğulduğumuz torpağa toxuna bilməməyin acısından, Vətənsiz doğulmağımızdan danışacağam. Anam danışırdı ki, Zəngilan işğal olunanda onlar mühasirədə qalıblar. Ulu öndər Heydər Əliyev olmasaydı, Araz çayını dayandırmasaydı, Zəngilan Xocalıdan betər olardı".

İndi Zeynəbgilin ailəsi köç ərəfəsindədir. Anası Tamara xanım deyir ki, dövlətimiz onlara yaraşıqlı binalar tikib mənzillə təmin etsə də, onların evi Zəngilanda, Şərifandadır: "İnanırıq ki, dövlətimiz bizə öz torpağımızda bundan da yaraşıqlı evlər tikib verəcək. Yurd nisgilini heç nə əvəz edə bilməz".

© Sputnik / Irade JELIL
Zeynəb Xankişiyeva

Şəhərcikdə olarkən məcburi köçkünlərlə söhbətləşdikcə onların üzlərindəki sevinc ifadəsini sezməmək mümkün deyildi. Burada torpağı işğaldan azad edilmiş sakinlər torpağı hələ də işğalda olanlara bu sevinci yaşamağı arzulayırlar: "Bir-birimizə göz aydınlığı verəndə deyirik ki, şükür, köçkün adı üstümüzdən götürüldü. Həm torpaqsız, həm də köçkün adı ilə yaşamaq çox ağır idi. Biz bu 27 ildə nələr çəkmişik onu bir özümüz, bir də Allah bilir".

Sakinləri Qobu Park şəhərciyinin ayağının sayalı olduğunu söyləyirlər. Qəsəbə sakini Tahir dayı deyir ki, məcburi köçkünlərə yeni evlərin tikilməsi onların bəzilərində doğma yurda qayıdacaqlarına inamı azaltmışdı:

"Məcburi köçkünlər üçün yeni qəsəbələr, yeni şəhərciklər salındıqca bəziləri elə hesab edirdilər ki, bu evləri tikirlərsə, deməli, o torpaqları işğaldan azad etməyə inam qalmayıb. Amma mən sizə deyim ki, mənim ürəyimdə həmişə o yurda qayıtmağa ümid olub. Bəlkə, bu ümid olmasaydı, o cür zəngin təbiəti olan torpaqlardan çıxıb qəzalı binalarda, tələbə yataqxanalarında, nəhayət, bu boz dağların arasında yaşaya bilməzdik.

İllərdir ki, bizi bu çətin həyat şəraitində yaşadan məhz torpaqlarımıza qayıtmağa olan inam, ümid olub. Çox şükür ki, bu ümidimizi əsgərlərimiz, Ali Baş Komandanımız doğrultdu. Mən müharibə başlayandan boğçamı yığıb oturmuşam. Bizi işğaldan azad olunmuş torpaqlarımıza qaytaran avtobusun yolunu gözləyirəm..."

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1120)

Əlaqədar

Məcburi köçkünlər torpaq uğrunda döyüşən əsgərlərə kamuflyaj hazırlayırlar - REPORTAJ
Hər kəsin ürəyi orada döyünür: "Böyük Qayıdış" nə zaman başlanır?
Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar
Məcburi köçkünlər azad edilmiş torpaqlarda işlə təmin olunacaqlar
"Xarı bülbül"ü yaşadanlar - Yəhudi müəllim Qarabağ zərgərliyini öyrədir
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qayıdış, məcburi köçkünlər, işğaldan azad edilmiş ərazilər, Zəngilan

Əsas mövzular