23:44 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
49130

"Buraya yığışan hər kəs kimi mənim də içimdə böyük ruh yüksəkliyi var. Bu gün Azərbaycan kişisi evə yox, səngərə can atır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Kimisi oğlunu, kimisi qardaşını, kimisi də həyat yoldaşını yola salmaq üçün bu gün səhər saatlarından Yasamal rayonu ərazisindəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin qarşısına yığışmışdı. Üzlərində nə qorxu vardı, nə də ki təşviş... Elə Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin qarşısına toplaşan çağırışçılar arasında da böyük ruh yüksəkliyi hiss olunurdu.

Sputnik Azərbaycan müddətli həqiqi hərbi xidmətə yola düşən çağırışçıların və onları yola salan doğmalarının təəssüratlarını təqdim edir.

© Sputnik / Zulfiyya Guluyeva
Çağrışçılar

İlk həmsöhbətimiz pediatr Fuad Hüseynlidir. Həkim olsa da Vətən qarşısında borcunu ləyaqətlə yetirməyə gələn Fuad ailədə iki qardaş olduqlarını söyləyir. Fuad Hüseynlinin sözlərinə görə, ordudan 2013-cü ildə tərxis olunub: "Milli Orduda qulluq etmişəm. Ailədə iki qardaşıq. Bizim hər ikimizin canı bu Vətənə fəda olsun. Ordumuz ancaq qabağa gedir. Ona görə də buraya yığışan hər kəs kimi mənim də  içimdə böyük ruh yüksəkliyi var. Bu gün Azərbaycan kişisi evə yox, səngərə can atır. Hər kəs torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini vermək istəyir. Cənab prezidentin ətrafında sıx birləşərək öz gücümüzü Ermənistan silahlı qüvvələrinə göstəririk. Göründüyü kimi, Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir, hərbi texnikalarını, əsgər şərəfi sayılan silahlarını, papaqlarını cəbhədə qoyaraq qaçırlar. Ermənistan ordusunda qullluq edən əsgərlərə sözümüz budur ki, qorxun, biz gəlirik! Ordumuzun cəsur oğlanları sizi Azərbaycan torpağından qovanadək dayanmayacaqlar!"

© Sputnik / Zulfiyya Guluyeva
Fuad Hüseynli

Danışdıqca övladına fəxrlə baxan Fuadın anası Nailə Hüseynovanın üzündən qürur hissi yağır. Deyir ki, övladını ölümə yox, öldürməyə göndərir: "Hər bir ana kimi mən də oğlumla qürur duyuram. O, bu Vətən üçün lazımdırsa, hər an ayaqdadır. Bir həkim, bir əsgər kimi. Arzum odur ki, sağ-salamat gedib-qayıtsın. Vətən qarşısında borcunu şərəflə yerinə yetirsin".

Ötən ayın 30-da həyat yoldaşını könüllü döyüşə yola salan Səlimova Nigar isə bu gün yaxın qohumunu yola salmağa gəlib. Sputnik Azərbaycan-ın daimi oxucusu olduğunu söyləyən Nigar əsgər yoldaşı olmağı ilə fəxr etdiyini söyləyir: "Həyat yoldaşım Bəşirov Əziz Oqtay oğlunun orduda döyüşməsi ilə qürur duyuram. O, orduya könüllü yazıldıqda belə bir insanı sevdiyim, onunla ailə həyatı qurduğum üçün ən doğru qərar verdiyimi bir daha anladım. Ermənistan ordusundan fərqli olaraq biz ordumuzdan qələbə xəbərləri alırıq. Hər dəfə bu xəbərləri oxuduqda, bu qələbələrdə həyat yoldaşımın payı olduğu üçün fəxr hissi keçirirəm. Qeyd edim ki, mən Ordumuzun bütün qələbə xəbərlərini operativ şəkildə sizin Sputnik Azərbaycan saytının rus versiyasından oxuyuram. Təsdiqlənmiş xəbərləri oxuculara təqdim etdiyiniz, bizi operativ məlumatlandırdığınız, Azərbaycanın cəbhə bölgəsindən və müharibə dövründə cəbhədən kənarda baş verənlərlə bağlı dəqiq məlumatları görüntülərlə dünyaya çatdırdığınız üçün çox sağ olun. İnşallah, Ordumuzun qələbə xəbərini paylaşmağınızı arzulayıram".

© Sputnik / Zulfiyya Guluyeva
Nigar Səlimova

Mənsur İzzətoğlu isə 27 yaşlı oğlu İzzət Mənsuroğlunu Orduya yola salmaq üçün gəlib. Deyir ki, oğlu İzzət  müddətdən artıq çağırışçıdır: "İki oğlum var. Onlar təkcə mənim yox, Vətənin də övladlarıdır. Oğlumu böyük ruh yüksəkliyi ilə döyüşə yola salıram. İçimdə böyük inam var ki, o, qələbə ilə geri qayıdacaq. Demişəm ki, Vətəni də, özünü də qoru. Oğlum subaydır, inşallah, gələndə toyunu etmək arzusu ilə onu Vətən qarşısında borcunu şərəflə yerinə yetirməyə göndərirəm".

© Sputnik / Zulfiyya Guluyeva
Mənsur İzzətoğlu

Cəfərov Fuad Mehman oğlu isə bu gün ikinci oğlunu Vətənə öz borcunu vermək üçün yola salır. Həmsöhbətimiz deyir ki, oğlu Rüfət Cəfərovun 21 yaşı var. 2019-cu ildə ordudan təxris olunub: "İki oğlum var, bu gün ikinci oğlum da ordumuzun sıralarına yenidən qoşulur. O biri oğlum beş aydır ki, əsgərdir. Bir ata kimi fəxr hissi keçirirəm ki, onlar torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak edirlər. Bu onların müqəddəs borcudur. Oğlum Tovuzda Ermənistanın iyul ayında törətdiyi təxribatlardan sonra orduya getmək istəyirdi. Hətta məndən xəbərsiz gedib könüllü orduya yazılıb. Onu könüllü kimi qeydə alıblar ki, ehtiyac olanda çağıracaqlar. Bu gün çağırıblar, sevinə-sevinə, can-başla gəlmişik. Oğlum hərbi xidmətdə baş əsgər olub. İnanıram ki, işğaldan azad edilmiş torpaqlarımıza ilk qədəm qoyan əsgərlərdən olacaq".

© Sputnik / Zulfiyya Guluyeva
Cəfərov Fuad

Apardığımız müşahidələr zamanı Ermənistandan fərqli olaraq Azərbaycan çağırışçılarında və onları orduya göndərən valideynlərdə böyük ruh yüksəkliyinin şahidi olduq. Onların hər birinin üzündən sevinc, qələbəyə inam hissi duyulurdu.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)

Əlaqədar

MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb
Ermənistanın Qarabağda zərərsizləşdirilən hərbçilərinin sayı 1100-ü keçdi
Bərdə və Goranboy yenə atəş altında

Əsas mövzular