22:55 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
107 0 0

İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək

BAKI, 23 oktyabr — Sputnik. Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov məlumat verib.

O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur.

"Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Bu endemik bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir".

Nazir müavini qeyd edib ki, füsunkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarı bülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.

Eyni zamanda V.Kərimov onu da bildirib ki, Respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə, qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib: "İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək".

Teqlər:
vandal, erməni təxribatı, fauna, flora, Qırmızı kitab, ekologiya

Əsas mövzular