15:23 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
97 0 0

Samir Dübəndi: "Başqa dövlət tərəfindən işğal olunmuş əraziyə invesitisiya qoyaraq hotellər tikmək qanunsuz fəaliyyət və cinayətdir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Cəbhə istiqamətində gedən döyüşlərin 27 senyabr tarixindən etibarən yeni mərhələyə qədəm qoyması və Azərbaycan ordusunun uğurla irəliləməsi bir sıra kəndlərin, əraizlərin işğaldan azad olunması, Cəbrayıl şəhərinin də azad olunması turizm sektorunda çalışanlara zəngin torpağı, təbiəti olan Qarabağın turizm potensialı haqda düşünməyə imkan verir.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında Qarabağın turizm potensialından bəhs edib: "Hazırda əsas hədəfimiz işğalda olan torpaqlarımızın azad olunmasıdır. Bu gün şanlı ordumuz uğurla irəliləyir. Ümid edirik ki, tezliklə böyük mədəni irs daşıyıcımız olan bu torpaqlar bizə geri qayıdacaq".

"Dağlıq, meşəlik əraziləri əhatə edən Qarabağın turizm potensialı da çox yüksəkdir", - deyən həmsöhbətimiz qeyd edir ki, bu torpaqlar eyni zamanda da mineral və termal su mənbələri ilə də zəngin bir ərazidir. Erməni mənbələrinə istinad edən ekspert bildirir ki, bu gün Qarabağ ərazisində 50 hotel var. Burada bir neçə xarici şirkətin də adı çəkilir.

"Düşünürəm ki, gələcəkdə Azərbaycan ərazilərində bu şirkətlərin fəaliyyəti qadağan olunacaq. Çünki başqa dövlət tərəfindən işğal olunmuş əraziyə invesitisiya qoyaraq hotellər tikmək qanunsuz fəaliyyət və cinayətdir", - deyə Dübəndi bildirib.

Onun fikrincə, gələcəkdə həmin hotel və infrastukturun aqibətinin necə olacağını zaman göstərəcək. Rəqəmlərə gəldikdə isə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında ötən illər ərzində təxminən 15-16 min turistin Ermənistan vasitəsilə Dağlıq Qarabağa gəldiyi bildirilir. Ermənilərin bu illər ərzində orada infrastruktur formalaşdırmağa çalışmalarına baxmayaraq, bu, elə də böyük rəqəm deyil. Lakin torpaqlar işğaldan azad olduqdan, Qarabağ təhlükəsiz zonaya çevridikdən sonra orada turizmi inkişaf etdirmək olar:

"Hələlik ilkin mərhələdə turizmdən danışmaq mümkün olmayacaq. Çünki ilkin mərhələdə görüləcək digər işlər var. İlk növbədə ərazilər minadan təmizlənməli, infrastruktur yenilənməlidir. Ermənilər bilirdilər ki, gec-tez bu əraziləri boşaldacaqlar. Ona görə də həmin ərazilərdə geniş infrastuktur layihələr həyata keçirilməyib. Müqayisə üçün deyim ki, ötən il Göygöl Milli Parkımız 5 min turist qəbul edib. Təkcə ölkədə daxili turizmdən danışsaq, ötən il bu rəqəm yarım milyonla 700 min arasında dəyişib".

Ekspert bildirir ki, Qarabağda turizmin inkişafı üçün sıra kadrların əməyindən istifadə edilməlidir. Dövlət, özəl sektor, alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan turizm potensialı işlənib hazırlanmalıdır. Onlar Qarabağın həm təbii, həm də antropogen turizm resurslarını nəzərdən keçirməlidirlər.

"Düşünürəm ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq. Bundan məharətlə istifadə etsək, Qarabağı dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevirəcəyik. Ola bilsin, dövlət bu istiqmaətdə xüsusi proqram da qəbul etsin", - deyə Dübəndi bildirib.

Turizmçi hesab edir ki, Qarabağ turziminin inkişafı üçün yeni marşrutlar yaradılmalıdır. Dağlıq ərazi olduğundan, dağçılıq və alpinizm turizmi xüsusi qeyd edilməlidir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmi inkişaf etdirmək olar.

S.Dübəndi Qarabağda turizmin inkişafı ilə yanaşı ermənilər tərəfindən saxtalaşdırılan abidələrin də öz tarixlərinə qovuşmasının vacibliyini dilə gətirib.

Əsas mövzular