23:23 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
107810

Deputat: "İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur.

BAKI, 25 sentyabr — Sputnik. Övladlığa uşaq götürənlərə müavinət veriləcək. Bununla bağlı olaraq artıq layihə hazırlanıb və müzakirə mərhələsindədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığagötürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək. Valideyn himayəsindən məhrum olan və fiziki məhdudiyyəti olan 0-18 yaş uşaqlara görə 480 manat, 3-18 yaşlı uşaqların övladlığa götürülməsinə görə isə 160 manat müavinətin verilməsi təklif olunur.

Yeni qanun layihəsi ilə bağlı bir sıra məsələlər sual doğurur. Bu müavinətin aidiyyəti üzrə xərclənməsinə necə nəzarət ediləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev Sputnik Azərbaycan-a bildirib ki, ölkə başçısının övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqda 2018-ci ilin 10 dekabr tarixli 393 nömrəli fərmanı var. Bu fərmandan irəli gələn tədbirlərdən biri də valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin, dəstək mexanizmlərinin hazırlanmasıdır.

Nazirlidə bu fərmandan irəli gələrək övladlığagötürülmə sahəsində bir sıra işlər görülüb, bu ilin fevralında vahid qaydalar müəyyənləşib.

Şahmalıyevin sözlərinə görə, növbəti mərhələ övladlığa götürülməsi çətin hesab edilən uşaqların övladlığa verilməsinin təşviqinin stimullaşdırılması haqdadır. Bu kateqoriyaya valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud 0-18 yaş qrupunda olan uşaqlar daxildir.

"Bu gün övladlığa götürmək istəyən namizədlər demək olar ki, belə uşaqları övladlığa götürmək üçün müraciət etmirlər. Odur ki, bu işi təşviq etmək üçün "Sosial xidmətlər haqqında" qanuna dəyişikliklər paketi hazırlanıb. Dəyişikliklərdən biri budur ki, hansısa bir namizəd 0-18 yaş arası sağlamlıq imkanı məhdud uşaq götürmək istəsə, övladlığa götürmə haqda məhkəmə qətnaməsi verildikdən sonra həmin ailəyə aylıq olaraq 480 manat müavinət təklif olunur", - deyə departament rəhbəri bildirib. 

O əlavə edib ki, övladlığa götürmə üçün müraciət edən və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Vergi Məcəlləsində də bir sıra güzəştlər nəzərdə tutulub. Digər kateqoriya isə 3-18 yaş qrupu uşaqların övladlığa verilməsi haqdadır: 

"Əksər hallarda 0-3 yaşadək uşaqlar övladlığa götürüldüyündən 3 yaşdan yuxarı uşaqların ailə ilə təmin olunması prosesi gecikir. Bu səbəbdən də biz yaşı 3-dən yuxarı uşaqların övladlığa verilməsi üçün həmin ailələrə 160 manatlıq aylıq müavinət təklif olundu. Bundan başqa, belə uşaqlar övladlığa verilərkən də onların dövlət, özəl, ali ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq".

Maraqlıdır, indiyədək ölkədə 0-18 yaş qrupunda fiziki məhdudiyyətli uşaqların övladlığa verilməsi təcrübəsi olmadığı halda, 480 manat müavinətin verilməsi hansısa neqativ meyllər, məsələn, sırf bu vəsaitə görə, övladlığa götürmə kimi hallar yaratmayacaq ki? Və bu cür halların müəyyən edilməsi mexanizmi necə nəzərdə tutulur?

Nazirliyin rəsmisi deyib ki, bu cür halların qarşısının alınması üçün Ailə Məcəlləsinə istinad ediləcək. Məcəlləyə görə isə övladlığagötürmə bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələdə valideyn namizədlər qeydiyyata alınır. İkinci mərhələ övladlığagötürmədə uşağın mənafeyinin uyğunluğunun müəyyən edilməsidir. Digər mərhələ isə məhkəmə ilə bağlıdır.

"İkinci mərhələ özü bir neçə istiqamətdən ibarətdir. Bura müraciət edən valideyn namizədlərlə müsahibələrin aparılması, maddi-məişət şəraitlərinin yoxlanılması aiddir. Bu mərəhələdə sosial işçilərimiz tərəfindən hər hansı bu tip nöqsan aşkarlanarsa, həmin namizədlər növbəti mərhələyə keçməyəcək. Bundan başqa digər mərhələdə treninq aparılır. Yəni biz bir ay ərzində valideynə həftədə 3 saatdan az olmamaq şərti ilə onlara lazım olacaq bilik və bacarıqları ötürəcəyik. Bu bir ay ərzində həmçinin namizədlərin övladlığa götürmə ilə bağlı həqiqi istək və arzularını da öyrənmiş oluruq. Bu mərhələdən də uğurla keçən, imtahan verən valideynlər artıq uşaqla uyğunlaşma mərhələsinə gəlib çatacaqlar. Bundan sonra isə müəssisədə uşaqlarla görüş mərhələsi başlayacaq. Ayda 40 saatdan az olmayaraq valideyn namizəd övladlığa götürmək istədiyi uşaqla müəssisədə birgə zaman keçirmiş olacaq. Bu zaman bu vəziyyət sosial işçilərimizin nəzarətində olacaq. Hansısa neqativ hal aşkarlanarsa, bu zaman aidiyyəti üzrə addım, övladlığa götürülmənin uşağın mənafeyinə uyğunsuzluğu kimi qiymətləndiriləcək. Bu mərhələ ilə də işlər yekunlaşmayacaq. Sınaq müddəti veriləcək və bu zaman uşaq valideyn namizədin evinə sınaq müddətinə veriləcək. Sınaq müddətində sosial işçilərin birinci həftədə 3 dəfə, növbəti həftələrdə 1 dəfə ailələrə səfəri olur. Neqativ hal aşkarlanarsa, bu zaman övladlığagötürülmə uşağın mənafeyinə uyğun hesab edilməyəcək".

C.Şahmalıyev əlavə edib ki, hazırkı şəraitdə övladlığagötürmə ilə bağlı olan qaydalar müraciət edən namizədlərin həqiqi motivasiyasının nədən qaynaqlandığını üzə çıxarmağa imkan verir. 

Bəs uşaq ailəyə övladlığa verildikdən sonra, vəziyyət necə nəzarətə alınacaq?

Həmsöhbətimiz deyib ki, övladlığaverilmənin uyğunluğu haqda rəy verildikdən sonra məhkəmə həyata keçirilir. Məhkəmə müsbət rəy verərsə, uşaq ailəyə verilir və 18 yaşına çatanadək 1-ci ildə rübdə 1 dəfə, növbəti illərdə ildə bir dəfə olmaqla ailəyə monitorinq səfərləri təşkil olunur. Sosial işçilər tərəfindən uşağın ailədəki yaşam tərzi qiymətləndirilir. Bununla da uşağın ailədəki inkişaf mühiti, inkişaf perspektivləri yaxından izləniləcək.

Departament rəhbəri deyilənlərin hələ layihə şəklində və müzakirə mərhələsində olduğunu vurğulayıb. Qeyd edib ki, sözügedən müavinətlər yaşayış minimumuna bağlanılsın. Yəni yaşayış minimumunda artım olduqca, bu məbləğlər də artırıla bilər. 

C.Şahmalıyevin sözlərinə görə, valideynlər adətən 3+ yaşda olan uşaqları övladlığa götürməmələrinin səbəbini onların xərclərinin çox olması ilə izah edirlər: "Onlar belə uşaqların geyim, təhsil və sağlamlıq xərclərinin çox olduğunu deyirlər. Bu amillər nəzərə alınaraq ailəyə dəstək, təşviq məqsədilə belə uşaqlar üçün 160 manat müavinətin verilməsi təklif olunur. Amma etiraf edək ki, 160 manat müavinətə görə kimsə gəlib uşaq götürməyəcək. Burada məqsəd, 3+ yaşda olan uşaqları övladlığa götürmək istəyən, lakin maddi çətinlikləri olan ailələrə dəstək verməkdir. Biz müavinətə görə müraciət edən ailələrə də uşaq verməyəcəyik".

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Sputnik Azərbaycan-a bildirib ki, Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklərin olması təklif olunub. Bu dəyişikliklərə görə, valideyn himayəsindən məhrum edilmiş 3-18 yaşlı uşaqlara görə onları övladlığa götürənlərə ayda 190, fiziki məhdudiyyəti olan 0-18 yaşlı uşaqların övladlığa verilməsi üçün 480 manat müavinətin verilməsi nəzərdə tutulur. Məqsəd uşaqların övladlığa götürülməsini stimullaşdırmaq, belə ailələrə dövlətin maddi dəstəyini göstərməkdən ibarətdir.

"İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur. Ailədə uşaq daha çox sosiallaşır, qaynayıb-qarışır, özünü daha çox güvəndə hiss edir. Bununla həm də övladı olmayan, yaxud da övladı olub digər uşağı övladlığa götürən şəxslər üçün də bir mənəvi, psixoloji stimul yaranır. Dövlətin əsas siyasəti ondan ibarətdir ki, uşaqlar daha çox ailələrdə böyüsün", - deyə millət vəkili bildirib.

M.Quliyev qeyd edib ki, xəstəliyi və fiziki məhdudiyyəti olan uşaqlar əksər hallarda övladlığa götürülmür və onlar adətən dövlətin himayəsində böyüyürlər: "Bəzən əcnəbilər bu uşaqları övladlığa götürürlər. Bizim də məqsədimiz ondan ibarətdir ki, uşaqlar Azərbaycanda böyüsünlər. Bu səbəbdən yəqin ki, ayın 30-da bu məsələyə baxılacaq. Düşünürəm ki, bu, müsbət və pozitiv bir qanun layihəsidir".

Millət vəkilinin fikrincə, gələcəkdə yəqin ki, müavinətlərlə bağlı vəsaitlər artırılacaq: "Biz parlamentdə qanunun birinci oxunuşunda da təklif edəcəyik ki, yaşayış minimumu artdıqca, bu məbləğlər də artırılsın".

M.Quliyev bu cür uşaqların ali təhsil imkanlarının da dövlət tərəfindən qarşılanacağını vurğulayıb.

Əlaqədar

Övladlığa götürülən uşaqların sayı açıqlandı
Övladlığa verilmə ilə bağlı yeni qaydalar
Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək
Övladlığa götürülən uşaqların sayı məlum oldu
Övladlığa götürülən uşağa görə müavinətlərin məbləği açıqlanıb

Əsas mövzular