00:22 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
352250

"Avtomat sürətlər qutusunda siz pedalların ümidinə qalırsınız. Amma mexaniki sürətlər qutusunda yarı-yarıdır, bir növ sizin əlinizdədir".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Uşaqlıq sevgisinin ardınca getmək, onu daha da inkişaf etdirmək hər adama qismət olmur. Bunun üçün böyük iradə, əzm lazımdır. Elə müsahibimiz Fəxri Əsədov kimi.

O, avtomobillərə olan sevgisindən, gələcək planlarından Sputnik Azərbaycan-a danışıb: "Avtomobillərə marağım lap uşaqlıqdan yaranıb. Əksər oğlan uşaqlarında bu olur. Maşınlara olan sevgim filmlərdən, müxtəlif kompüter oyunlarından yarandı. Uşaqlıq sevgimi yarıda buraxmadım. Onu daha da inkişaf etdirdim".

Fəxri avtomobillərə olan sevgisini inkişaf etdirmək üçün ilk addımlarını atır: "Baxdım ki, ölkədə tüninq (avtomobilin zavod əyarlarını dəyişdirərək onu mükəmməl hala gətirmək - red.) sektoru necə inkişaf edib. O vaxtlar tanıdığım "BMW klub" idi. Mənim də BMW-lərə böyük marağım var idi. Yavaş-yavaş həmin klubun görüşlərinə getdim. Oranın üzvləri ilə tanış oldum. Onlardan da ən yaxını Hikmət idi, "Universal" qarajın təsisçisi. Hansı ki, avtomobil layihələrimizi onunla icra edirik".

© Sputnik / Shahperi Abbasova
Tüninq ustası Fəxri Əsədov

Qəhrəmanımız deyir ki, arzuları reallaşdıqca bu işə həvəsi artıb: "İlk avtomobilimi aldım, dərhal Hikmətin yanına gəldim. İki layihəmiz var hazırda: "Mandarin" ləqəbli "BMW-E36" kupe (onun üzərində 3 il çalışmışıq) və bu il "Mazda MX-5" markalı avtomobil aldıq. Mandarin əvvəl qara olub. Narıncı rəngi sevdiyimə görə o rəngdə boyadım. "Mazda" isə əvvəldən qırmızı idi. Onun rənginə toxunmayacam, çünki qırmızı ona çox yaraşır. Onu da qeyd edim ki, "Mazda MX-5" ölkədə təkdir. Ölkədə yeganə olan avtomobili almaq çətindir, onu yığmaq isə ikiqat çətindir. Digər avtomobillərlə müqayisədə ehtiyat hissələri heç yoxdur. Bütün ehtiyat hissələri xaricdən sifariş edirik".

Ali məktəbi polyak dili üzrə bitirən həmsöhbətimiz vurğulayır ki, bu bacarığından da tüninq üçün istifadə edir:

"İxtisasım bu sahəyə heç yaxın deyil. Bakı Slavyan Universitetini polyak dili üzrə bitirmişəm. İxtisasım ancaq mənə avtomobilin ehtiyat hissələrini axtarmaqda kömək olur. Universitetdə oxuyan zaman avtomobil proyektinə davam edirdim. Maddi baxımdan imkanımız olmadığından "Mandarin" proyekti 3 il çəkdi. Maddi problem olmasa, bir proyekti 6-7 aya bitirmək olar. Başqa sahədə də çalışıram, bununla yanaşı, "Youtube" kanalından gəlir əldə edirəm. Bəzi sponsorlara mənim videolarım maraqlı olur, reklam verirlər mənə".

Müsahibimiz növbəti avtomobil layihəsi haqqında danışıb: "Yeni başlayanda Almaniya istehsalı olan BMW markalı avtomobil idi ağlımda. Amma son illər oturub götür-qoy elədim. İstədim, bir dəfə də yapon istehsalı olan bir avtomobil olsun. Bu da "Mazda" markası oldu. Növbəti avtomobil proyektim SUV (Sport Utility Vehicle - "praktik idman maşını") və ya yapon istehsalı olan avtomobil ola bilər".

© Sputnik / Shahperi Abbasova
Tüninq ustası Fəxri Əsədov

Fəxri bildirir ki, müəllifi olduğu proyektlərə lazımi qiymət verilərsə, onu sata bilər. Amma hələ ki belə müştəriylə qarşılaşmayıb: "Bizdə bir problem var, avtomobil zavoddan çıxmış kimidirsə, heç bir yerində nasazlıq yoxdursa, onu aldığınız qiymətdən baha sata bilərsiniz. Məsələn, mən öz BMW-mi 4 minə almışam, 2-3 min xərc qoyum, onu 10 minə satım. Sadəcə, avtomobilə artıq xərc çəkəndə bir çox insanlar bunu anlamırlar. Buna görə də yolda, sosial şəbəkələrdə soruşurlar ki, "satmırsan?" Düşünürlər ki, 6-7 minlik avtomobildir, 10 minə-filan almaq olar. Sən ona deyəndə ki, mən ona 40 min pul xərcləmişəm, artıq onlar almaqdan vaz keçirlər. Təbii ki, proyektlərimizə istədiyimiz qiymət verilərsə, o zaman satmağı düşünərik, yəni "heç vaxt satmarıq" demirik. Çünki satmalıyıq ki, yeni proyektlərimizə başlaya bilək".

Son dövrlər avtomobil həvəskarları daha çox retro stilli avtomobillərə maraq göstərir, onlara yeni "nəfəs" verirlər. Müsahibimiz isə onlardan fərqli olaraq, daha yaxın keçmişimizin maşınlarını əhatə edən avtomobilləri sevir:

"70-ci illərdən əvvəl olan maşınlar o qədər də diqqətimi çəkmir. Daha çox 80-90-cı illərin avtomobillərini sevirəm. Hər iki avtomobilim 90-cı illərindir. Avtomobilin ili nə qədər köhnə olsa, onu restavrasiya etmək bir o qədər çətin olur. Detalların, ehtiyat hissələrin tapılması problemlidir. Vizual olaraq da retro avtomobilləri sevmirəm".

Avtomobil proyektlərinin müəllifi avtomobillərini övladı qədər sevir: ""Az rep"dən bir neçəsi təklif etdi. Amma mən istəmədim. Avomobilimin tez-tez, müxtəlif yerlərdə görünməsini istəmirəm. İstəyirəm öz proyektlərimdə görünsün ancaq. Bu, qısqanclıq deyil. Sadəcə düşünürəm ki, avtomobili icarəyə verdiyim şəxslər onunla necə rəftar edəcəklər? Onu yüksək sürətlə idarə edə bilər, onun üstündə otura bilər və s. Bu avtomobillərə öz övladım kimi yanaşıram. 3 il "Mandarin"ə əziyyət çəkmişəm, övladım kimi sevirəm. Hər nöqtəsini söküb-yığdıqca, durmadan onu düşünürsən, istər-istəməz sənə doğmalaşır".

© Sputnik / Shahperi Abbasova
Tüninq ustası Fəxri Əsədov

Fəxri avtobilini sevdiyi qədər, onunla uzaq səfərlərə getməyi də sevir. Necə deyərlər, həm cəfasını çəkir, həm də səfasını sürür: "Bir çox avtomobil sevərlərdən fərqli olaraq, mən avtomobilimi silib-təmizləyib qarajda saxlamıram. İstədiyim yerə gedirəm. Avtomobillə uzaq səfərlərə çıxmağı çox sevirəm. Yeri gələndə bir çox avtomobillərin getmədiyi yerlərə də gedirəm. Həm göz bəbəyim kimi qoruyuram, həm də istədiyim yerə gedirəm. Qubanın Xınalıq kəndinə getmək istədik. Gördük ki, artıq yol bizə icazə vermir yuxarı qalmağa. Ona görə də gedəcəyimiz yerə qədər getdik. Keçən il qış fəslində qarlı havada Qubaya getmişik. Ona görə də avtomobili həmişə saz saxlayırıq ki, getmək istədiyimiz yerə gedə bilək, bizi yarı yolda qoymasın. Bir çox insanlar avtomobillə uzaq səfəri özlərinə əzab hesab edirlər. Amma mən çox xoşbəxt oluram".

Avtomobil həvəskarının sürət həvəskarlarına da tövsiyələri var:

"Mən də sürəti sevirəm. Amma yolda, insanların sıx olduğu məkanlarda sürət həddini aşmıram. Onun üçün yüksək sürətə icazə verilən məkanlara gedib orada sürürəm. İnsanlara da tövsiyəm odur ki, sürət həddini aşmasınlar ki, həmişə avtomobil idarə etsinlər. Yüksək sürətlə təkcə özünün yox, ətrafdakıların da həyatını təhlükəyə atmış olursan. Məni də sürüşə dəvət edirlər. Mən qəbul etmirəm. Öz həvəsimə görə niyə kimlərinsə həyatını puç edim? Bundan da əlavə, istənilən halda səni buna görə cəza gözləyir".

Müsahibimizin avtomobildən bezdiyi vaxtlar da olub: "Bu, kənardan baxanlara asan görünür. Amma bəzən bir detalı dəyişəndə bəzi hissələri sökməli olursan. Həmin vaxt bəzən detal əlində qırılıb qalır, sökən vaxt başqa problemlər ortalığa çıxır. Bununla da bir-iki saatlıq işin günlərlə qalır. Bəzən detalı tapa bilmirsən, az büdcə ilə düzələcək işin baha başa gəlir. Bezirəm bəzən. Haradasa 1 ay, 40 gün ondan uzaq gəzirəm. Gedib başqa işlərlə məşğul oluram – çəkilişlər edirəm, video montaj edirəm, ideyalarım barədə düşünürəm. Bir müddət sonra yenidən yeni həvəslə, yeni ruhla öz işimə qayıdıram".

© Sputnik / Shahperi Abbasova
Tüninq ustası Fəxri Əsədov

Digər insanlardan fərqli olaraq, Fəxri pandemiya dövrünü səmərəli keçirib:

"Detalları əsasən qonşu Gürcüstandan alırdıq. "Mazda"nın detallarını isə heç Gürcüstandan da tapmaq mümkün deyil. Onları əsasən Amerikadan, bəzilərini isə Avropadan saytlar vasitəsi ilə alırıq. Amma indi ümumi olaraq limit 1000 dollardan 300 dollara endirildiyinə görə bu, bizim üçün çox böyük zərbə oldu. İndi biz ayda sadəcə 300 dollarlıq detal ala bilirik. Bu da bizim işimizi daha da çətinləşdirdi. Pandemiya dövründə isə çalışdıq ki, detal alacaq işimiz olmasın. Bu dövrdə əsasən əsaslı təmizliklə məşğul olduq ki, əvvəllər buna vaxtımız olmurdu. Karantinin sərt dövründə günümü qarajda keçirirdim, mənim üçün darıxdırıcı, mənasız keçmədi".

Əsədovun avtomobilləri mexaniki sürətlər qutusuna aiddir: "Mexaniki sürətlər qutusu sayəsində siz avtomobilinizi daha yaxşı hiss edə bilərsiniz. Döngələrdə, sürətlə hərəkət etdiyiniz vaxtda avtomobil tam performansını sürətlər qutusu vasitəsi ilə çatdıra bilir. Düzdür, indi texnologiya elə inkişaf edib ki, yeni avtomobillərdə artıq avtomat sürətlər qutusunda da tam performansı almaq olur. Amma mexaniki sürətlər qutusu sizə nostalji hisslər yaşada bilər, bundan əlavə, cibinizə daha uyğundur. Mexaniki sürətlər qutusu avtomat sürətlər qutusuna nisbətən daha az yanacaq sərf edir. Həm də təmiri daha ucuz başa gəlir. Mənə mexaniki sürətlər qutusu daha doğmadır. Avtomat sürətlər qutusunda siz pedalların ümidinə qalırsınız. Amma mexaniki sürətlər qutusunda yarı-yarıdır, bir növ sizin əlinizdədir".

Teqlər:
"BMW", "BMW" markalı minik avtomobili

Əsas mövzular