00:50 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
102310

Parolunu, şifrəsini unudan şagirdlər virtual.edu.az veb-saytında öz fin kodunu və istifadəçi adını yazaraq yenilənmiş şifrəni əldə edə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. "Virtual məktəb"də qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşib. Ötən tədris ilində şagirdlərin çox hissəsi "Virtual məktəb"də qeydiyyatdan keçsə də, onların çoxu bu sistem vasitəsilə keyfiyyətli təhsil ala bilməyiblər. Hətta bir müddət "Virtual məktəb"ə qeydiyyat mümkün olmayıb. Cari tədris ilində şagirdlər üçün yenidən "Teledərs"lər, "Virtual məktəb" vasitəsilə təhsil almaq imkanı yaradılır. Amma nədənsə, müəllim və şagirdlərin çoxu ZOOM vasitəsilə dərs keçməyə üstünlük verirlər. Sputnik Azərbaycan "Virtual məktəb" vasitəsilə təhsil almağın üstünlükləri, eləcə də yeniliklərin nədən ibarət olacağını araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Teledərs"lərə və onlayn təhsilə nisbətən "Virtual Məktəb" daha interaktiv metoddur. Lakin məsafədən idarəolunan təhsil forması ənənəvi təhsili əvəz edə bilməz:

"Heç bir texnologioya canlı ünsiyyəti əvəz etməyə qadir deyil. Amma bu, bizim seçimimiz deyil. Bu problemlə bütün dünya üz-üzə qalıb, çünki zamanın çağırışıdır. Mənim fikrimcə "Virtual Məktəb" layihəsi daha yaxşıdır. Teledərsə kimsə baxmaya bilər, "Virtual Məktəb"də isə qeydiyyat var, nəzarət etmək mümkündür".

Ekspert qeyd edib ki, bütün bunlarla yanaşı, "Virtual Məktəb"də texniki problemlər mövcuddur. Şikayətlər var ki, "Virtual Məktəb"də qeydiyyatdan keçə bilmirlər. Üstəlik, Bakının özündə bir sıra müəllim və şagirdlər "Virtual Məktəb"lə dərs keçə bilmirdilər. İsrafilov ümid edir ki, cari tədris ilində bu problemlər təkrarlanmayacaq.

Onlayn təhsil, arxiv şəkli
© REUTERS / HAMAD I MOHAMMED

Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlayn dərslərin təşkilində Təhsil Nazirliyi "Teledərs"lər və "Virtual məktəb" metodlarından istifadəyə üstünlük verib. Bu ilin martın 3-də respublikada tədris dayanandan nazirlik teledərslərin çəkilişinə başlayıb. Bunun da səbəbi televiziyanın bütün şagirdlər üçün əlçatan olmasıdır. 

Nəcəfovanın sözlərinə görə, "Virtual məktəb" aprelin 2-dən istifadəyə verilib. Burada da ən başlıca məqsəd teledərslərdə interraktivliyin təmin olunması, onun effektivliyinin müəyyən edilməsi olub:

"Çünki şagirdin öz biliyini möhkəmləndirməsi üçün başqa bir vasitə yox idi. Ona görə də "Virtual məktəb"də platforma yaradılıb. Burada həmin günün dərslərinə uyğun testlər yerləşdirilib. Bu zaman həmin şagirdin testi düz ya səhv işləməsini yoxlaması da mümkün idi. Daha sonra pandemiya uzandığından, ilin sonunda şagirlərin qiymətləndirilməsi üçün platformanın imkanlarından istifadə edib şagirdlə müəllimin görüntülü əlaqəsi təmin edildi. İlk başlanışda "Virtual məktəb" şagirdlər üçün olsa da daha sonra müəllimlər də qeydiyyatdan keçə bildi. Bu könüllü xarakter daşıyırdı. Biz hətta eyni evdən, bir mobil nömrə ilə bir neçə şagirdin qeydiyyatını da mümkün etdik. "Virtual məktəb"dən istifadə üçün rus və Azərbaycan bölmələrinin hər ikisi üçün iştirak mümkün idi".

F. Nəcəfova deyir ki, "Virtual məktəb"də ümumi qrupda şagirdlərin interaktiv alətlərə və testlərə əlçatanlığı təmin edilir. "Virtual məktəbdə" indeksli qruplarda şagirdlər öz sinif yoldaşlarını, müəllimlərini və özünü görürdü. Uşaqlara real məktəbdə hansı müəllim dərs deyirsə, virtualda da o müəllimin dərs deməsinə icazə verilir. Dərs zamanı şagirdlər müəllimlərini görə bilir, onlar yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat" funksiyasından istifadə edə bilirlər.

Şöbə müdirinin sözlərinə görə, ötən tədris ili "Virtual məktəb"də qeydiyyatdan keçən şagirdin təkrar qeydiyyatına ehtiyac yoxdur. "Həmin şagirlər ötən il 4-cü sinifdə oxuyurdularsa, bu tədris ili "Virtual məktəb"də avtomatik 5-ci sinfə keçirlər. Hətta şagird başqa məktəbə köçürülübsə, "Virtual məktəb"də də bu əksini tapır. Bu zaman yeni siniflə yanaşı, şagirdin köhnə sinifi də göstərilir. Bəzən sinifin tərkibində dəyişiklik olmur.

F. Nəcəfova deyib ki, "Virtual Məktəb"də dərs keçən müəllimlərə direktorların nəzarət etməsi də mümkündür:

"Respublika üzrə qeydiyyatdan keçmiş direktorlar səhifələrində öz məktəblərinin bütün sinifləri görə bilirlər. Bu, yeni tədris ilində yenilikdir ki, direktor 1-ci sinifdən tutmuş yuxarı siniflərə qədər istədiyi dərsə daxil olub baxa və davamiyyətini yoxlaya bilər. Bu yenilik əsasında direktorlar öz profillərində dərs dedikləri bütün sinifləri görürlər".

O ki, qaldı "Virtual Məktəb"də dərslərə müəllimlərin necə daxil olmasına, Nəcəfova bildirir ki, direktorlarda cədvəl var və o cədvəl üzrə müəllimlər həmin qruplara daxil edilməlidir. Əgər hər hansı müəllimin profilində sinif görülmürsə, deməli direktor müəllimi əlavə etməyib. Bakı məktəblərində həddən artıq çox sinif olur ki, direktor siniflərə müəllimləri əlavə etməyə vaxt çatdırmır. Bu zaman bu işi müavinlər də edə bilər.

Nəcəfova "Virtual Məktəb" sisteminin tamamilə yeniləndiyini də qeyd edib:

"Şagirdlərin yerdəyişməsi sentyabrın 14-də tamamlanıb. Məktəblərdə siniflərin komplektasiyaları sentyabrın sonuna qədər davam edəcək. Bu da sinif bölgüsündə problem yarada bilər. Biz ona görə sistemi yenilədik ki, ən son yeniliklər əlavə olunsun".

Şöbə müdiri "Virtual Məktəb" də ötən ildən qeydiyyatdan keçən, amma parol və şifrəsini unudanların yenilənmiş şifrə əldə etməsinin mümkün olduğunu söyləyir: "Parolunu, şifrəsini unudan şagirdlər virtual.edu.az veb saytında öz fin kodunu və istifadəçi adını yazaraq yenilənmiş şifrəni əldə edə bilər. Bəzən qeydiyyatdan keçdiyi mailini unudanlar da var. Tims.edu.az saytı vasitəsilə bunu öyrənmək mümkündür. Virtual məktəbin dəstək xidməti var ki, bundan da yararlana bilərlər".

F. Nəcəfovanın fikrincə, "Virtual məktəb"in üstünlüyü odur ki, bu platformada hamıya bərabər şərait yaradılır və hamı öz müəllimini tapa bilir. Onun sözlərinə görə, "Virtual məktəb" UTİS-ə (Ümumi Təhsil İnformasiya Sistemi) inteqrasiya olunub. UTİS isə məktəblərin bazasıdır. Burada şagirdlər və müəllimlər yer dəyişdikdə UTİS də və avtomatik olaraq "Virtual məktəb" də dəyişir. Qeydiyyatdan keçməklə şagird indeksli sinfinə daxil olub öz sinif yoldaşlarını və müəllimini tapa bilir. Bundan əlavə, "Virtual məktəb"in daha bir üstünlüyü ondadır ki, dərs limiti yoxdur. Şagird 3-4 saat, hətta bütün gün də dərsə davam edə bilər. "Virtual məktəb"də keçirilən bütün dərslər avtomatik qeydə alınır. Şagirdlər o dərsə təkrar baxa bilirlər. Yeniliklərdən biri də odur ki, "Virtual məktəb" oktyabrdan Azərbaycan dilində də fəaliyyət göstərəcək.

Həmsöhbətimiz onu da bildirir ki, "Virtual məktəb"də qeydiyyata limit yoxdur. Bu sistem hətta Naxçıvan üçün də əlçatandır. Naxçıvanda 50 mindən çox şagird, Respublika üzrə 90 mindən çox müəllim bu sistemdə qeydiyyatdan keçib. Ümumi qeydiyyatdan keçənlərin sayı 1,5 milyondan çoxdur. Amma bu rəqəmlər hər saat dəyişir.

O ki qaldı "Virtual Məktəb"də qeydiyyatla bağlı problemlərə, F. Nəcəfova deyir ki, bu zaman həmin şəxslər Təhsil Nazirliyinin "Qaynar Xətti"nə də zəng vurub dəstək ala bilərlər.

Qeyd edək ki, sentyabrın 8-dən etibarən "Virtual məktəb"də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılmışdı. Qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyırdı.

Əlaqədar

Teledərslər dayandırılacaq
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Virtual məktəbdə qeydiyyat dayandırılır

Əsas mövzular