01:07 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
111221

E.Fərzəliyev bildirir ki, Bakı şəhərində böyük avtoparklar salınması üçün torpaq qalmayıb. Elə buna görə də, dünya təcrübəsindən yararlanıb, yüngül konstruksiyalı 4-6 mərtəbəli avtoparklar tikmək mümkündür

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bir müddət əvvəl dayanma-durma qaydalarını pozan sürücülərə qarşı inzibati protokolların tərtib edilməsi Bakı Nəqliyyat Agentliyi ilə yanaşı, Dövlət Yol Polisi əməkdaşlarına da həvalə edildi. İndi dayanma-durma ilə bağlı qadağanedici nişanların olduğu ərazilərdə, mağaza, ticarət obyektləri, bank və s. xidmət müəssisələrinin qarşısında xüsusi parklama yerləri olmadığı təqdirdə sürücülərə 20 manat məbləğində cəza kəsilir.

Bakıda yolları süni şəkildə daraldırlar - Yaxşı eləyirlər, amma düz eləmirlər? - FOTO>>

Bu hal qanunvericiliklə qəbul edilsə də, digər tərəfdən vətəndaşların hüquqlarının pozulması deməkdir. Məsələn, hər-hansı parklama yeri olmayan obyektin qarşısında avtomobilini saxlayan şəxs oradan çıxanda cərimələndiyini görür. Obyektin maşın saxlamaq üçün yeri olmadığından vətəndaş avtomobilini haradasa saxlamalıdır. Obyektin qarşısında saxlayanda cərimə edilir, avtoparklama yeri yox. Bu halda vətəndaşlar nə etməlidirlər?

Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol kənarı bütün binaların birinci mərtəbələri müxtəlif profilli obyektlərə çevrilib.

"Bu gün hər-hansı bir vətəndaş hansısa bir iaşə obyektinə alış-veriş etmək üçün və ya hansısa xidmətdən istifadə etmək üçün gedəndə həmin obyektin öz avtoparkinqi yoxdursa, avtomobilini onun qarşısındakı küçədə saxlayıb gedirsə, avtomobil sahibi ya BNA, ya da DYP tərəfindən cərimə edilir. Bu qurumlar qanunvericiliyin tələblərini yerinə yetirsə də, bu zaman vətəndaşın hüququ müəyyən qədər pozulmuş olur. Çünki ərazidə obyektlər varsa, orada avtomobil saxlamaq üçün park yeri də olmalıdır", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ticarət obyektləri, iaşə müəssisələri tikilirsə, həmin müəssisə və obyektlərin tutumuna uyğun avtoparklama yerləri olmalıdır.

Amma bu gün avtoparkların tikilməsi nə obyekt sahiblərinin marağındadır, nə də bunun üçün yer var.

Belə olduqda isə vətəndaşlar çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalırlar.

"Məsələn, əgər vətəndaş ucuz bir marketdən alış-veriş etmək üçün gedirsə və çıxanda cərimələndiyini görürsə, təbii ki, bir daha o marketə getməz", - deyə o əlavə edib.

Ekspertin fikrincə, BNA özü avtoparkların salınmasına maraqlı olmalıdır. Eyni zamanda BNA ilə yanaşı, bələdiyyələr də avtoparkların salınması ilə məşğul ola bilər: "Amma təəssüf ki, bələdiyyələr öz məsuliyyətini dərk etmirlər. Bələdiyyələr bu işlə məşğul olsalar, həmin avtoparklar daimi olar və gəlir gətirər".

E.Fərzəliyev bildirir ki, Bakı şəhərində böyük avtoparkların salınması üçün torpaq qalmayıb. Elə buna görə də dünya təcrübəsindən yararlanıb, yüngül konstruksiyalı 4-6 mərtəbəli avtoparklar tikmək mümkündür.

"Yeraltı avtodayanacaqlar salınmalıdır. Belə dayanacaqlar tikilərsə, bu, vətəndaşın rahatlığını təmin edər, onu avtopark olmayan ərazilərdə maşın saxladığı zaman qarşılaşdığı cərimələrdən qurtara bilər", - deyə o əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istənilən məmur istədiyi vaxt piyada səkisini zəbt edə bilər, orada özü üçün istədiyi tikintini apara bilər. Yəni paytaxtda tikinti özbaşınalığı var. Vəziyyət tam nəzarətdən çıxıb.

Ekspert qeyd edib ki, Bakı şəhərində bu problemin qarşısını almaq üçün gərək Bakıda tikiləcək hər-hansı bir obyektə xüsusi parkinqin olması tələbi qoyulsun və heç bir obyekt yol kənarında tikilməsin: "Əks halda, Bakıda bu problem öz həllini tapmayacaq".

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müasir şəhər infrastrukturunun formalaşdırılması zamanı əhalinin sayının artması və avtomobillərə tələbat nəzərə alınaraq əlavə parklanma yerlərinin yaradılması vacibdir. Bununla yanaşı, avtomobillərin dayanma və durmanın qadağan olunduğu yol kənarlarında və nəzərdə tutulmayan ərazilərdə park edilməsi həm tıxacların yaranmasına, həm də insanların rahat hərəkət etməsinə maneə yaradır:

"Ümumiyyətlə, normativ sənədlərin tələblərinə əsasən, yaşayış və qeyri-yaşayış obyektləri üçün fərqli parklanma normaları mövcuddur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilən planlaşdırma sənədlərinə baxış zamanı bu normativ tələblərin gözlənilməsinə ciddi nəzarət olunur, tikinti aparılacaq ərazinin yeraltı və yürüstü imkanları diqqətdə saxlanılır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, tikintiyə icazə planlaşdırma sənədləri, yəni tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan və ya belə plan olmadıqda şəhərsalma əsaslandırılması sənədi əsasında verilir ki, həmin sənədlərdə zəruri parklanma yerlərinin nəzərdə tutulmasına Komitə xüsusi diqqət ayırır".

Əlaqədar

İki dayəsi olan "uşağımız" və 60 manatlıq tapmaca - pandemiya dövrünə heç yaraşmır
Bakı küçələrində rekord - paytaxtın yarısı təkər üstündədir
Cərimələr qatlanır? Yeni səlahiyyət sürücüləri çaş-baş salıb
Sən vurmadın, mən yıxılmadım, günahkar kimdir?
Teqlər:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı, cərimə, BNA, DYP, obyekt, parklanma, parklama

Əsas mövzular