Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Anar Eyyubov: Böyük dövlətlərin bizə təsir imkanları dilsiz də çoxdur

© Depositphotos.com / AndrewLozovyiМальчик во время чтения книги
Мальчик во время чтения книги - Sputnik Azərbaycan
Abunə olmaq
Son zamanlar antirusiya siyasi dalğalarının təsiri altında yenidən rusdilli məktəblər, ümumiyyətlə, rusdilli məkanın Azərbaycanda lazımsızlığı, hətta zərərliyi barədə fikirlər ictimai müzakirələrdə aktuallaşıb.

BAKI, 15 sentyabr — Sputnik.  Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı məsələ yenidən gündəmə gəlib. Ekspertlər, ziyalılar, siyasətçilər, sıravi vətəndaşlar bu məsələyə öz münasibətlərini həm media, həm də sosial şəbəkələrdə bu məsələyə öz münasibətlərini bildirirlər. Bir çox mövqelər təqdirəlayiqdir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Anar Eyyubovun bu aktual məsələ ilə bağlı fikirləri də çox maraqlıdır. Müəllif öz mövqeyini tutarlı arqumentlərlə izah edə bilib. Sputnik Azərbaycan Anar Eyyubovun məqaləsini təqdim edir: 

"Vaxtilə Bakının ən geniş və rahat ictimai nəqliyyat növlərindən biri tramvaylar idi. Lakin sonra hazır infrastrukturu olan, ekoloji və bir sıra digər müsbət cəhətləri olan tramvayları bəzi strateji, gələcəyi görmədən bu günün şəxsi maddi marağı ilə yaşayan “başbilənlərimiz” bu formalaşmış sistemi, resursu ballast hesab edərək məhv etdilər. İllər keçdi, bu nəqliyyat növünün aktuallığı artdı, hazırda fransız şirkəti ilə neçə milyonlar xərc və reallaşana qədər Bakı sakinlərinə illərlə əziyyət verəcək layihə barədə danışıqlar gedir...

Son zamanlar antirusiya siyasi dalğalarının təsiri altında yenidən rusdilli məktəblər, ümumiyyətlə, rusdilli məkanın Azərbaycanda lazımsızlığı, hətta zərərliyi barədə fikirlər ictimai müzakirələrdə aktuallaşıb. Və yenə az bir qismi ziyalı, böyük əksəriyyəti isə şüarçı vətənpərvərlilər olan cəmiyyətimizin bir kəsimi ətraflı, emosiyasız, soyuq məntiqlə məsələyə yaxınlaşmadan, dəyərləndirmədən Azərbaycandakı rusdilli təhsil məkanını ballast elan edərək məhv edilməsinə səsləyirlər. Bununla da fiziki nəql xəttlərindən heç də az əhəmiyyət kəsb etməyən (milli təhlükəsizlik nöqteyi-nəzərindən isə daha da çox) mədəni, intellektual dil nəql xəttindən məhrum olacağımızı dərk etmirlər.

“Meymun baxar güzgüyə, adını qoyar özgəyə”

1) Azərbaycan dilinin inkişafına mane, təhlükə törədir... Razıyam ki, müasir dövrdə dilin qorunması ən mürəkkəb, bəzən həlli görünməyən məsələlərdən birinə çevrilib. Xüsusən, fərqli, lakin hər mənada böyük və bir-biri ilə rəqabətdə olan tektonik dil plastları arasında sıxılıb qalmış Azərbaycan kimi kiçik dövlətlər üçün (bu mənada vaxtilə dahi yazıçımız Cəlil Məmmədquluzadənin “Anamın kitabı əsərində qoyduğu problem daha da kəskinləşib). Lakin qloballaşan dünyada bunun qarşısını inzibati yollarla almaq doğrudanmı mümkündür?  Fikrimcə, xeyr: dilin qorunması güclü, yaradıcı, nəinki zamanla ayaqlaşan – daha irəlini görə və arxasınca ora geniş kütlələri apara bilən dil daşıyıcılarının – tele və virtual məkanın, kino, teatr sahəsinin, yazıçı, ziyalı təbəqəsinin formalaşmasından keçir. Təbii ki, kiçik dövlərlər üçün burada xeyli siyasi, iqtisadi, mədəni problemlər mövcuddur. Biz Hindistan, Türkiyə kimi əsasən öz dildaşıyıcıları hesabına kinomuzu, ədəbiyyatımızı, teatrımızı rentabelli edib sonra qonşu, dünya bazarlarına çıxa bilmərik və dövlətin ana dilini, mədəni məkanı daimi maddi yardımlarla dəstəkləməsi mütləqdir. Dövlətin bunu hansı səviyyədə və necə etdiyini müzakirə etməyəcəyəm – bu yazımın predmeti deyil, lakin...

Sadaladığım sahələrin zəif, bayağı, primitiv olmasının, ana dilinin atasını yandırmalarının səbəbkarı rusdilli məkandırmı? Bəlkə beloruslu Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç kimi əsərlər yazıb belorus milləti və mədəniyyətini dünyada tanıtmağa rusdillilər mane olur?! Azərbaycan teleefirindəki verilişlərin böyük əksəriyyətinə baxmağın, qulaq asılmasının mədəni insan üçün təhqir hesab edilməsində rusdilli məktəblər müqəssirdir?

XX-ci əsrin əvvəllərində, zəmanəsinin ən mütərəqqi və maraqlı layihəsi olan “Molla Nəsrəddini” almağa, maariflənməyə yerli əhaliyə çar höküməti mane olurdu?! İndi isə “Molla Nəsrəddin”ə yaxın bir səviyyədə nə yazılı, nə vizual bir məhsul ortaya çıxarda bilməyən (ayrı-ayrı gözəl əsərlər yaradılsa da, onlar ictimai rezonansa səbəb olmur, geniş oxucu, dinləyici, tamaşaçı kütlələrinə çatmırlar) İctimai diskursda ədəbi azərbaycan dilində səviyyəli, gözəl ünsiyyət, diskussiyalar üçün darıxanların ön cərgəsində olanlardan biri də mənəm, amma, beynəlxalq səviyyəli bir əsərlə vəsf edə bilmədiyimiz Qarabağımızın canı üçün (Dünya camisində Qarabağı təbliğ edən bir futbol klubumuz var – kim bilir, bəlkə də bu layihənin uğurluğu məhz fəaliyyətinin boşboğaz vətənpərvərlikdən asılı olmamasındadır?!), onların barmaqla sayılacaq qədər az olması rusdilli məkanın mövcudluğundan qaynaqlanmır.

“Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır”

2)  “Rus dili xarici gücün imperiya iddialarının mədəni daşıyıcısıdır”...

Dil – bir vasitədir, bir kanaldır və insanların ona baxış bucağından asılı olaraq funksiyası dəyişir. Siz onu cinayətkarın əlində silah kimi görürsünüzsə, o, xəncərə dönəcək (hərçənd hətta bu halda belə iki tərəfi iti uclu olandır, yəni qarşı tərəf də ondan “zərbə” üçün istifadə edə bilər). Şəxsən mən onu cərrahın əlindəki skalpel kimi görürəm və düzgün istifadə zamanı bir çox problemlərə əlac rolunu oynayacağını düşünürəm. Böyük dövlətlərin bizə təsir imkanları dilsiz də çoxdur və müxtəlifdir. Bizim isə Rusiyaya təsir imkanlarımız, yumşaq desək, azdır, və dil kanalının bu mənada əhəmiyyəti birə beş artır...

Rusdilli məktəblər, rusdilli mədəni çevrə - bizə miras qalıb... Biz onun arzusu ilə yaşamamışıq, bizdən asılı olmadan formalaşıb. Lakin, bu artıq var, mövcuddur. Və müdrik əllərdə ballast deyil, effektiv istifadə edilə biləcək resursdur. Və əgər biz əlimizdə olan bu resursdan (məgər yalnız bu resursdan?!) səmərəli istifadə edə bilmiriksə, çarə resursdan imtina etməkdə, yoxsa özümüzün kamilləşməyimizdədir?! Respublikada keçirilən vətənpərvər xarakterli tədbirlərin çoxu sırf hesabat naminə keçirilirsə, uşaqlarımız və gənclərimizdə ikrah hissi doğurursa, dilimizə, mədəniyyətimizə maraq oyatmırsa, bunun rusdilli təhsillə nə əlaqəsi var?! (Hətta bir çox hallarda rus bölməsində keçirilən milli incilərimizi, dəyərlərimizi təbliğ edən tədbirlər səmimi və kreativ hazırlandığı üçün daha təsirli olurlar!) Qoy təhsilalanlar rusdilli geniş internet, elmi bazasından faydalanaraq milli elmimizi, mədəniyyətimizi, dünyagörüşümüzü artırsınlar. Bizim isə borcumuz təhsil dilindən asılı olmayaraq, hər bir şagirdə, tələbəyə qurultay-qurultay iclaslar, özümüzün də inanmadığımız (uşaqlar da bunu dərhal duyur) bayağı şüarlarla deyil, ədəbiyyatımızı, incəsənətimizi, tariximizi sevə-sevə, dilimizin incəliklərini bilə-bilə sevdirməkdir. Təhsil sistemində çalışan və vətənpərvərlikdən dəm vuran və təbliğata cavabdeh olanların neçə faizi yazıçılarımızın əsərlərini dönə-dönə oxuyur, şeirlərimizdən mənəvi həzz alaraq əzbər bilir, əsl vətənpərvər nümunəsi qismində çıxış edə bilər?! Bu suala səmimi cavab verin, bu səmtdə külli miqdarda səmərəsiz istifadə olunan maddi, zaman, insan və digər resursların illərlə hara yox olduğu sualını cavablandırın və sonra... Yalnız sonra rusdilli təhsil məkanının zərərindən, təhlükəsindən və kompleksli uşağın digər gecə kabuslarından bəhs edin.

P.S. Orta və ali təhsilimi rus dilində bitirmişəm. Məktəbdə rus bölümündə Azərbaycan ədəbiyyatını təbliğ etməyə çalışmışam – nədənsə ən çox Mirzə Şəfi Vazehin rübailərini bəyənmişdilər. Həm rus, həm Azərbaycan dilində şeirlər və felyetonlar yazıram.

Nizami və Puşkin inciməsinlər, Nəsimi və Lermontovun əsərlərinin vurğunuyam. Gözəl sözün, ifadənin aşiqiyəm – azərbaycanca, rusca, türkcə, ingiliscə, latınca – istənilən dildə. Son illər yalnız rus və türk telekanallarına baxıram, lakin “Qatarda”, “Axırıncı aşırım”a bənzər doğma dilimizdə müasir şedevrlərin yaranması arzusu ilə yaşayıram. Sazın səsi gələndə, yerimdə özümü zorla saxlayıram. İçimdəki azərbaycan, rus, türk mədəniyyətlərinə sevgim, bağlılığım, millətçiliyim, türkçülüyüm və kosmopolitliyim bir-birləri ilə gözəl uyuşur, bir dildə - insan dilində danışırlar... 

Bunu tərif və ya reklam üçün deyil, vətənpərvərliyin tədris dili ilə sırf bağlı olmadığının sübutu kimi gətirməyə məcburam. Vətənini sevən və gələcəyi üçün qarışqa tək çalışan, ura-patriotluqdan bezən, cəmiyyətimizin milli təfəkkür, milli gələcəyimizin problemlərinə həssaslıqla yanaşan azərbaycan, rus, türk dilində təhsil alan, dindar və ateist tanışlarım az deyil. Vətənə səmimi sevgi ilə yanaşı onları birləşdirən daha ümumi bir cəhət var – öz çevrələrində azlıq təşkil etmələri və cahilliyin, riyakarlığın, fanatikliyin, mədəniyyətsizliyin, dardüşüncəliyin geniş vüsat almasından can yanğısı, əsəb və ürək ağrısı... Siz hələ də azərbaycan-rus sektoru davasındasınızmı?"

Xəbər lenti
0