16:45 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
110050

Fərid Şəfiyev: Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. "Son zamanlar Azərbaycanda rus məktəblərinin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəxlaq Münasibətlərin Təhlili Mərkəzinin (BMTMT) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rus dili ilə bağlı müzakirələri şərh edərkən bildirib.

Fərid Şəfiyev qeyd edib ki, uzun illər post-sovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır: "Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Rus məktəblərinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur".

Mərkəz rəhbəri qeyd edib ki, bu baxımdan Azərbaycanda rus məktəblərinin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır: "Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilis dilinin mənimsənilməsini labüd edir".

Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rus məktəblərinin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur. Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rus məktəbləri nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər.

"Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər", Şəfiyev əlavə edib.

Mərkəz sədri onu da deyib ki, rus dilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir.

Əsas mövzular