00:32 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
99341

"Mütləq həmin ərazi tör-töküntüdən təmizlənməlidir. Əgər ərazidə söküntü materialları yığını, tullantılar varsa, orada təmizlik işləri aparılmalıdır ki, ilanların gizlənməsinə şərait olmasın".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Bakıda bir məhəlləni ilanlar basıb. Bu barədə Sputnik Azərbaycan-a həmin məhəllənin sakinləri məlumat veriblər. Nərimanov rayonu, Baksol qəsəbəsi, 2090-cı məhəllədə yaşayanlar bildiriblər ki, qonşu həyətdə sexlərin birinin ərazisində qazıntı işləri aparıldığından ilanlar məhəlləyə doluşub. Hətta kanalizasiya xətlərindən belə, ilanlar çıxır. Artıq ilanlar sakinlərin həyatı üçün təhlükəyə səbəb olub. Onların sözlərinə görə, həyətdə bir ilanı öldürüblər. Yaxınlıqdakı sexin həyətində də ilanlar görünüb. Sakinlər deyirlər ki, ilanlarla bağlı hansı quruma müraciət edəcəklərini bilmirlər.

Sputnik Azərbaycan ilanlarla bağlı sakinlərin hansı quruma müraciət etməli olduqlarını araşdırıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Sputnik Azərbaycan-a bildiriblər ki, qurumun ilanları yığmaq üçün bir xidməti yoxdur. İcra hakimiyyətindən bunun üçün sakinlərin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (RGEM) müraciət etməli olduğunu bildirdilər. RGEM-in direktoru Vaqif Abdullayev isə Sputnik Azərbaycan-a bildirib ki, siçovul və sair gəmiricilərə qarşı qurum tərəfindən dərmanlama işi aparılsa da, ilanlarla bağlı GEM-in heç bir xidməti yoxdur.

© Sputnik / Stringer
Nərimanov rayonu, Baksol qəsəbəsi, 2090-cı məhəllə

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun fəlsəfə doktoru, biologiya elmləri namizədi Təvəkkül İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İnstitutun da ilanları yığmaq üçün xidməti yoxdur: "Bizim institut elmi-tədqiqat institutudur. İlanları yığmaq üçün xidmətimiz yoxdur. Ümumiyyətlə, Azərbaycanda heç bir dövlət qurumu belə bir xidmət göstərmir. Halbuki buna ehtiyac var. Hətta Fövqəladə Hallar Nazirliyində də belə bir xidmət növü yoxdur. Ona görə də ümid qalır bu sahə üzrə ödənişli xidmətlərə. İlanları yığmaq üçün işçi heyəti olmalıdır, avtomobil, avadanlıqlar ayrılmalıdır. İşçini saxlamaq üçün vəsait ayrılmalıdır".

T.İsgəndərovun sözlərinə görə, ilanların məhəlləyə gəlməsinin səbəbi onların qışlamaq üçün yer axtarması ilə bağlıdır: "Görünür, yaxınlıqda ilanların gizləndikləri yeri dağıdıblar. İlanlar adətən tör-töküntü, səliqəsiz yerlərdə gizlənir. Artıq havalar soyuyur, ilanlar özlərinə qışlamaq üçün yer axtarırlar. Bu zaman harada səliqəsiz, abad olmayan yerlər varsa, oranı seçirlər. Heç vaxt abad ərazilərdə ilanlar olmur. Çünki onların gizlənməsi üçün şərait yoxdur".

O ki qaldı ilanların kanalizasiyadan çıxmasına, biologiya elmləri doktoru deyir ki, ilanlar rütubət olan yerləri sevir: "Görünür, kanalizasiyalarda onların qidalanması üçün qurbağalar, kərtənkələlər var. Bu da onları kanalizasiyalara cəlb edir".

© Sputnik / Stringer
Nərimanov rayonu, Baksol qəsəbəsi, 2090-cı məhəllə

T.İsgəndərov bildirir ki, kanalizasiyalarda yaşayan ilanlar zəhərsiz olur. Həmsöhbətimizin sözlərinə görə, bununla belə ilanların göründüyü ərazi diqqətdə saxlanılmalı, orada dərmanlama işləri aparılmalıdır: "Sakinlərin əlacı ona qalıb ki, sanqovşaqlara kəskin iyli təmizləyici maddələr töksünlər. İlanlar belə qoxuları sevmir. Həmin ərazidən uzaqlaşırlar".

Amma T.İsgəndərov ərazinin ilanlardan təmizlənməsi üçün bunun yetərli olmadığını söyləyir: "Mütləq həmin ərazi tör-töküntüdən təmizlənməlidir. Əgər ərazidə söküntü materialları yığını, tullantılar varsa, orada təmizlik işləri aparılmaldır ki, ilanların gizlənməsinə şərait olmasın. Həmçinin ilanyığanlarla danışmaq lazımdır ki, gəlib ərazidəki ilanları yığışdırsınlar".

Qeyd edək ki, Bakıda ilanların yığılması üçün Bioloji Müxtəliflik Mərkəzi tərəfindən xidmət göstərilir. Mərkəzin rəhbəri Babək İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu xidmətin adı ilanlara qarşı təhlükəsizlik xidmətidir. Amma xidmət ödənişlidir: "İlanların yığılması asan iş deyil. Bunun üçün işçi olmalı, avtomobil ayrılmalıdır. Biz illərdir ki, bu xidməti göstəririk".

Babək İsgəndərovun sözlərinə görə, xidmətin göstərilməsi üçün qiymətlər 50 manatdan 400 manatadək dəyişir:

"Elə olur ki, bir ərazini ilandan təmizləmək üçün bir neçə dəfə o ünvana getmək lazım gəlir. Bu baxır orada yaşayan ilanların sayına. Biz ilanları tutmaqla yanaşı, onların həmin yerə gəlməmələri üçün dərmanlama işləri də aparırıq. Sakinlər bizə müraciət edərlərsə, biz həmin ünvanda ilanları yığarıq".

B.İsgəndərov onu da bildirdi ki, bu yaxınlarda Nərimanov rayonu ərazisində gürzə ilanı öldürülüb.

Əlaqədar

Pandemiya dövründə zəhərlənmələrin sayı açıqlandı
Ağcabədidə köçkün evləri uçub - FOTO
İnsanlar üçün ən təhlükəli varlıqlar adamları birinci pillədən saldılar
İlanın əzabları insanların ürəyini ağrıtdı - VİDEO
Dünya şokda – Çində yayılan dəhşətli virusun mənbəyi tapıldı
Teqlər:
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, məhəllə, Bakı, ilan

Əsas mövzular