CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşuya baxıb, oda yaxılmaq - bizimkilər də sosial paket arzusundadırlar

© Sputnik / Irina AdamovaMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Düşünürəm ki, təklifin reallaşması üçün böyük bir vəsaitə ehtiyac yoxdur. Burada maksimum 10 min manat vəsaitdən söhbət gedə bilər" - Natiq Cəfərli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. İl başlayandan bütün dünyada pandemiyanın hökm sürməsi bir çox sahələrin iflasına, iş yerlərinin bağlanmasına səbəb oldu. Azərbaycanda da analoji problemlər qarşıdan gələn tədris ilinə valideynlərin hazırlıqsız çıxması ilə nəticələndi. Demək olar ki, əksər valideynlər iş yerlərini itirdiklərindən, yaxud da gəlirləri azaldığından övladının yeni tədris ili üçün tələbatlarını qarşılamaq imkanında deyillər. Çünki bu gün təhsil avadanlıqları, aksesuarları və geyimlərinin satış bazarında qiymətlər heç də aşağı deyil.

Digər ölkələrə nəzər saldıqda bir çoxunda məktəbli övladı olan ailələr üçün sosial paketlərin təsdiqini tapdığının şahidi oluruq. Çox uzaqda yox, elə qonşu Gürcüstanda biz bu təcrübəni görə bilərik. Belə ki, tədris ili başlayanadək 17 yaşına qədər uşağı olan bütün ailələrə hər uşağa görə 200 lari (110 manat) birdəfəlik yardım veriləcək. Bundan başqa, sosial müdafiəsiz və 150000 sosial reytinq balına sahib olan bütün tələbələrin 2020-2021-ci tədris ilində təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Eyni zamanda birdəfəlik 300 larilik yardıma görə müraciət edən, bununla belə yenə də təminat ala bilməyənlərin hamısına 300 larilik yardım köçürüləcək.

В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Valideynlərin uşaqlarını məktəbə göndərməmək hüququ olacaq

Əhaliyə sosial dəstək üçün qış aylarında (noyabr, dekabr, yanvar, fevral) vətəndaşların kommunal xərclərinin ödənməsi proqramı davam etdiriləcək.

Azərbaycanda təhsilin necə davam etdiriləcəyi uzun çək-çevirdən sonra bəlli olsa da, məktəblilər üçün nəzərdə tutulan bazarda sıxlığın bu qısa müddətdə necə aradan qaldırılacağı, qiymətlərin necə olacağı və valideynlərə hansısa təminatın olub-olmayacağı hələ ki sual doğurur.

Mövcud vəziyyət Azərbaycanda məktəbli övladı olan ailələrə sosial paketin ayrılması məsələsini gündəmə gətirib. Təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında bu məsələyə toxunub və onun zəruriliyindən danışıb: "Bildiyiniz kimi, martdan etibarən Azərbaycanda orta və ali təhsil müəssisələrinin fəaliyyətinin dayanması, eyni zamanda validyenlərin də bir çoxunun kütləvi olaraq iş yerlərini itirməsi onların gəlirlərinin aşağı düşməsinə səbəb oldu. Bu da valideynlərdə narahatlıq yaradır".

"Uşaqların orta ümumtəhsil məktəblərində dərsə getməsi üçün müəyyən addımlar atılmalıdır. Çünki ölkənin 4472 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır ki, onları da məktəbli formaları, məktəbli çantaları ilə təmin etmək lazımdır", - deyə ekspert əlavə edib.

O, zəruri olan addımlardan danışıb: "Valideynlərin maddi vəziyyəti o qədər yaxşı deyil ki, lazımi avadanlıqları alsınlar. Ona görə də dövlət tərəfindən də kömək olmalıdır. İlk olaraq digər məktəbli ləvazimatlarının da pulsuz verilməsi istiqamətində addımlar atılmalıdır.

Azərbaycan hökuməti tərəfindən sosial yönümlü addımlar əsas tutulduğundan bu addımın atılacağını gözləyirəm. Çünki məktəbli övladı olan valideynlərə birdəfəlik yardımın göstərilməsi də həyata keçirilə bilər. Necə ki, iş yerlərini itirən şəxslərə 190 manat ödənildi, eyni zamanda da valideynlərə də bu cür dəstək göstərilməlidir. Kartla onlara ödənişlər edilməlidir. Çünki bütün valideynlərin maddi imkanı yaxşı deyil ki, övladının məktəblə bağlı tələbatlarını qarşılasın".

Ekspert çox həssas bir məqama da toxunub: "Məktəblilərin daşınması məsələsi də çox önəmlidir. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi bəlli vaxtlarda xətlərə xüsusi avtobuslar buraxmalıdır ki, onlar yalnız şagirdlərin daşınmasını həyata keçirsin. Təəssüf ki, bu istiqamətdə real addımın atıldığını görməmişəm. Yəni belə bir addım atılarsa, valideynlərin maddi yükü azalar".

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar

Milli Məclisin deputatı Fazil Mustafa da Sputnik Azərbaycan-a açıqlamasında belə bir xəttin açılmasının vacibliyindən danışıb: “Məktəblilərin təhlükəsizliyi üçün belə bir xəttin açılması labüddür. Bunun üçün siyahılar hazırlanmalıdır. İndiki şəraitdə bunu validyenlərin imkanı ilə etmək çətin olar. Məktəblilərin daşınması yolları düşünülməlidir. Məktəblilər konkret məntəqələrdən, evdən götürülməli, dərsdən sonra yenidən ünvanlarına çatdırılmalıdırlar. Bu zaman xəstəliyin də qarşısını almaq mümkün olacaq. Milli Məclis oktyabrın 1-dən işinə başlayacaq və düşünürəm ki, bu məsələ işçi müzakirə qaydasında həllini tapmalıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli məktəblilərin daşınması üçün 10 min manatın kifayət edəcəyi qənaətindədir.

“Təklif gözəl olsa da, qeyd edim ki, yalnız büdcə məsələsi deyil. Bu, eyni zamanda həm də infrastruktur məsələsidir. Bakının küçələrinin darlığını, son bir neçə ildə yöndəmsiz tikililərin salınmasını nəzərə alsaq, bunu deyə bilərik. Bunun üçün bəzi yollarda məktəbli avtobuslarına xüsusi xətlər verilə bilər”, - deyə ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

“Düşünürəm ki, təklifin reallaşması üçün böyük bir vəsaitə ehtiyac yoxdur. Burada maksimum 10 min manat vəsaitdən söhbət gedə bilər. Bakıda 13 min məktəb var və onların avtobusla təminatı o qədər də böyük problem deyil”, - deyə o əlavə edib.

Digər millət vəkili Elşad Mirbəşirli Gürcüstan modelini təqdir edib: “Pandemiyadan zərərçəkmiş şəxslərə yardımların edilməsi gözəl təcrübədir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox ailənin büdcəsinə zərbə dəydi, müvəqqəti işsizlik meydana çıxdı. Bu halda sosial dəstək paketlərinin olması çox vacibdir. Dövlət tərəfindən bu məsələ diqqətdə saxlanıldı. Müxtəlif sosial layihələrin həyata keçirilməsi üçün maliyyə ayrıldı. Lakin konkret olaraq məktəbli övladı olan ailələr üçün hansısa dəstəyin olması çox yaxşı olardı.

Düşünürəm ki, Təhsil və Maliyyə nazirlikləri bu məsələni öz aralarında müzakirə predmetinə çevirə bilərlər. Bundan başqa, onlayn dərslərin daha keyfiyyətli keçirilməsi üçün müvafiq addımların atılması müzakirə oluna bilər. Ümid edirəm ki, bu müzakirələr aparılır”.

“Amma qeyd edim ki, bunadək də məktəblilərlə bağlı kifayət qədər humanitar addımlar atılıb, layihələr həyata keçirilib. Xüsusən qeyd edim ki, Heydər Əliyev Fondu tərəfindən intensiv olaraq məktəblilərin çanta və digər dərs ləvazimatları ilə təminatı həyata keçirilib. Əlavə olaraq vurğulamaq istəyirəm ki, "Gələcəyə baxış" konsepsiyasında da “Bir məktəbli - bir planşet” layihəsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, məktəblilər üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi dövlətin diqqətindədir”, - deyə millət vəkili bilidirib.

Bakı Nəqliyyat Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, məktəblilər üçün xüsusi daşınma xəttinin açılması hələ ki müzakirə olunmur.

Xəbər lenti
0