02:05 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
145330

Elnur Fərzəliyev: “Əgər sakinlərə mülkiyyət hüququ verilibsə, onların icazəsi olmadan, binada heç bir tikinti işi aparıla bilməz. Sakinlər istəsə, dərhal ərazidə tikintini dayandıra bilərlər”.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 avqust - Sputnik. Bakının Suraxanı rayonunda illər öncə istismara verilmiş çoxmərtəbəli binada yenidən tikinti işləri aparılır və mərtəbə sayı artırılır. Bu absurd addım xeyli vaxtdır ki, sosial şəbəkələrdə ciddi müzakirə predmetidir. Bəs ölkə qanunvericiliyi belə hallarla bağlı nə deyir?

Tikinti üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bildirib ki, bina hansısa layihə üzərində tikilib yekunlaşıbsa, o layihəyə sonradan dəyişiklik etmək olmaz. Lakin layihədə binanın 18 mərtəbədən ibarət olması nəzərdə tutulubla, bunun üçün müvafiq sərəncam alınıbsa, lakin bina 15-16 mərtəbədən ibarətdirsə, bu halda sonradan mərtəbə sayını artırmaq olar. Lakin bu zaman da bəzi nüanslara diqqət yetirmək lazımdır.

© Sputnik / Nigar Iskanderova.
Suraxanıda binanın üstündə tikinti

"Aidiyyatı orqanlar tərəfindən binaya baxış keçirilməlidir. Binanın bünövrəsinin, karkaslarının neçə mərtəbəyə uyğun gəldiyi yoxlanılmalıdır. Bundan sonra binada mərtəbə sayını artırmağa zərurət yaranarsa, artırmaq olar. Yəni bunun üçün ciddi əsaslar olmalıdır", - deyən ekspertin fikrincə, əlavə tikinti işlərinin aparılması binanın bünövrəsinə, ağırlığına problem yaradır. Bundan əlavə, orada yaşayan sakinlər üçün də narahatlığa səbəb olur.

"Əgər orada yaşayan sakinlərə mülkiyyət hüququ verilibsə, onların icazəsi olmadan, binada heç bir tikinti işi aparıla bilməz. Sakinlər istəsələr, dərhal ərazidə tikintini dayandıra bilərlər. Çünki cari tikinti binanın gələcəyi üçün də təhlükəli ola bilər", - deyə həmsöhbətimiz əlavə edib.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a bildirib ki, bənzər mənzərəni Yasamal rayonu ərazisində də müşahidə etmək mümkündür: "Yasamal rayonu ərazisində də belə bir bina var. Həmin binanın tikintisi 2006-2007-ci ildə tam başa çatıb. Məsələnin qanuni tərəfinə gəlincə, tikinti, quraşdırma, bərpa və söküntü işləri aidiyyəti dövlət qurumları tərəfindən razılaşdırılmış şəkildə aparılmalıdır. Hazırda bu məsələyə Dövlət Arxitektura Komitəsi cavabdehdir".

© Sputnik / Nigar Iskanderova.
Suraxanıda binanın üstündə tikinti

Ekspertin sözlərinə görə, binada yaşayış varsa, bu zaman tikintinin orada yaşayanlar üçün nə dərəcədə təhlükə yaradıb-yaratmayacağı da qiymətləndirilməlidir.

"Düşünürəm ki, binaya giriş-çıxış zamanı da müəyyən təhlükə yarana bilər. Küləkli hava şəraitində bu xüsusilə təhlükəli ola bilər", - deyə ekspert bildirib.

Qeyd edək ki, mövzu ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinə 1 ay əvvəl göndərdiyimiz sorğuya hələ də cavab verilməyib.

Əsas mövzular