19:59 15 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
65501

İndi yeni mərhələ başlayır: Karxanalar bağlanır, mişar daşının və müvafiq olaraq mənzillərin qiymətinin qalxması gözlənilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. "Yaxın gələcəkdə bir sıra karxanalar öz fəaliyyətini dayandıra bilər. Bu gün tikinti bazarında müxtəlif kirəmit maddələr, rezin və digər süni materiallardan hazırlanan tikinti materialları meydana çıxıb və ona görə karxanaların sayının azalması təbiidir. 

Karxanaların ətraf mühitə mənfi təsiri var və buna görə onlara fərdi qaydada illik ödəmələr müəyyən edilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Qeyd edək ki, hazırda Bakıda bir mişar daşının qiyməti təxminən 45-50 qəpiyədir. Əvvəlki illərə nisbətən mişar daşının qiymətində artım var. Bəs bütün bu proseslər tikinti bazarına və mişar daşının qiymətinə necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, daş karxanaların fəaliyyətini ekoloji standartlara uyğunlaşdırmaq üçün qanunvericilikdə kifayət qədər müddəalar var: "Daş karxanalarının fəaliyyətini ekoloji standartlara uyğunlaşdırmaq daha doğrudur. Əgər bir sıra karxanalar fəaliyyətini dayandırsa, bu, tikinti bazarında qiymət artımına, tikinti obyektlərində müəyyən materialların çatışmazlığına səbəb ola bilər. Ona görə də ekoloji standartların tətbiqi ilə karxanaların fəaliyyətinə şərait yaratmaq daha doğru yanaşma olardı".

"İndiki dövrdə düşünmürəm ki, çox qısa zamanda daş karxanaların məhsullarını əvəz edə biləcək tikinti materialları bazara çıxarılsın. Daş karxanaların məhsullarını əvəz edə biləcək yeni tikinti materialları bazara çıxarılsa belə, insanlar onların qiyməti ilə mişar daşının qiyməti arasındakı fərqə baxacaqlar. Hansı daha sərfəli və dayanıqlı olacaqsa, əhali ona üstünlük verəcək. Bunu da bazar tənzimləyəcək. Mişar daşının qiyməti qalxacaqsa, bunun evlərin qiymətinə təsiri olacaq", – deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, daş karxanaların hansı əsaslarla bağlanacağı məsələsinə diqqət etmək lazımdır: "Bir var ki, bazarda tələb aşağı düşür, məhsula ehtiyac olmur və daş karxanalar fəaliyyətini dayandırır. Belə olanda bunun mişar daşının qiymətinə ciddi təsiri olmur. Amma bir də var ki, ekoloji standartlara cavab verməyən müəssisələrin fəaliyyəti dayandırılır. Yəni ekoloji baxımdan daş karxanalarının fəaliyyəti məqsədəuyğun hesab edilmirsə, fəaliyyəti dayandırılırsa, bu zaman bazarda təklif aşağı düşəcək və bazarda qiymətlər artacaq".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, 3 il əvvəl Azərbaycanda 800-dən artıq daş, çınqıl və qum karxanası fəaliyyət göstərirdisə, hazırda onların sayı 300-ə düşüb: "Ümumilikdə fəaliyyəti dayandırılan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat həddində olub. Bunun 15 milyon 600 min manatı Ətraf Mühitin Mühafizəsi Fonduna artıq ödənilib, ödənilməyən hissəsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib, hətta bir hissəsi barədə qərar çıxarılıb və məcburi qaydada ödənilməsi həyata keçiriləcək".

Əsas mövzular