07:51 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
166810

Ekspertin fikrincə, əkin sahələrinin yandırılması torpaq sahələrinə zərər verməklə yanaşı, ətraf üçün də böyük təhlükə yaradır. Bununla bağlı aidiyyəti qurumlar dəfələrlə sahibkarlara müraciət edib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Kənd təsərrüfatında məhsul yığımından sonra əkin sahələri çox zaman yandırılır. Təsərrüfat sahibləri bunu torpağın küllə gübrələndiyi, ziyanvericilərin məhv edildiyi, bir sözlə, faydalı olduğu üçün etdiklərini iddia etsələr də, ekspertlər hesab edirlər ki, əkin sahələrinin yandırılması torpaqların münbitliyinin itirilməsinə səbəb olur. Belə ki, əkin sahəsi yandırılan zaman bitki qalıqları, humus qatı, torpaq mikroflorası və mikrofaunası yanır, məhsuldarlıq aşağı düşür.

Kənd təsərrüfatı üzrə ekspert Kərəm Əliyevin Sputnik Azərbaycan-a dediyinə görə, əkin sahələrinin yandırılması kənd təsərrüfatına yararlı torpaqların münbit qatının korlanmasına səbəb olur. Torpaq məhsuldarlığını itirir: "Bundan başqa, əkin sahələrinin yandırılması yaxınlıqda olan meşə sahələrini, yaşayış sahələrini də yanğın təhlükəsi ilə qarşı-qarşıya qoyur. Yanğınlar zamanı yüksək gərginlikli elektrik xətləri də zərər görür”.

"Bəzən sahələri yandıranlar düşünür ki, sahəni yandırmaq torpağa aqrotexniki baxımdan faydalıdır. Kül torpağa gübrə effekti təsiri göstərir. Bundan başqa, belə düşünülür ki, yanğın zamanı gəmirici və həşəratlar məhv olur. Amma başa düşmək lazımdır ki, bu sadəcə elmə əsaslanmayan fikirdir. Torpağın yandırılması zamanı torpağa çox zərər dəyir. Torpağın münbitliyinin geri qaytarılması üçün illər lazım olur" – deyən ekspertin fikrincə, yanğın zamanı atmosfer havası çirklənir və ətraf mühitə güclü zərər dəyir.

"Əkin sahələrinin yandırılması daha çox taxıl yığımı zamanı baş verir. Sahələrin yandırılması bütün ölkə ərazisində özünü göstərir. Düzdür, hər dəfə bunun yolverilməz olması ilə bağlı fermerlərə xəbərdarlıq edilir. Ancaq təəssüflər olsun ki, belə hallara yenə rast gəlinir", – deyə o qeyd edib.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, əkin sahələrinin yandırılması İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsi ilə tənzimlənir. Belə ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin ikinci hissəsində qeyd edilir ki, əkin yerinin yandırılması qadağandır.

Ekspertin fikrincə, əkin sahələrinin yandırılması torpaq sahələrinə zərər verməklə yanaşı ətraf üçün də böyük təhlükə yaradır. Bununla bağlı aidiyyəti qurumlar dəfələrlə sahibkarlara müraciət edib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əkin sahələrinin, otaqların, tarlaların insanlar tərəfindən aidiyyəti üzrə müvafiq qurumlarla məsləhət edilmədən yandırılması və nəzarətsiz qalması genişmiqyaslı yanğınlara səbəb ola bilər: "Bu səbəbdən də, əkin sahəsinə od vurub yandırmazdan öncə ərazi üzrə kənd təsərrüfatı şöbəsinə və ekologiya idarəsinə məlumat vermək lazımdır. Təbii ki, bu qurumlar yanğının həm həmin ərazidəki torpaqların sonrakı istifadə üçün zərərli olub-olmadığını bildirəcək, həm də burada təhlükəsizlik tədbirləri görmək üçün lazımi məsləhət və tövsiyələri, inzibati işləri görəcəklər. Bundan sonra hava şəraiti nəzərə alınmalıdır, yəni hava küləkli, yaxud normadan yüksək istidirsə, sahəyə od vurmaq məqsədəuyğun deyil. Bu yanğının istiqamətini dəyişə və fəsadlara yol açar. Əgər ərazidən yüksək gərginlikli elektrik xətləri keçirsə, ərazi meşə sahəsi və yaşayış məntəqəsinə yaxın yerləşirsə, bunu ekologiya idarəsinə məlumat vermədən, təhlükəsizlik tədbirləri görmədən etmək olmaz. Ərazi üzrə ekologiya idarəsinin nümayəndələri ehtiyac duyarsa FHN-in yanğından mühafizə bölməsinə məlumat verəcəklər və lazım olan bütün təhlükəsizlik tədbirləri görüldükdən sonra yandırmağa başlamaq olar. Bilmək lazımdır ki, yandırılacaq ərazi perimetr boyu şumlanıb yanacaq otlardan ayrılmalıdır. Bu, yanğının digər sahələrə keçməsinin qarşısını alar". 

Ekspert qeyd edib ki, ümumiyyətlə yandırılacaq ərazinin coğrafi relyefinə, yaxınlıqda olan obyektlərə, strateji əhəmiyyətli qurğu və mexanizmlərə diqqət yetirilməlidir.

"Yandırılması nəzərdə tutulan ərazinin yaxınlığından magistral qaz xətti, yüksək gərginlikli elektrik xətləri, yanacaqdoldurma məntəqələri və s. bu kimi təhlükə potensialı yüksək olan obyektlər ola bilər. Təbii ki, belə nüanslara diqqət etmək lazımdır. Daha sonra yandırılacaq ərazi ehtiyat su çənləri ilə təmin edilməli, yanacaq ərazi tullanılmış konservant polietilen qablardan, sellofan, kauçuk və rezindən təmizlənməlidir. Çünki bunlar kimyəvi tərkibə malikdir və toksiki xarakter daşıyır. Həm ekologiyaya ziyan vurur, həm də insanlarda zəhərlənməyə səbəb olur. Ən sonda yanğın tam söndürüldükdən və buna əmin olduqdan sonra ərazini tərk etmək lazımdır", – deyə E.Nurəliyev bildirib.

Əsas mövzular