12:11 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
122621

Bərdə rayonunun Çələbilər kəndinin əhalisi hələ sovet dövründə içilməsi məsləhət bilinməyən su ilə dolanır. O suyu əldə etmək isə başqa bir macəradır.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Bərdə rayonunun Çələbilər kəndində içməli sudan ötrü sakinlər sözün həqiqi mənasında haray çəkirlər. İçməli su götürmək üçün adamlar qablarını kəndin mərkəzindəki arteziandan doldururlar. Bu barədə Sputnik Azərbaycan-a danışan kənd sakinləri hazırda istifadə olunan artezian quyusunun 1972-ci ildə əkin sahələrini suvarmaq məqsədilə qazıldığını deyiblər. 1200 nəfər çələbili aradan 50 il keçməsinə baxmayaraq indi də bu artezianın ümidinə qalıb. Kənddə yaşayanlar arasında yod xassəli xəstəliklərin artmasını da onlar məhz içdikləri suyun normaya uyğun olmaması ilə bağlayırlar.

Çələbilər kənd sakini Etibar Zakirov əsas problemlərindən birincisinin içməli su olduğunu deyir: "Biz də istəyirik ki, rahatlığımız olsun, təzə artezian quyusu qazılıb, küçələrimizə su verilsin. Hər birimizin evinə verilməsə də, iki-üç evdən bir küçələrdə içməli su kranları quraşdırılsın. Başqa kəndlərdə olduğu kimi, bizim də içməli su ilə təmin olunmağımıza köməklik göstərilsin".

Onun sözlərinə görə, əkin-biçinlə məşğul olduqlarından qızmar günəş altında tarlada işləyib, evə qayıdanda əl-üz yumağa, içməyə su tapa bilmirlər. İstirahət vaxtını da kəndin mərkəzindəki arteziandan su götürmək üçün gedib-qayıtmağa sərf edirlər -  sabahı gün də eyni mənzərə.

© Sputnik / Musa Muradli
Bərdə rayonunun Çələbilər kəndində artezian quyusu

"İçməli su sarıdan çətinlik çəkirik. Qadınlarımız tarlalarda işləyib evə qayıdır, sonra da uzaq məsafədən yorğun gəlib buradan su aparırlar. Ona görə də evlərə içməli su çəkilsə, yaxşı olar. Əgər bu mümkün deyilsə, evlərin yaxınlığında bulaqların qurulması da bizi qane edir. Yetər ki, kəndimizin içməli su problemi azacıq da olsa, yüngülləşsin", - Çələbilər kənd sakini Elzamin Şirinov şikayətlənir.

Elzamin Şirinov bildirir ki, içməli suyu daşımaq üçün çox vaxt həyat yoldaşına kömək edir. Gecə vaxtı itlərin hücumundan ehtiyatlandığı üçün həyat yoldaşının əvəzinə su aparmağa gəlir. Kənd yerlərində adətən suyu hər evin öz xanımı səhəng, ya da güyümlə daşıyır. Çələbilər kəndində də içməli suyun evlərdən uzaqda yerləşməsi bilavasitə qadınların qayğısını artırıb.

Çələbilər kəndinin digər sakini Zahir Mahmudov sosial inkişafdan geridə qaldıqlarını söyləyir: "İndiki vaxtda kəndlərin sosial inkişafı istiqamətində layihələr gerçəkləşdirilir, amma biz hələ də içməli su problemi yaşayırıq".

Zahir Mahmudovun sözlərinə görə məsələ ilə bağlı yerli hakimiyyət orqanlarına müraciətlər edib, yuxarı hakimiyyət orqanlarına da məktub göndəriblər. Ümid edir ki, içməli su ilə bağlı çətinliklərinin aradan qaldırılmasında onlara lazım olan dəstək veriləcək.

"Tarladan evə dönəndə birinci su içib, sərinləməyə ehtiyac duyduğun halda biz bu imkandan məhrumuq. Başqa kəndlərdə sakinlərin problemləri tədricən həll olunur. Evlərə, küçələrə su çəkilir. Bizim kəndimizdə isə içməli su problemi qalır", – Sahibə Əzizovanın gileyini həmkəndliləri Nuridə Behbudova və Çimnaz Rəsulova da təkrarlayırlar.

Çələbilər kənd sakinlərinin adından yuxarı hakimiyyət orqanlarına məktub yazan Mübariz Əzizov bildirir ki, hələ ötən ilin aprel-mart ayında "Azərsu" ASC-yə və daha yuxarı instansiyalara problemlərinin həllinə dəstək olmaq üçün müraciət ediblər. Məktuba cavab gəlsə də bu günə qədər iş görülməyib.

© Sputnik / Musa Muradli
Bərdə rayonunun Çələbilər kəndində artezian quyusu

"Kəndimizdə 147 şagird var. Uşağımız da, böyüyümüz də - hamı bu iylənmiş sudan istifadə edir. Bu da bizim sağlamlığımıza zərərdir. Sovet hökumətinin vaxtında hətta bu sudan içmək qadağan edilmişdi. Analiz nəticələrinə görə, içməli su kimi yararsız olduğu müəyyənləşdirilmişdi. Bu quyu ancaq əkin suvarmaq üçün qazılıb", - deyə Mübariz Əzizov əlavə edib.

Bərdə rayon İcra Hakimiyyəti başçısının Çələbilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Faiq Musayev Sputnik Azərbaycan-a bildirib ki, kəndin içməli su problemi həm başçının, həm də deputat Zahid Orucun nəzərinə çatdırılıb. Məsələ ilə bağlı "Azərsu"nun mütəxəssisləri kənddə olublar. Çələbilər kəndindəki içməli su problemi artıq nəzarətdədir. Güman etmək olar ki, məsələ müsbət həllini tapacaq.

Əlaqədar

Vaxtında edilmiş ixtira: Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq
Cənub Muğan kanalı quruyub – Onlarla kənd susuz qalıb
Neftçalalılar üçün su gəldi, amma heç gözləmədikləri yerdən
İstəmirəm qram-qram... Yeddi çaydan bir qurtum ala bilməyənlərin əsəbi tarıma çəkilib
Vəziyyət gərgindir - Kranlara su noyabrda gələ bilər

Əsas mövzular