17:38 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
69310

Kirayə ev axtaran vətəndaşların sayı çox olsa da, hamı ucuz ev istəyir. Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 300-350 manata həm axtarılır, həm də kirayə verilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Hər il yeni tədris ilinin başlanması ilə bağlı avqust ayında kirayə bazarında canlanma müşahidə edilirdi. Bu il pandemiya ilə əlaqədar bazarın bu seqmentində durğunluq yaransa da, mütəxəssislər hesab edirlər ki, son həftədə az da olsa, hərəkətlilik sezilir.

Amma bu dəfə vətəndaşlar kirayə tutmaq üçün daha ucuz ev axtarırlar.

Hazırda kirayə bazarında vəziyyət necədir? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, son bir həftədə paytaxtda kirayə bazarında bir hərəkətlənmə müşahidə edilib. Belə ki, ucuz kirayə evlərə tələbat artıb.

"Hazırda hamı 250 manata ev axtarır. 250 manata verilən evlər isə pandemiyadan əvvəl 350 manata kirayə verilən evlərdir. Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 300-350 manata həm axtarılır, həm də kirayə verilir", - deyən ekspert bildirib ki, kirayə ev axtaran vətəndaşların sayı çox olsa da, hamı ucuz ev istəyir.

Mütəxəssis hesab edir ki, kirayə ev axtaranların əksəriyyəti tələbələr və iş üçün bölgələrdən paytaxta gələn vətəndaşlardır. E.Fərzəliyevin fikrincə, obyektlərin kirayə verilməsində isə vəziyyət fərqlidir.

Belə ki, müəyyən müddət işləməyə icazə olmadığı üçün obyektlərin çoxu boşaldıldı.

Onun sözlərinə görə, obyektlərin kirayə qiymətlərində ucuzlaşma müşahidə edilmir:

"Məsələn, aylıq icarə haqqı 1000 manat olan obyektlər 500 manata icarəyə verilsə, sahibkarlar fəaliyyətini davam etdirə bilərlər. Amma obyekt sahibləri bu ucuzlaşmaya getmirlər. Obyektlərini bağlı, boş saxlayırlar, amma ucuz icarəyə vermirlər. Çünki obyektlərin satış dəyəri onun icarə qiymətindən asılıdır. Belə ki, obyektlər satış dəyərinin 0,5 faizi dəyərində icarəyə verilir. Məsələn, 100 min-150 minlik satış dəyəri olan bir obyektin 500 manat icarə dəyəri olmalıdır. Belə obyektlər 200-300 manata icarəyə veriləndə onun satış qiyməti 70-80 min manata düşür. Obyekt almağı düşünən şəxslər icarə dəyərini nəzərə alırlar".

Ekspert qeyd edir ki, sərt karantin dönəmində bağ evlərinə ciddi tələbat olduğu üçün bağ evlərinin qiymətləri kəskin artdı: "Yay mövsümü artıq bitdiyi üçün bağ evləri də bir müddət sonra boşalacaq və qiymətlər düşəcək".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, may ayından etibarən tələbələrin regionlara geri qayıtması ilə bağlı kirayə bazarında müəyyən dəyişikliklər müşahidə edilməyə başlanılıb.

"Bu daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində müşahidə edilir. Çünki ölkədə kirayə bazarının 30-35 faizini tələbələr təşkil edirlər. Bunların getməsi ilə bağlı bu üç şəhərdə gün ərzində 200-250 mənzil boşaldı", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, iyun-iyul aylarında kirayə evlərinin boşaldılması halları daha intensiv olub. Və təkcə tələbələr deyil, regionlardan paytaxta işləməyə gələn şəxslər də evləri boşaldıblar: "Bu özünü daha çox iyulun sonlarında göstərdi. Eyni zamanda həmin mənzillərin təkrar kirayə verilməsi müşahidə edildi. Yəni 500 manatlıq kirayə evdə qalanlar 400 manatlıq kirayə evlərə, 400 manatlıq kirayə evlərdə qalanlar 300 manatlıq kirayə evlərə köçdülər".

Ekspert deyir ki, bu dövr ərzində kirayə qiymətləri 20-30 faiz ucuzlaşıb. Onun sözlərinə görə, daha çox 600-700 manatlıq evlərə tələbat olduğu üçün bahalı evlər boşaldıldı.

Kirayə bazarında olan kasadlıq günlük kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Belə ki, xarici vətəndaşların Azərbaycana səfərləri olmadığı üçün hazırda günlük kirayə bazarı tamamilə boşdur.

E.Azadovun fikrincə, xarici vətəndaşlar tərəfindən icarə götürülən 1000-1500 manatlıq kirayə evlərin bazarında heç bir dəyişiklik müşahidə edilməyib:

"Bu evlər Azərbaycanda çalışan xarici vətəndaşlar tərəfindən götürülür. Burada qalıb işləyən xarici vətəndaşlar işlərinə davam etdikləri üçün həmin bazarda dəyişiklik hiss edilməyib".

Ekspert bildirib ki, daha çox istirahət üçün nəzərdə tutulan villa və bağ evlərinin kirayə qiymətlərində bahalaşma müşahidə edilib.

Belə ki, bu bazarda qiymətlərin 2 dəfə bahalaşması heç bir zaman görülməmişdi: "Amma pandemiya dövründə 5000 manata kirayə verilən villaların icarə qiymətinin 10 min manata qalxması halları da müşahidə edildi".

E.Azadov bildirir ki, kirayə bazarında hərəkətlilik davam edir və bu tendensiya karantin rejiminin yumşaldılması ilə bağlı dəyişəcək.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Əmlak bazarında son vəziyyət - qiyməti saxlamaq naminə söküntü başlayacaq
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Kirayə bazarında böhran: İcarədar işsizlikdən dad edir, sahibkar “verməlisən” deyir
Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir
Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb

Əsas mövzular