CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzəri çirkləndirənlər kimlərdir? Nazirliyin rəsmisi həyəcan təbili çalır

© Sputnik / Irade JELILHövsanda çirkab sular
Hövsanda çirkab sular - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır

BAKI, 7 avqust — Sputnik. "Bu gün Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir. Sadəcə soruşuruq: Sizin üçün hansı daha rahatdır, cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək?"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova danışıb.

Onun sözlərinə görə, bu gün Xəzəri çirkləndirən biz özümüzük, vətəndaşlar, müəssisələr, fabrik, təşkilat, ictimai-iaşə obyektləridir.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən dənizə çirkab su axıdan axarlar müəyyən edilib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub.

"Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq?", - deyən İbrahimova vurğulayıb ki, bu, sadəcə etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq.

Nazirliyin sözçüsü hesab edir ki, verilən bu qədər vaxt, müddət ərzində işlərində dönüş yaratmamağın səbəbi yəqin ki, bunlardır: "Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha muraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin! Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursunuz. Bu bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyəti təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdır".

Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır. Gəlin hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq deyə İ.İbrahimova çağırış edib.

Xəbər lenti
0