08:22 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
161910

Bələdçi deyir ki, rəvayətə görə, Həzrət Əli daşı iki yerə bölüb. Bu daşa ruzi daşı da deyirlər. Daşın yarısı 2016-cı ildə oğurlanıb.

Zülfiyyə Quluyeva, İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Azərbaycanda  ən qədim yaşayış məskənlərindən sayılan Məhəmmədi kəndi özündə tarixin izlərini bu gün də yaşadır. Bu kəndlə bağlı məlumatların qədim  mənbələrdə tapılması da buna bir sübutdur. Məhəmmədi kəndinin hər daşından bir tarix boylandığından, bu kənddə yerləşən qədim tarixi abidələr barədə yazmaqla qurtarmaq olmaz. Bu dəfə yolumuzu Məhəmmədidə əsrlərdir insanların inanc yerlərinə çevrilən “Kasıb Piri” və “Əli Daşı” pirindən salırıq.

© Sputnik / Irade JELIL
"Kasıb Piri”

Kənd sakini Rasim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Kasıb Piri” əsrlərdir ki, Bakıətrafı kənd və qəsəbələrin sakinlərinin ziyarət etdiyi dini ocaqlardandır. Onun sözlərinə görə, hazırda koronovirus pandemiyası ilə bağlı buraya gələn olmasa da, normal zamanda insanlar tez-tez bu piri ziyarət edirlər. Kənd sakini pirin tarixi barədə məlumat verərək bildirir ki, onun yaşı bəlli deyil: “Kim öz yaşlı nənə-babasından soruşubsa, onlar doğulandan bu pirin olduğunu deyiblər. Ona görə də, pirin ta qədimdən insanların inanc yeri olduğu deyilir”.

© Sputnik / Irade JELIL
"Kasıb Piri”

Pirin adının “Kasıb Pir” olmasını isə sakinlər maraqlı məqamla əsaslandırırlar: “Bu pir əvvəllər balaca bir tikili olub. Yerdən bir azca hündür. Sonra kəndin hörmətli şəxsi bu piri təmir etdirib. Əvvəllər pirin üstünü tikmək istəsələr də hər dəfə uçub. Belə deyirlər ki, pir elə miskin görünüşünə görə “Kasıb Pir” adlanıb. Bu pir kasıblığı sevir. İnsanlar bu pirə niyyət edir, niyyətləri hasil olan kim gəlib burada nəzir paylayır, qurban kəsirlər. Ən çox bu pirə Balaxanı sakinləri gəlib ziyarət edir”.

© Sputnik / Irade JELIL
"Kasıb Piri”

Məhəmmədidə insanların əsrlərdir ki, inanc yerinə çevrilən daha bir ziyarətgah “Əli daşı”dır. “Əli daşı” pirinin ətrafı qədim məzarlıqdır. Bələdçi Cabir Kamaloğlu Sputnik Azərbaycan-a bildirib ki, baxımsız qalan bu pirin tarixi ta qədimlərə, atəşpərəstlik dövrünə gedib çıxır. C. Kamaloğlunun sözlərinə görə, əli daşı adlandırılan daş hələ atəşpərəstlik dövründən burada olub. Daşın “Əli daşı” adlandırılması isə Həzrəti Əlinin bu daşı iki yerə bölməsi ilə bağlı rəvayətdən sonra yaranıb: “Əli daşı"nın özünəməxsus maraqlı bir hekayəti var. Rəvayətə görə, Həzrəti Əli bu ərazidə çörək yeyib. Həmişə hər bir əşyaya dəyər verən imamdan soruşurlar ki, "ya İmam, buyurursan ki, hər bir şeyin bu dünyada dəyəri var, bəs bu daşın dəyəri nədir?" Bu sualı eşidən imam Əli daşı yarı bölür. Daşın içindən taxıl tökülür. "Budur dəyəri" deyir imam. Həmin vaxtdan sakinlər  "Əli daşı" adlandırır bu yeri”.

© Sputnik / Irade JELIL
"Əli Daşı” piri

Bələdçi deyir ki, bu daşa həm də ruzi daşı deyirlər. Maraqlıdır ki, daşın yarısı 2016-cı ildə oğurlanıb.

C. Kamiloğlunun sözlərinə görə, hazırda da bu pirə əhali arasında böyük inanc var. Hətta indiyədək turistlər də dəfələrlə bu məkanı görməyə gəlib.

© Sputnik / Irade JELIL
"Əli Daşı” piri

Pir unikal tikilişi ilə də seçilir. C. Kamioloğlunun sözlərinə görə, gümbəz formasında olan pir bir ovuc kömürlə isinir. Buna səbəb də isitmə sisteminin divarın içindən keçməsidir. Bələdçi pirin üzərində yazılanların mütəxəssislər tərəfindən oxunduğunu, İslamdan əvvəlki dövrə aid olduğunu söyləyir. Pirin ətrafında min illərlə tarixi olan məzarlar da baxımsız vəziyyətdədir. Onun deyir ki, turistlərin də marağına səbəb olan bu abidəni öz hesabına təmir edir.

Əsas mövzular