CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümid ancaq insafa qalıb - Onlayn qurbanlıqların satış və kəsim yerindən REPORTAJ

© Sputnik / Zulfiyya GuluyevaZülfiyyəqurbanreportaj
Zülfiyyəqurbanreportaj - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz müştərini heyvanın yaşı məsələsində aldatmarıq. Düzdür, onlayn sifariş zamanı qurbanlıq heyvan kəsilərək müştəriyə təqdim olunduğundan, vətəndaş heyvanın yaşını müəyyən edə bilməz. Bu məsələ birbaşa bizim insafımıza bağlı məsələdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Sabah müsəlman dünyası ən vacib bayramlardan birini, Qurban bayramını qeyd edəcək. Bu bayram əvvəlki illərdən fərqli olaraq pandemiya dövrünə təsadüf etdiyindən, qurban kəsmək istəyənlər qurbanlıq heyvanları onlayn sifariş verməli olacaqlar. Belə ki, vətəndaşlar qurbanlıq heyvanları onlayn sifariş əsasında kəsilmiş formada alacaqlar. Odur ki, onlayn sifariş verilən qurbanlıq heyvanlar, onların necə və harada kəsilməsi bayramqabağı qurban kəsənləri düşündürən əsas suallardandır. Sputnik Azərbaycan bu və digər suallara qurbanlıq heyvanların onlayn satışının həyata keçiriləcəyi məkanda aydınlıq gətirib.

Lökbatan qəsəbəsində yerləşən iri kəsim məntəqəsinə artıq bu gündən qurbanlıq heyvanlar daşınırdı. Kəndli fermer təsərrüfatının direktoru Qəhrəman Təhməzov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qurban bayramı ilə əlaqədar builki tədbirlər ötənilkilərdən fərqlənir: "Fərq ondan ibarətdir ki, əvvəlki illərdə müştərilər buraya gələrək bəyəndikləri heyvanı alıb kəsdirib aparırdılar. Pandemiya ilə bağlı dövlətin verdiyi qərara görə, bu il qurbanlıq heyvanlar onlayn sifariş verildiyindən müştərilər buraya gələ bilməyəcəklər. Onların sifarişləri qəbul olunduqdan sonra heyvanlar kəsilərək bizim şöbələrə veriləcək. Müştərilər həmin şöbələrdən gedib öz qurbanlıqlarını götürə bilərlər. Kim sifariş verirsə, onun sifarişi qarışıq düşməməsi üçün ayağına birka vurularaq göndərilir".

© Sputnik / Zulfiyya GuluyevaOnlayn qurbanlıqların satış və kəsim yeri
Ümid ancaq insafa qalıb - Onlayn qurbanlıqların satış və kəsim yerindən REPORTAJ - Sputnik Azərbaycan
Onlayn qurbanlıqların satış və kəsim yeri

Q.Təhməzovun sözlərinə görə, müştərilər heyvan seçimi üçün birbaşa satış və kəsim məntəqəsinə gələ bilməsələr də, öz istəklərini deyirlər: "Müştərilər bizə sifariş verdiyi heyvanın çəkisini deyirlər. Biz də o çəkidə heyvan kəsib sifarişi göndərəcəyik".

Qeyd edək ki, İsmayıl qurbanı ilə bağlı əsas şərtlərdən biri də heyvanın yaşıdır. İslam dininə görə, qurban kəsiləcək xırdabuynuzlu 6 aydan yuxarı, iribuynuzlu isə 2 yaşını bitirən heyvan olmalıdır.

© Sputnik / Zulfiyya GuluyevaKəndli fermer təsərrüfatının direktoru Qəhrəman Təhməzov
Ümid ancaq insafa qalıb - Onlayn qurbanlıqların satış və kəsim yerindən REPORTAJ - Sputnik Azərbaycan
Kəndli fermer təsərrüfatının direktoru Qəhrəman Təhməzov

Q.Təhməzovun dediyinə görə, onlar İslamın bu tələbinə əməl edirlər: "Biz müştərini heyvanın yaşı məsələsində aldatmarıq. Düzdür, onlayn sifariş zamanı qurbanlıq heyvan kəsilərək müştəriyə təqdim olunduğundan, vətəndaş heyvanın yaşını müəyyən edə bilməz. Bu məsələ birbaşa bizim insafımıza bağlı məsələdir. Buraya qurbanlıq kəsim üçün gətirilən bütün heyvanlar qurban kəsiləcək yaşdadır. Biz İslamın bu tələbinə əməl etməsək, özümüz günah qazanmış oluruq. Ona görə də müştərilər əmin olsunlar ki, burada yaşı qurbanlığa çatan heyvanlar kəsilir".

Həmsöhbətimiz bildirir ki, artıq 300 baş qurbanlıq heyvan üçün sifariş götürülüb: "Əsas sifarişlər bu gün veriləcək. Bu gün axşam, sabah qurbanlıq heyvanların sifarişi qəbul olunacaq".

Q.Təhməzov deyir ki, bu il sifarişlərin xeyli hissəsi iri marketlərdən daxil olub. Bunun da səbəbi qurbanlıq heyvanların onlayn sifarişinə iri marketlərin qoşulmasıdır: "Vətəndaşlar marketlərə yönəldiyi üçün onlar marketlərə qurbanlıq heyvan sifariş verirlər. Amma bizim şöbələrimizə də xeyli sifariş daxil olub".

Q.Təhməzovun sözlərinə görə, onlara onlayn qurban üçün sifariş verənlərin çoxu köhnə müştəriləridir: "Bakıda 9-a yaxın şöbəmiz var. Köhnə müştərilər bizə etibar etdiyindən heyvanın daha yaxşı olması və sair məsələləri heç dillərinə gətirmirlər. Çünki bizdən heyvan alıb artıq keyfiyyətinə əmindirlər".

© Sputnik / Zulfiyya GuluyevaOnlayn qurbanlıqların satış və kəsim yeri
Ümid ancaq insafa qalıb - Onlayn qurbanlıqların satış və kəsim yerindən REPORTAJ - Sputnik Azərbaycan
Onlayn qurbanlıqların satış və kəsim yeri

MMC rəhbəri deyir ki, qurbanlıq qoyun ətinin bir kiloqramı 12 manat 90 qəpikdən qəbul olunur. Mal ətinin bir kiloqramını isə vətəndaş 10 manatdan ala bilər.

O ki qaldı qurbanlıq heyvanların sifarişçilərə çatdırılmasına, Q.Təhməzov deyir ki, müştərilərə sifarişlər günortadan sonra çatdırılacaq. Bunun əsas səbəbi isə qurbanlıq heyvanların məhz Qurban bayramı günü kəsilməsidir: "Heyvan İsmayıl qurbanı niyyəti ilə kəsilirsə, bayram namazından sonra kəsilməlidir. Qurbanlıq heyvanlar səhər saat 8-9-dan sonra kəsilərək soyuducu kameralara yığılacaq. Çünki kəsilən heyvanları isti-isti doğramaq və paketləmək olmaz. Ətin temperaturu 4 dərəcəyə düşməlidir. Ən azı 5-6 saat ət dinləndirilməlidir. Müştərilərə bu səbəbdən də sifarişlər günortadan sonra çatdırılacaq".

Q.Təhməzovla söhbətdən sonra qurbanlıq heyvanların saxlanıldığı yerə, kəsim məntəqəsinə və laboratoriyaya da baş çəkirik.

MMC-nin saxlama yerində iribuynuzlu heyvanlar olsa da, əsas xırdabuynuzlu heyvanlar üstünlük təşkil edirdi. Bunun səbəbini isə qurbanlıq kəsimində sifarişlərin xırdabuynuzlu heyvanlara verilməsi ilə əlaqələndirdilər.

Qurbanlıq bayramı başlamasa da kəsim məntəqəsində artıq heyvan cəmdəkləri kəsilmiş vəziyyətdə asılmışdı. MMC-nin əməkdaşlarının dediklərinə görə, bu qurbanlıq sifarişlər deyil. Kəsilərək maşınlara yığılmış heyvanlar restoranların sifarişidir. Kəsim məntəqəsində isə şərait normal idi. O ki qaldı kəsiləcək qurbanlıqların çatdırılmasına, MMC-nin əməkdaşları bu zaman da keyfiyyət amilinin qorunduğunu söylədilər. Onların sözlərinə görə, heyvanlar kəsildikdən sonra soyuducuda dinləndirilir. Daha sonra soyuq hava zənciri qırılmadan marketlərə və restoranlara çatdırılır.

Vətəndaşları düşündürən əsas suallardan biri də qurbanlıq heyvanların onlayn sifarişi zamanı yarana biləcək heyvan çatışmazlığı ilə bağlıdır. MMC-dən bildirdilər ki, 24 ildir ki, bu işlə məşğul olduqlarından heyvan çatışmazlığını da gözə alıblar: "Biz heyvan çatmayanda əməkdaşlıq etdiyimiz fermerlərdən də heyvan götürürük. Onlayn qurban sifarişləri üçün heyvanların bir qismi artıq gətirilib. Yerdə qalanı da axşam gətiriləcək. Ona görə də nə qədər sifariş olarsa, çatdıracağıq".

© Sputnik / Zulfiyya GuluyevaOnlayn qurbanlıqların satış və kəsim yeri
Ümid ancaq insafa qalıb - Onlayn qurbanlıqların satış və kəsim yerindən REPORTAJ - Sputnik Azərbaycan
Onlayn qurbanlıqların satış və kəsim yeri

Kəsim məntəqəsində qurbanlıq heyvanların yoxlanması üçün baytarlıq laboratoriyası da fəaliyyət göstərir. Məntəqənin baytarı Ədibə Qarayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kəsim üçün gətirilən bütün heyvanlar müvafiq baytar arayışı əsasında qəbul edilir: "Heyvan ilk öncə vizual yoxlanılır. Kəsimə başlayanda isə laborotoriyada limfadan və qandan götürülən, yaxma analiz vasitəsilə müayinə edilir. Hələ ki, buraya xəstə heyvan gətirilməyib. Heyvanlar alınarkən onların qarayara kimi təhlükəli xəstəliklərə qarşı peyvənd olunduğu dəqiqləşdirilir. Peyvənd olmuş heyvanlar alınır".

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən "Kənddən Şəhərə" layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. Satış yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır. Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. Satışa çıxarılan qurbanlıq qoyunlar sahibkarlar tərəfindən Şimali Qafqaz regionundan gətirilib.

Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasını nəzərə alsaq, onlayn sifariş vətəndaşların sağlamlığının qorunmasına və satış mərkəzlərində yarana biləcək sıxlığın qarşısının alınmasına xidmət edəcək. Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək.

© Sputnik / Zulfiyya GuluyevaOnlayn qurbanlıqların satış və kəsim yeri
Ümid ancaq insafa qalıb - Onlayn qurbanlıqların satış və kəsim yerindən REPORTAJ - Sputnik Azərbaycan
Onlayn qurbanlıqların satış və kəsim yeri

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış mənqələrindən götürə biləcəklər:

1. Nizami rayonu, Rizvan Teymurov küç. 21

2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı

3. Nəsimi rayonu, 20 Yanvar küç. 243

4. Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küç. 41

5. Binəqədi rayonu, Kazımovski 138 B

6. Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı

7. Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı

8. Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)

9. Suraxanı rayonu, Sakit Qocayev küç. 90

10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı)

Xəbər lenti
0