07:10 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1010

Üç fərqli dizaynda olan markaların üzərində qasid, həmçinin Azərbaycanın orta əsr poçt marşrutları təsvir edilib

BAKI, 28 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən "Avropa" proqramı üzrə yeni poçt markaları hazırlanıb.

Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Proqramın builki mövzusu "Qədim poçt marşrutları" adlanır. Üç fərqli dizaynda olan markaların üzərində qasid, həmçinin Azərbaycanın orta əsr poçt marşrutları təsvir edilib. Qeyd edək ki, qasid xidməti 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılıb və bununla da Azərbaycanda dövlət səviyyəsində poçt rabitəsinin əsası qoyulub. 

"Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş markalar 1 suvenir vərəq, hər biri 12 markadan ibarət 2 kiçik vərəq və 8 markadan ibarət buklet formasında hazırlanıb. Markalar Fransanın "Cartor Security Printing CSP" mətbəəsində çap olunub. Eyni zamanda, 400 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, "Avropa" (Europa) markaları – poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyasına (PostEurop) üzv ölkələr tərəfindən ümumi mövzuda hər il birgə buraxılış kimi hazırlanan poçt markalarıdır. "Avropa" markaları kolleksiyasının toplanması dünya filateliyasının ən geniş yayılmış istiqamətlərindən biridir. Azərbaycanda bu proqram üzrə ilk markalar 1998-ci ildə "Novruz bayramı" mövzusuna həsr edilib.  Bununla yanaşı, "PostEurop" öz saytında 2020-ci il üçün "Europa" mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib. Mayın 9-da başlanmış səsvermə 9 sentyabr tarixində yekunlaşacaq. Bu linkə (https://www.posteurop.org/europa2020) daxil olmaqla səsvermədə iştirak mümkündür.

Əsas mövzular