12:35 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20 0 0

Nazir: "Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Belə ki, əsas su kanallarına verilən suyun həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə iyul ayının sonunadək 30 faizə qədər, avqust ayında isə 40-50 faiz düşməsi gözlənilir"

BAKI, 24 iyul — Sputnik. Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır: "Keçənilki dövrdə bugünkü tarixə biz 23 min hektar az ikinci suvarma həyata keçirmişik. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur. Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşayırıq".

Nazir bildirib ki, su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş verib: "Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur. Mövcud vəziyyət meyvə bağları üçün də risklər yaradır. Meyvə bağlarının əsasən çoxillik ağaclardan ibarət olduğunu nəzərə alsaq, su çatışmazlığının mənfi təsiri bu sahədə daha çox ola bilər. Yaranmış vəziyyət yem bitkilərinə və təbii yem mənbələrinə də mənfi təsir göstərir. Suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunur. Bu da heyvandarlığın inkişafına maneələr yarada bilər".

Nazir bildirib ki, hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür: "Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Belə ki, əsas su kanallarına verilən suyun həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə iyul ayının sonunadək 30 faizə qədər, avqust ayında isə 40-50 faiz düşməsi gözlənilir. Söhbət Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarından gedir. Su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, eroziya və səhralaşmaya səbəb olur. Sadalanan problemlər torpağın münbitlik göstəricilərinin pisləşməsinə, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır".

Əsas mövzular