CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virtual "pul qabı"ndakı vəsaitləri kart hesabına köçürmək olacaq

CC0 / Prasanta Sahoo / MoneyКошелек с деньгами
Кошелек с деньгами - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq "BirBank" mobil tətbiqinin "Bonuslar" hissəsində "ƏDV-ni geri al" bölməsi yaradılıb və virtual "pul qabı"na yerləşdirilmiş vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib

BAKI, 21 iyul — Sputnik. Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla davam edir. İndiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 10 iyul 2020-ci il tarixədək təqribən 364 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 80 faizi (təqribən 290 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib. Bu barədə Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Bu müddətə qədər vətəndaşlar tərəfindən 10,3 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği təqribən 5 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 2,7 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, "BirBank" tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. Nəzarət-kassa aparatı çekinin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə bilərlər.

Artıq "BirBank" mobil tətbiqinin "Bonuslar" hissəsində "ƏDV-ni geri al" bölməsi yaradılıb və virtual "pul qabı"na yerləşdirilmiş vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib. İndi vətəndaşlar https://www.edvgerial.az portalından topladığı vəsaitləri özünün kart hesabına köçürərək vəsaiti nağdsız ödənişlərdə xərcləyə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, minimum 5 AZN məbləğində vəsaiti kart hesabına köçürə bilər. Karta bir köçürmə əməliyyatı üzrə maksimum məbləğ isə 500 AZN müəyyən edilib.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

Xəbər lenti
0