12:14 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
28901

“Restoran və terraslar isə elə yerlərdir ki, orada yoluxma riski yüksəkdir. İnsanlar maska ilə yemək yeyə bilməz axı. Nə qədər tələblər gözlənilsə də yoluxma olacaq” – Cəlal İsayev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Pandemiya ilə əlaqədar ölkəmizdə iyunun 20-dək sərt karantin rejimi tətbiq edildiyindən bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb. Buraya restoran və istirahət məkanlarının da fəaliyyəti daxildir.

DAİR Hotellər və Restoranlar Assosiasiyası karantin rejiminin uzadıldığı halda mehmanxana və mehmanxana tipli müəssisələrin və ictimai iaşə obyektlərinin açıq havada olan hissələrində (terraslar) metodik göstərişlərin və təlimatların şərtlərinə ciddi riayət edilməsi şərtilə müştərilərə yerində xidmət göstərilməsinə icazə verilməsi üçün prezidentə müraciət edib. Sputnik Azərbaycan sərt karantin rejimindən sonra mehmanxanaların, ictimai iaşə müəssisələrinin necə işləməsinin mümkünlüyünü araşdırıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu müraciət həmin sahədə çalışanların fikri olsa da, ilk növbədə sözügedən sahənin fəaliyyəti pandemiya dövrünə uyğunlaşdırılmalıdır: "İlk növbədə bu sahədə pandemiya dövründə fəaliyyətə hazır olan iaşə obyektlərinin, mehmanxana və istirahət mərkəzlərinin siyahısı hazırlanmalıdır. Həmin siyahı əsasında bir-bir o obyektlərin pandemiya dövründə fəaliyyət göstərməsi üçün hazırlıq səviyyəsi monitorinq edilməlidir. Bu gün əgər həmin yerlər pandemiya tələblərinə cavab verə bilmirsə, orada fəaliyyətin bərpası da təhlükəlidir".

M.Ağakərimov deyir ki, hələlik Azərbaycanda pandemiya dövründə fəaliyyətə hazır olan istirahət məkanlarının, iaşə obyektlərinin, mehmanxanaların siyahısı hazırlanmayıb. Bu halda onların necə fəaliyyət göstərəcəyi də şübhə altındadır.

Ekspert bildirir ki, bu məsələdə qonşu Türkiyə, Gürcüstan təcrübəsindən yararlanmaq olar: "Türkiyədə mehmanxanalar, istirahət məkanları, restoranlar müştəri qəbul edir. Amma bundan əvvəl onlar öz fəaliyyətlərini pandemiya dövrünə uyğunlaşdırıblar. Bu gün Türkiyədə çimərliklərdə insanlar dincəlir. Amma çimərlik sahibləri normalar hazırlayıb, qonaqlar arasında məsafəni təmin edir. Restoranlarda masalarda şəffaf şüşələrlə məsafə və virusa yoluxma qorunur. Bu gün gəlin baxaq görək bizdə hansı mehmanxananın restoranında belə bir şərait yaradılıb? Açıq havada olsa belə pandemiya dövründə müəyyən tələblərə əməl edilməli, şərait yaradılmalıdır".

Balaxanı qəsəbəsində abadlıq işləri
© Photo : Small and Medium Business Development Agency of the Republic of Azerbaijan

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, açıq havada belə, koronavirusa yoluxma riski çox yüksəkdir: "Biz də istəyərdik ki, ölkəmizdə həyat həmişəki axarına qayıtsın. Amma mütləq hər bir qərar veriləndə biz koronavirusa yoluxma statistikasına nəzər salmalıyıq. Bizə bu gün Gürcüstanı və Türkiyəni misal çəkirsiniz. Deyirlər ki, niyə Türkiyədə çimərliklər də açılıb, bizdə isə restoranlar hələ bağlıdır. Amma unutmaq olmaz ki, hər ölkə öz vəziyyətinə baxıb qərar verir. Türkiyədə koronavirusa yoluxma sayında azalma var. Amma Azərbaycanda əks vəziyyət müşahidə olunur. Türkiyədə sosial məsafə və maska məsələsində vətəndaşlar da həssaslıq göstərirlər. Bizdə isə hələ də bəzi insanlar tibbi maska taxmır. Bütün bunlar virusa yoluxma sayının azalmasına imkan vermir. Restoran və terraslar isə elə yerlərdir ki, orada yoluxma riski yüksəkdir. İnsanlar maska ilə yemək yeyə bilməz axı. Nə qədər tələblər gözlənilsə də, yoluxma olacaq. Bütün bu sahələrin əvvəlki kimi fəaliyyətinin bərpa olunması üçün yoluxma sayı azalmalıdır. Əks halda, mən müraciətlərə baxmayaraq bu sahələrdə fəaliyyətə icazənin verilməsini düzgün saymıram!"

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əsas mövzular