19:23 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
284 0 0

Restoranların bağlı olması ətə olan tələbatın azalması ilə nəticələnib. Bunun da səbəbi onunla izah olunur ki, insanlar evdə deyil, evdən kənarda, çöldə müxtəlif restoran-kafelərdə olduqda daha çox ət istehlak etmiş olurlar.

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Koronavirus pandemiyası ət tükətimi ilə bağlı rəqəmlərdə böyük azalmalara səbəb olacaq. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, cari ildə adambaşına düşən ət tükətimində üç faizədək eniş olacaq ki, bu da 2011-ci ildən sonra ilk dəfə ət tükətiminin azalmasında ən yüksək göstərici hesab edilir. Bu gün adambaşına düşən ət tükətiminə görə lider olan ABŞ-la bağlı proqnozlara görə, 2025-ci ildən daha tez bu ölkədə ət tükətiminin pandemiyadan öncəki həddə çatacağı proqnozlaşdırılmır. Ət tükətimi ilə bağlı rəqəmlərin azalmasında isə bir sıra faktorların rolu qeyd olunur.

Pandemiya şəraiti və məhdudiyətlərin iqtisadiyyat üzərində inanılmaz təsiri istehlakçıları qida xərclərini azaltmağa sövq edir. Bundan başqa, restoranların bağlı olması ətə olan tələbatın azalması ilə nəticələnib. Bunun da səbəbi onunla izah olunur ki, insanlar evdə deyil, evdən kənarda, çöldə, müxtəlif restoran-kafelərdə olduqda daha çox ət istehlak edirlər. Bununla bağlı "Boston Consulting Group" bir araşdırma aparıb və bəlli olub ki, pandemiyadan öncə ABŞ-da tükətilən ətin 50 faizi evdən kənarda istehlak olunub. Pandemiya ilə əlaqədar gələcəkdə restoranların menyularının da dəyişəcəyi və bunun da ət tükətiminin azalmasına səbəb olacağı ehtimal ounur.

Bu gün dünyada ət tükətiminin təxminən 25 faizini formalaşdıran Çində isə müxtəlif belə məhsul çeşidlərinə qarşı bir inamsızlıq formalaşıb. Hökumət ölkədə pandemiyanın ikinci dalğası yarandığı zamanda da idxal olunan ət məhsulları ilə bağlı inamsızlıq formalaşdıran açıqlama vermişdi.

Bundan başqa, ABŞ-da ət fabriklərində çalışanlar arasında kütləvi olaraq koronavirusa yoluxma faktının aşkarlanması da istehsalın və nəticə olaraq istehlakın azalmasına da səbəb oldu. Bütün bunlardan əlavə, bu gün istixana qazlarının artımında inəklərin "rolu" qeyd olunur. İqlim dəyişikliyi ilə mübarizə aparanlar illərdir ki, ət tükətiminin azalamasını tələb edirlər. Bildirilir ki, istehsalat və heyvandarlıqdan əldə olunan istixana qazı tullantılarının çəkisi nəqliyyatın payına düşən tullantılardan daha yüksəkdir. İnsan fəaliyyətindən qaynaqlanan qlobal istixana qaz emissiyalarında ət və süd məhsullarının payı 18 faizdir. İddiaya görə, mal və qoyun əti ətraf mühitə ən çox zərər verən qidalardandır, çünki mal-qaranın həzm sistemləri metan qazı, yüksək həddə istixana qazı istehsal edir.

Lakin pandemiya ilə əlaqədar olaraq istehlakçıların ətə olan marağının azalmasının müvəqqəti olub-olmayacağını isə zaman göstərəcək. Ehtimal olunur ki, qlobol problemlərlə əhatələnmiş milyonlar bundan sonra bitki mənşəli qidalara daha çox üstünlük verəcəklər.

"Bloomberg" isə pandemiya ilə əlaqədar olaraq dünyada ümumilikdə 2.2 milyon restoranın bağlanacağını proqnozlaşdırır, bildirilir ki, bu da tələbə böyük təsir edəcək.

2019-cu ildə Çində donuz qripinin olması milyonlarla donuzun ölməsi və bu ət məhsulunda qiymətlərin qalxması ilə nəticələndi ki, bu da tələbin azalmasına səbəb oldu. Cari ildə də Avropa Birliyi ölkələrində donuz əti istehlakının son 7 ildə ilk dəfə olaraq ən aşağı həddə olacağı proqnoz edilir.  Qlobal donuz əti tükətiminin 40 faizi Çinin payına düşdüyü halda, cari ildə bu rəqəmin 35 faizə düşəcəyi bildirilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ümumilikdə dünyada 2018-ci ildən etibarən adambaşına düşən ət tükətimi ilə bağlı rəqəmlərdə 5 faiz azalma olub. Almaniya ilə bağlı rəqəmlərə gəldikdə isə qeyd olunur ki, 2015-də ölkədə ət yeyənlər ümumi əhalinin 34 faizini təşkil edirsə, cari ilin mayında onların sayı cəmi 26 faizə düşüb.

Bütün bunlar isə nəticə etibarilə dünyada ətə olan tələbatın azalması ilə fermerlərin qazanclarını təhlükə altına qoyacaq.

Qeyd edək ki, dünyada adambaşına illik ət istehlakı orta hesabla 31 kiloqramdır. FAO-nun məlumatına görə, dünyada istehlak edilən bu qədər ətin 36 faizini quş, digər 36 faizini donuz, qalan 28 faizini isə iribuynuzlu, xırdabuynuzlu heyvan ətləri və ciyər təşkil edib. Ekspertlər bildirirlər ki, Azərbaycanda isə adambaşına illik ət istehlakında ortalama rəqəm 36 kilodur.

Mütəxəssislərin sözlərinə görə, daha öncəki illərlə müqayisədə 2019-cu ildə Azərbaycanda adambaşına istehlak 32 kiloqramdan 36-ya yüksəlib. Lakin bununla belə ölkəmiz ət istehlakına görə bir çox ölkələrdən geridədir. Dünya ölkələri ilə birgə siyahıda Azərbaycan təxminən 100-cü yerlərdə qərarlaşıb. Çünki inkişaf etmiş ölkələrdə ət istehlakı ortalama olaraq 75 kiloqramdır. Hətta Amerikada bu rəqəm 120 kiloqramdır. Avropa ölkələrində isə bu rəqəm 75-90 kq aralığındadır. İnkişaf etməmiş ölkələrdə isə ət istehlakı çox aşağı səviyyədədir. Azərbaycanın ət istehlakının mövcud standartlardan çox aşağı olması isə onu deməyə əsas verir ki, biz kifayət qədər nə ət, nə də süd məhsulları istehlak edirik.

Kənd təsərrüfatı üzrə ekspertlər bildirirlər ki, Azərbaycanda illik olaraq 369 min ton ət istehlak olunur ki, bunun da bir qismi xaricdən idxal edilir. Xaricdən isə əsasən quş əti və iribuynuzlu heyvan əti gətirilir. Təxminən 30 min tonadək iribuynuzlu ət idxal edilib.

Bundan başqa, bildirilir ki, 2012-2017-cı illər ərzində əhali sayı təqribən 6.1%, ət istehlakı isə təxminən 22.6% artıb. Bu, adambaşına düşən ət istehlakının artdığını göstərir (təqribən 37 kq), lakin yenə də adambaşına düşən ət istehlakı ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) təyin etdiyi standartlardan aşağıdır.

Hazırda Azərbaycanda 364 min ton olan illik ət istehlakının 2023-cü ildə əhali sayının, həmçinin turist sayının artması səbəbi ilə 383 min tona çatacağı proqnozlaşdırılsa da, görünən budur ki, pandemiya vəziyyəti köklü sürətdə dəyişəcək.

Bu barədə isə iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında danışıb: "Azərbaycanda ət istehlakı dünya standartlarından çox aşağıdır ki, bu da ehtimal ki, əhalinin alıcılıq qabiliyyəti ilə əlaqəlidir. Artıq 4 aydır ki, restoran və şadlıq sarayları işləmir. Bildiyiniz kimi, bizdə toy "mədəniyyət"i ət tükətimində kifayət qədər rola malik olub. Bütün bunlar ət istehlakını xeyli azaltsa da, təəssüf ki, bu, qiymətlərə təsir etməyib. Hələlik bazarda ətin qiymətinin azalmasının şahidi olmuruq. Bu həm yemin baha olması, həm də xaricdən gətirilən ətin həcminin sürətlə artması ilə əlaqəli olub. Yəni, özümüzü qırmızı ətlə təmin etmək imkanımız olsa da, son 3-4 ildə baş verən hadisələr bu imkanları məhdudlaşdırdı. Əsasən də texniki bitkilər olan pambıq əkinin genişlənməsi örüş yerlərinin azalması və yem bazasının azalmasına səbəb oldu. Bu da mal-qaranın sayının azalması, yemin və bunun təsiri ilə də ətin qiymətinin artmasına səbəb oldu".

"Yaranmış vəziyyət fermerlərin qazanclarına mənfi təsir etsə də, onların ən böyük narahatlıqları örüş yerlərinin azalması ilə bağlıdır. Son 3-4 ildə örüş yerlərinin 10 faizədək azalması, yem qiymətlərində isə 30 faizdən çox artım müşahidə olunur ki, bu da fermerlərin gəlirlərinə mənfi təsir edir. Bundan başqa, bu il turizm baxımından da itirilmiş il kimi yadda qalacaq və turistin gəlməsi artıq gözlənilən deyil. Turistlərin də ət tükətimində rolu böyük idi. Hazırkı şəraitdə həm restoran-kafelər işləmir, həm də turist yoxdur", - deyə N.Cəfərli əlavə edib.

Qeyd edək ki, ət istehlakına görə Azərbaycan bir çox Avropa ölkələrindən geridə qalsa da, öncəki illərlə müqayisədə ölkəmizdə ət istehsalı ilə bağlı rəqəmlərdə də artım qeydə alınıb. Belə ki, 2000-ci ildə 153 min 599 ton ət istehsal olunubsa, Statistika Komitəsinin son olaraq təqdim etdiyi rəqəmlərdə, yəni 2017-ci ildə bu, 316 min 827 tona bərabər olub.

Əsas mövzular