CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu da telekanallarımızın "pay"ı - "Həqiqətən, əziyyət çəkəcəklər"

© AFP 2023 / LINDSEY PARNABYСъемка, фото из архива
Съемка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Pandemiya dövründə kommersiya telekanallarında reklamdan gəlirlərin itkiləri 20-30, bəzilərində isə 40 faizə çatıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Koronavirus pandemiyası uzandıqca bundan zərər görən sahələrin də çevrəsi genişlənir. Hər gün insanları cəmiyyətdə baş verən hadisələr barədə məlumatlandıran televiziyalar da pandemiyadan zərər çəkən sahələr sırasına əlavə olunmaqdadır. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov koronavirus pandemiyasının xüsusilə kommersiya telekanallarına vuracağı zərbədən danışıb.

MTRŞ-nin sədri hətta bu televiziyaların bağlanma ehtimalının olduğunu da söyləyib:

“Ehtimal var ki, iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacaq. Elə telekanallar var ki, onlara ya dövlət, ya da digər kommersiya qurumlarından dotasiya ayrılır. Bu kanalların durumu o qədər də çətin deyil, çünki onların stabil, əvvəlcədən proqnozlaşdırılmış gəliri var. Azərbaycanda bir neçə kanal da var ki, onların büdcəsi  ancaq kommersiya gəlirlərindən asılıdır. Onların əlavə dotasiyası, başqa biznesi, ehtiyatları yoxdur, iqtisadi durumları sırf reklamdan asılıdır.

Bu il reklam gəlirlərinin 15-30 faiz aralığında azalması gözlənilir. Hələ ki, kommersiya kanalları bunu hiss etməyib. Çünki televiziya biznesində işləyənlər bilirlər ki, adətən reklamdan gəlir 3-4 aydan sonra olur. İndi kommersiya kanallarının reklamla bağlı aldığı vəsaitlər faktiki fevral, mart, hətta yanvar ayında verilmiş reklam hesabına gəlir. Çünki 3-4 aylıq gecikmə həmişə olur, bu, normaldır. Karantin rejimi mart ayından başlayıb və indi kanallar azalmanı kəskin surətdə hiss etməyə başlayırlar. Getdikcə onların gəliri azalacaq. Ən ağır sentyabr, oktyabr, noyabr ayları olacaq.

Микрофоны с эмблемами азербайджанских телеканалов - Sputnik Azərbaycan
Azərbaycanda telekanal müflis oldu

Biz bilmirik ki, karantin müddəti nə qədər çəkəcək. Bütün kanallarda isə adətən sentyabr-oktyabr aylarında yeni televiziya mövsümü başlayır. İldə bir dəfə bizdə də, dünyada da bütün kanallarda yenilənmə gedir. Bir tərəfdən həmin dövrdə kanallar daha çox xərc çəkməlidir, digər tərəfdən həmin vaxt reklam gəlirləri çox kəskin surətdə düşəcək. Ona görə ən ağır dövr sentyabr-oktyabr aylarında gözlənilir. Kommersiya kanallarının həqiqətən əziyyət çəkəcəyi mümkündür. Vəziyyət lap kritik də deyil, ancaq müəyyən risklər var”.

İ.Səttarov deyib ki, yaranmış situasiya telekanalların təqdim etdiyi kontentin səviyyəsinin düşməsinə gətirib çıxara bilər.

Sputnik Azərbaycan büdcəsi sırf reklam gəlirlərindən formalaşan özəl telekanalların hazırkı durumunu və vəziyyətdən çıxış yollarını araşdırıb.

Azad Azərbaycan Telekanalının (ATV) icraçı direktoru İsmayıl Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası dövründə artıq reklam gəlirlərində azalma müşahidə olunur: “ATV 100 faiz kommersiya telekanalıdır. Bütün büdcəsi kommersiya gəlirlərindən formalaşır. Pandemiya dünyada olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın bir sıra sahələrinə ziyan vurub. Bundan KİV də öz “payını” aldı. Hazırda ATV də digər kommersiya telekanalları kimi reklam gəlirləri ilə bağlı problemlər yaşayır. Düzdür, bu gün biz maliyyə çatışmazlığını bir o qədər də hiss etmirik. Reklam yayımından sonra reklam ödənişlərində gecikmələr olduğu üçün, hazırda pandemiyadan öncəki dövrün reklam ödənişləri edildiyindən bu azalma bir o qədər də hiss olunmur”.

Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək>>

Amma İ.Həsənov pandemiya dövründə kommersiya telekanallarında reklamdan gəlirlərin itkilərinin 20-30, bəzilərində isə 40 faizə çatdığını söyləyir. Onun sözlərinə görə, gəlirlərin daha da aşağı düşməsi isə payıza proznozlaşdırılır: “Çünki payızda pandemiyanın iqtisadiyyata daha çox zərər vurduğu ayların reklam satışlarının ödənişlərini alacağıq. Bu aylarda reklam yayımları azaldığından biz ən böyük zərəri də payızda görəcəyik. Bu daralma təkcə yerli istehsalçıların reklamlarını azaltması ilə bağlı deyil. Çünki telekanallar yerli şirkətlərlə yanaşı, qlobal şirkətlərin də reklamlarını yayımlayır. Təəssüf ki, pandemiya bütün dünyanı bürüdüyü üçün qlobal şirkətlərin də gəlirləri azalıb”.

O ki qaldı reklam gəlirlərinin telekanallarda ixtisarlara səbəb olub-olmayacağına, İ.Həsənov deyir ki, ATV telekanalı çalışır ki, pandemiya dövründə heç kəs işdən azad olunmasın: “Bunun nə qədər davam edəcəyi isə pandemiyanın davam etmə müddətindən asılı olacaq. Odur ki, bu gün kommersiya kanalları üçün çıxış yolu xərclərin optimallaşdırılmasıdır”.

Teleradio sahəsində fəaliyyət göstərən ən məşhur reklam agentliklərindən birinin, “BHB Strategic Media Agency”-nin direktoru Şaban Əsədli Sputnik Azərbaycan-a açıqlamasında pandemiya dövründə reklam təkliflərinin azaldığını təsdiqləyib. O bildirir ki, iri ticarət mərkəzlərinin bağlanması, şirkətlərin pandemiyadan zərər görməsi reklam yayımlarına təsirsiz ötüşmür:

“Bizə reklam təklifləri iri şirkətlərlə yanaşı, kiçik sahibkarlardan da gəlirdi. Bu gün ən böyük ticarət mərkəzlərindən olan “Sədərək” ticarət mərkəzi bağlıdır. Elə sahibkar var ki, onun həmin ticarət mərkəzində 10-15 mağazası var. Bu gün həmin mağazalar fəaliyyət göstərmir. Bu isə avtomatik olaraq sahibkarların gəlirlərinin azalmasına gətirib çıxardır.

Düzdür, bu gün əməkdaşlıq etdiyimiz şirkətlər arasında hələ də reklam müqaviləsini qüvvədə saxlayanlar var. Amma bəziləri dayandırmaq məcburiyyətində qalıb”.

Ş.Əsədli deyir ki, hazırda telekanallara baxış sayı daha çoxdur. Amma bununla belə reklam təkliflərində azalma var. Bu azalma televiziyalara nisbətən radiolarda daha çox müşahidə olunur. O, hətta hazırda radioların ciddi azaldığını söyləyib.

Mələk Heydərova, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mələk Heydərova işdən çıxarılıb?

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiyanın reklam bazarına təsiri telekanallardan yan keçməyəcək: “Azərbaycanda dövlət televiziyası, İctimai Televiziya dövlətin ayırdığı vəsaitlə maliyyələşir. Amma bu gün ölkəmizdə xeyli sayda müstəqil telekanal da var. Onlara biz müstəqil kanal desək də, həmin telekanallar kommersiya televiziyalarıdır. Onların büdcəsi 100 faiz reklamdan formalaşır. Sözsüz ki, reklam bazarındakı mövcud vəziyyət reklam yayımlarını azaldacaq. Bu isə öz növbəsində telekanallarda rəngarəngliyə, keyfiyyətə təsirsiz ötüşməyəcək. Çünki həm xəbərlər proqramının, həmçinin də müxtəlif verilişlərin hazırlanması üçün komanda çalışır. Onların bir neçəsinin azlığı mütləq şəkildə hazırlanan materiala, süjetə, verilişə təsir göstərir. Odur ki, mən çox istərdim ki, dövlət müstəqil telekanallara da ən azı pandemiya dövründə dəstək göstərsin. Çünki dövlətimizin müstəqil qəzetlərə yardımla bağlı təcrübəsi var. Bu təcrübəni pandemiya dövründə özəl televiziyalara da şamil etmək lazımdır. Çünki özəl televiziyalar da əhalinin maarifləndirilməsində böyük rol oynayır. Bəzilərinin tamaşaçı kütləsi dövlətdən maliyyə alan telekanallardan çoxdur. Unutmayaq ki, maariflçilik işini ləngitmək olmaz!”

Televiziya üzrə ekspert Zeynal Məmmədli isə kommersiya telekanallarının belə büdcəsinin ancaq reklamlardan formalaşdığına əmin olmadığını söyləyir:

“Mən inanmıram ki, Azərbayacanda televiziyaların büdcəsi ancaq reklam gəlirlərindən formalaşır. Üstəlik, telekanallar işçilərinə o qədər də yüksək maaş vermədiklərindən, reklamın azalması onlara ciddi təsir edə bilməz. Amma pandemiya davam edərsə, telekanallarda verilişlərin çəkilişi və sair müəyyən müddətə təxirə salına bilər. Belə halda telekanalların verilişlərin köhnə buraxılışlarını yaymaqla vəziyyətdən çıxması mümkündür”.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2019-cu ilin göstəricilərinə əsasən, 25 yerli televiziya kanalı, 12 yerüstü, peyk və kabel üsulu ilə yayımlanan ümumölkə televiziya kanalları olub.

Xəbər lenti
0