CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələcəyimiz necə qorunacaq: Hüquqi boşluq ortadan qaldırılıb, qalıb əməli iş

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiBakı məktəblərin birində tədris prosesi, arxiv şəkli
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik üzrə ekspert qeyd edir ki, məktəblərdə təhlükəsizliyin təmin edilməsi təkcə qapıya bir nəzarətçinin qoyulması ilə həll edilmir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Ümumtəhsil müəssisələrində mühafizə xidmətinin təşkili hər zaman diqqət mərkəzində olan məsələ olub. Amma uşaqların təhlükəsizliyinin təmin edilməsi haqqında xüsusi bir qayda olmadığı üçün bunu məktəb direktorları müxtəlif formalarda həyata keçirirdilər.

Мальчик в защитной маске, фото из архива - Sputnik Azərbaycan
ELM
Məktəb, koronavirus və D vitamini - "Təhlükə qala-qala tədris bərpa olunmayacaq"

Lakin pərakəndə təhlükəsizlik təminatı artıq geridə qalıb. Bir müddət öncə Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası"nı təsdiq edib.

Bu qaydalara görə, mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri tərəfindən "həyəcan" siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sahələrdə təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına ehtiyac var. Çünki orda baş verən hər hansı neqativ hadisə cəmiyyətdə narahatlığa səbəb olur.

Ekspert qeyd edir ki, məktəblərdə təhlükəsizliyin yüksək səviyyədə olması cəmiyyət üçün çox önəmlidir. Təhsil alan uşaqların hər hansı hadisə vaxtı müstəqil qərar qəbul etmək iqtidarında olmaması, ətrafında baş verən neqativ hadisələrə reaksiyası və özləri üçün gələ biləcək təhlükələri analiz edərək, düzgün qərar vermək qabiliyyətinin hələ tam formalaşmaması, məktəblərdə təhlükəsizlik məsələsinə daha ciddi yanaşmanın vacib olduğunu göstərir.

"Hesab edirəm ki, buna görə məktəblərdə təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq lazımdır. Məktəblərdə təhlükəsizliyin təmin edilməsi təkcə qapıya bir nəzarətçinin qoyulması ilə həll edilmir. Onu da qeyd edim ki, hətta nəzarətçi də bütün məktəblərdə yoxdur. Elə məktəblər var ki, onları DİN-in mühafizə polisi qoruyur, elə məktəblər var ki, onlar özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərlə müqavilə bağlayıb, məktəbin mühafizəsini təmin edir. Elə məktəblər də var ki, onlar qapıya özlərinin işçisi olan gözətçini, yaxud digər sahədə işləyən birini qoymaqla mühafizəni təşkil edirlər", – deyə ekspert bildirib.

E.Nurəliyev qeyd edib ki, təhlükəsizlik kompleks görülən tədbirlər planıdır. Bəzi məktəblər bunu öz daxili vəsaitləri hesabına edirlər. Çox zaman bəzi məktəblərdə valideyn komissiyalarının könüllü təşəbbüsü ilə müəyyən məbləğin qarşılığında məktəblərdə mühafizə təşkil edilir: 

Eyyub Hüseynov - Sputnik Azərbaycan
Hansı geyimlər məktəblilərin sağlamlığı üçün təhlükəlidir – ekspert danışır
"Müəllimlərin də təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var. Çünki fövqəladə vəziyyətdə onların üzərinə böyük məsuliyyət düşür. Onlar xilasetmə qrupları gələnə qədər vəziyyəti nəzarətdə saxlamalıdırlar. Təbii ki, bunun üçün onlarda ilkin biliklərin olması vacibdir. Məktəblərdə mütəmadi olaraq həyəcan siqnalları verilməklə praktiki olaraq uşaqlara bu təlimlərin keçirilməsi zəruridir. İdman və əmək dərslərinin müəyyən saatlarında bu cür təlimlər keçirilsə, uşaqların yaddaşında daha yaxşı qalar və fövqəladə vəziyyətdə nə etmək lazım olduğu haqqında məlumatlı olarlar".

E.Nurəliyev deyir ki, ümumtəhsil müəssisələri çoxdur və bunların hamısının polis nəfərləri tərəfindən qorunması mümkün deyil.

"Ancaq bu təhsil müəssisələrində bir milyondan çox uşağın təlim , tərbiyə, təhsil aldığını nəzərə alsaq onların təhlükəsizliyinin necə vacib olduğunu başa düşmək mümkündür. Məktəblərdə baş verən hər hansı neqativ hadisələr uşaqlara həm mənəvi, həm də psixoloji təsir edir və onlarda silinməz izlər buraxır. Bu səbəbdən də məktəblərdə baş verən xoşagəlməz hadisələri minimuma endirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq lazımdır. Heç kim hadisədən sığortalanmayıb. Ancaq düzgün nəzarət mexanizmi qurmaqla baş verə biləcək hadisələrdən qorunmaq olar", – deyən ekspert vurğulayıb ki, məktəblərdə həm məktəblinin fiziki olaraq qorunması, həm texniki təhlükəsizlik, həm əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar gigiyenik təhlükəsizliyi, qida təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyinin tətbiqi ilə şagirdlərin təhlükəsizliyini təmin etmək olar.

Ekspert Nazirlər Kabinetinin verdiyi qərarın əhəmiyyətli olduğunu qeyd edərək əlavə edib ki, məktəblərdə mühafizəçilərin olması da vacibdir: "Məktəblərdə mühafizəni həyata keçirən mühafizəçi tərəfindən dərs başlamamışdan qabaq məktəbin həyəti, binanın mərtəbələri yoxlanılmalı, uçuq-sökük yer varsa, insan həyatı üçün təhlükəli hallar aşkar edilərsə, məktəb rəhbərliyinə məlumat verilməli və bundan sonra tədbirlər görülməlidir. Hər gün məktəbdə hər mərtəbə üzrə müəllimlərdən növbətçiliyin təşkil olunması da önəmlidir. Bu zaman tənəffüs vaxtı şagirdlərə nəzarət artmış olar".

Mütəxəssisin fikrincə, istifadə olunmayan siniflərin otaqlarının qapıları həmişə bağlı saxlanılmalıdır. İdman dərslərində soyunub-geyinmə otaqlarına, sanitar qovşaqlara xüsusi nəzarət olmalıdır.

"Bəzi məktəblərdə azyaşlılar ilə yuxarı sinifdə oxuyanlar eyni sanitar qovşaqdan, soyunub-geyinmə otağından istifadə edir. Bu düzgün deyil", – deyə vurğulayan ekspert bildirib ki, əsas məsələlərdən biri də aşağı sinifdə oxuyan şagirdləri müəllimlərin valideynlərinə birbaşa təhvil verməsidir.

Xəbər lenti
0