03:14 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (319)
41710

"Statistikanı verən əlaqədar qurum da nəzərə almalıdır ki, ölən insanların yaşı qeyd edilməməlidir. Çünki bu zaman cavanlarda da "mən gəncəm, mənə heç nə olmaz" kimi laqeydlik yaranır" – Ramin Hacıyev

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Ölkəmizdə tüğyan edən koronavirus pandemiyası bütün sahələrə öz zərərini vursa da, bu vəziyyətdən ən çox təsirlənən isə insan psixologiyasıdır. 

Bu gün insanların böyük əksəriyyəti müxtəlif formalarda psixoz, nevroz, panik atak və s. bu kimi psixoloji problemlər yaşayır.

Hər gün artan ölüm statistikası, dünyasını dəyişən xəstələrin daha çox yaşlı nəslin nümayəndəsi olması və bunun cəmiyyətə açıqlanması yaşlı insanların psixologiyasına ciddi şəkildə təsir göstərir. Belə ki, 55-65 yaşlı şəxslər, xüsusilə qadınlar heç bir əsas olmadan boğulmadan şikayət edir, panik atak yaşayırlar.

Bakı sakini, 58 yaşlı Gülmirə Əliyeva deyir ki, gecələr yatanda boğulur: "Nə hərarətim yüksəlir, nə qrip əlamətləri yaşayıram. Sadəcə gecə yatanda boğuluram. Ağlamaq tutur məni, səhərə qədər yata bilmirəm".

Vətəndaş deyir ki, bu hal onda yeniliklə yaranıb: "Xəstə insanların boğulma videolarına, yalvarışlarına, dəfn edilmələrinə baxırdım. Əvvəlcə elə bir təsir etməmişdi. Amma zaman keçdikcə yoluxmaq ehtimalını düşünməyə başladım. Maska taxırdım, ictimai nəqliyyatdan istifadə etmirdim, hara getsəm spirtdən istifadə edirdim. Yəni fikrimcə, yoluxma ehtimalım az olsa da, içimdə qorxu yaranmışdı. Xəstəliyin əlamətlərini internet üzərindən oxuduqca, özümdə də bu əlamətləri hiss etməyə başlayırdım. Amma bu əlamətlər keçici olurdu. Özümü gün ərzində yaxşı hiss edirəm, ara-sıra boğulmalarım olur. Amma axşam tək qalan kimi boğulma artır. Mənə elə gəlir ki, öləcəyəm".

Qadının şikayətlərini şərh edən psixiatr Ramin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hallar psixoz vəziyyətinin əlamətləridir. Yəni insanlar bir xəstəlik haqqında daha çox məlumata sahib olduqca, o xəstəliyi psixoloji baxımdan özündə yaşamağa başlayır.

Onun sözlərinə görə, bu hallar daha çox yaşlı və tək yaşayan insanlarda özünü biruzə verir.

"Həyatda daha çox sıxıntılı vəziyyətlərə düşən, ağır vəziyyətlər yaşayan, itkiləri çox olan, həyata və başqalarına güvəni olmayan insanlar daha çox bu vəziyyətə düşür" – deyən mütəxəssis qeyd edir ki, bu halla daha çox qadınlar qarşılaşır.

Psixiatr bildirir ki, bu günlərdə belə insanları tək buraxmaq olmaz. Çünki onlar psixoloji sıxıntıdan ürək çatışmazlığı yaşaya və hətta intihar edə bilərlər: "Yaxınlarınıza bu zamanlarda daha çox zaman ayırın. Onlara qarşı diqqətli olun. Tez-tez ziyarət edin. Yaxınınızın belə hal yaşayıb-yaşamadığını bilmək üçün bəzi nüanslara fikir vermək lazımdır. Evinə getdiyiniz zaman ev səliqəsizdirsə, evdən qoxu gəlirsə, qab-qacaq yığılıb qalıbsa, yaxınınız çirkli geyimdədirsə, bütün bunlar onun ruhi vəziyyətindən xəbər verir. Belə halda onu tək buraxmamalısınız. Onunla dost kimi söhbət edib, vəziyyəti öyrənməyə çalışın. Bunun üçün elə hazırkı vəziyyətə olan düşüncələrini öyrənməklə başlaya bilərsiniz. Danışın, fikirlərini öyrənin və öz düşüncələriniz və olmuş hadisələri danışaraq onu sakitləşdirməyə çalışın".

R.Hacıyev bildirir ki, yaşlı şəxs rahatlıqla küçəyə çıxa, istədiyi yerə gedə bilmirsə, depressiv vəziyyətə düşə bilər. Özünü həbs edilmiş kimi hiss edən yaşlı şəxs bunu öz davranışları ilə hiss etdirə bilər.

Onun sözlərinə görə, 50 yaşından sonra insanlar tənhalıq və ölüm qorxusu yaşamağa və həyatla daha ehtiyatlı davranmağa başlayırlar. Məhz elə buna görədir ki, koronavirus pandemiyası yayıldıqdan sonra yaşlı insanlar depressiya düşüb və ölüm qorxusu yaşayırlar.

R.Hacıyev yaşlıları bu vəziyyətdən qorumaq üçün bir neçə addımın atılmasını tövsiyə edir: "Onları sosial şəbəkələrdən, xəbərlərdən uzaq tutun. Daha çox əyləncəli proqramlara baxmalarına şərait yaradın. Yanlarında xəstəlik və ölüm barədə danışmayın. Diqqətli olun ki, koronavirus statistikalarını oxumasınlar. Xüsusən də vəfat etmiş insanların yaşı haqqında məlumatlı olmasınlar. Bacardıqca xəstəliyin qaydalara əməl edilmədiyi təqdirdə yayıldığını izah edin".

Psixiatr qeyd edir ki, koronavirus statistikaları verilən zaman ölən insanların yaşı verilməməli və hər dəfə israrlar "daha çox yaşlı insanlar təsirlənir, daha çox yaşlı insanlar qorumalıdır, daha çox yaşlı insanlar ölür" fikirləri qeyd edilməməlidir. Əks təqdirdə, yaşlı insanlar psixoloji xəstəliklərin yaratdığı xəstəliklərdən əziyyət çəkəcəklər.

"Bunu statistikanı verən əlaqədar qurum da nəzərə almalıdır. Ölən insanların yaşı qeyd edilən zaman cavanlarda da "mən gəncəm, mənə heç nə olmaz" kimi laqeydlik yaranır. Bu kimi digər məqamlara da diqqət yetirilməlidir", – deyə o bildirib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (319)

Əsas mövzular