04:46 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
30820

Ekspert: "Əgər vətəndaşın bankda həm krediti, həm də əmanəti varsa, bu əmanət hesabına kredit bağlanmalı və yerdə qalanı isə geri qaytarılmalıdır. Bununla bağlı mexanizmin hazırlanmasına ehtiyac var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə 17 iyun 2020-ci il tarixinə "Kapital Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə 61,6 milyon manat kompensasiya ödəyib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilib.

Açıqlamaya görə, ləğv prosesində olan "Atabank" ASC və "Amrahbank" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. Ləğv prosesində olan "AG Bank" ASC və "NBC Bank" ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Bəs, əmanətlərin qaytarılmasında çətinliklər varmı? Vətəndaşlar əmanətlərini vaxtı-vaxtında geri ala biləcəklərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, əmanətlərin qaytarılmasında ən böyük çətinlik Əmanətlərin Sığortalanması Fondunda vəsaitin olmaması idi: "Bunun üçün Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna 480 milyon manat məbləğində kredit ayrılıb. Bundan öncə də belə bir hal yaşanmışdı. 500 milyon manata yaxın vəsait Əmanətlərin Sığortalanması Fonduna köçürülmüşdü. Yəni son 2 ildə Mərkəzi Bank Fonda təxminən 1 milyard manata yaxın vəsait köçürüb. İndiki vəziyyətdə Fond tərəfindən bu vəsaitin Mərkəzi Banka qaytarılması da mümkün deyil".

Onun sözlərinə görə, əmanətlərin geri qaytarılmasında əsas problem əvəzləşmə ilə bağlıdır: "Vətəndaşlar var ki, bağlanan 4 bankda həm krediti var, həm də əmanəti var. Bu kreditlər əmanətlər girov qoyularaq götürülüb. İndi həmin vətəndaşlar müraciət edirlər ki, kreditlərini qoyduqları əmanətlər hesabına bağlasınlar və qalan əmanəti isə geri alsınlar. Amma ləğvetmə komissiyaları deyir ki, öncə kredit bağlanmalıdır, sonra əmanətin geri qaytarılması ilə bağlı qərar veriləcək. Bu, yanlış yanaşmadır. Onlarla, yüzlərlə vətəndaş bundan əziyyət çəkir. Əgər vətəndaşın bankda həm krediti, həm də əmanəti varsa, bu əmanət hesabına kredit bağlanmalı və yerdə qalanı isə geri qaytarılmalıdır. Bununla bağlı mexanizmin hazırlanmasına ehtiyac var".

Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulması məsələsindən də danışan ekspert bildirib ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faizdir: "12 faizdən yuxarı əmanət yerləşdirilirsə, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi pozulmuş hesab edilir. Əgər banklar əmanəti sığortasız qəbul edibsə, məsuliyyəti bank daşımalıdır. Çünki banklar müştəriyə təkliflər verir. Bir sıra hallarda müqavilələr bağlanarkən vətəndaş müqaviləni oxumadan imzalayır. Və fors-major vəziyyətlərdə bir çox hallarda həmin müqaviləyə görə vətəndaş günahkar bilinir. Əslində bu da doğru deyil, çünki məsuliyyətin bölgüsü belə olmamalıdır. Müqavilədə xəbərdarlıqlar olmalıdır".

"Məsələn, müqavilədə xəbərdarlıq edilməlidir ki, əgər müştəri sığortalanan faizdən yuxarı faizlə əmanət qoyacaqsa, bank buna heç bir cavabdehlik daşımır. Bu, yazılı şəkildə olmalıdır. Əgər bu xəbərdarlıq olmayıbsa, problemi təkcə vətəndaşın üzərinə yükləmək olmaz, banklar da bu məsələdə məsuliyyət daşıyır. Çünki yüksək faiz dərəcəsini banklar təklif edir, vətəndaş yox" – deyə o qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, indiyədək qorunan əmanətlərin geri qaytarılmasında problemin olduğunu müşahidə etməmişik: "Əmanətlərin qaytarılması kifayət qədər vaxt aparan bir prosesdir. Qanunvericiliyə görə, bankın lisenziyasının ləğv edilməsindən sonra əmanətlərin qaytarılmasına başlanması üçün 3 ayadək vaxt var. Amma əmanətlərin qaytarılması prosesi tez başlayıb. Burada müraciətlərin sayını da nəzərə almaq lazımdır ki, kifayət qədər çox müraciətlər var. Pandemiya dövrüdür, qurumlar tam gücü ilə işləyə bilmir. Bu şərtlər daxilində prosesin başa çatması vaxt alacaq. Yəni 1 ilə qədər vaxt var. Narahat olmağa ehtiyac yoxdur. İnsanlar çalışırlar ki, qısa zamanda öz əmanətlərini geri alsınlar. Bu prosesdə bütün iştirakçılar əmanətlərini geri ala biləcəklər. İndi bunun nə qədər vaxt aparacağı texniki məsələdir. Amma birmənalı şəkildə qorunan əmanətlərin geri qaytarılmasında problem olmayacaq".

Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulması məsələsinə də toxunan ekspert bildirib ki, bizdə qorunmayan əmanətin yalnız bir parametri var və bu da faiz dərəcəsidir: "İndi məbləğin əhəmiyyəti yoxdur, 2016-cı ildən 30 min manat limiti aradan qaldırılıb. Vətəndaşın qoyduğu bütün əmanət sığortalanır, o halda ki, qanunvericilik ilə müəyyən edilmiş faizlərə uyğun olsun. 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%-dək qaldırılıb. Xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 2,5% təşkil edir. Əgər vətəndaş bundan yuxarı faizlər ilə banka əmanət yerləşdirirsə, bu, qorunan əmanət deyil".

Əsas mövzular